Bizi sosial şəbəkələrdən izləyin:
Amerika Birləşmiş Ştatları mayın 20-də Sakit okean akvatoriyası üzərində döyüş başlığı olmayan "Minuteman III" qitələrarası ballistik raketinin növbəti sınaq uçuşunu həyata keçirəcək.
Moderator.az xəbər verir ki, bu məlumatı ABŞ Hərbi Hava Qüvvələri yayıb.
"Raketlərin sınaq buraxılışları proqramının əsas məqsədi silah sistemlərinin dəqiqliyini, hazırlıq səviyyəsini və səmərəliliyini yoxlayaraq təsdiqləməkdən ibarətdir", - deyə açıqlamada bildirilir.
Həmçinin qeyd olunur ki, həyata keçiriləcək bu test çoxdan planlaşdırılıb və qlobal miqyasda cərəyan edən heç bir hadisə ilə əlaqəli deyil.
Buraxılış prosesi Kaliforniya ştatında yerləşən Vandenberq Kosmik Qüvvələr bazasından Kvadjaleyn atollu (Marşall adaları) yaxınlığındakı ABŞ-yə məxsus Sakit okean raket poliqonuna doğru reallaşdırılacaq. Raketin uçuş məsafəsi təxminən 6,8 min kilometr olacaq.
Qeyd edək ki, fəaliyyət radiusu 12 min kilometr olan "Minuteman III", ABŞ-nin strateji nüvə qüvvələri arsenalında yeganə qitələrarası ballistik raket sayılır. Hazırkı dövrdə ABŞ-nin ixtiyarında bu tipli 400 raket mövcuddur.