Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin Bodrum Şəhər Məhkəməsi 2023-cü ildə iki Rusiya vətəndaşının qətlində ittiham olunan Litva vətəndaşı Andrey Kuşleviç barəsində ikiqat ömürlük həbs qərarı çıxarıb.
Moderator.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Məhkəmə iclası mayın 13-də keçirilib. Təqsirləndirilən şəxs tərcüməçi vasitəsilə ifadə verərək günahını etiraf etməyib və qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
Məhkəmə Andrey Kuşleviçi keçmiş həyat yoldaşı İrina Dvizovanın və övladının qəsdən, ağırlaşdırıcı hallarla qətlə yetirilməsinə görə ikiqat ömürlük həbs cəzasına məhkum edib. Hökmün yüngülləşdirilməyəcəyi və ya şərti azadlıqla əvəz edilməyəcəyi xüsusi vurğulanıb. Kuşleviçin vəkilinin sözlərinə görə isə iş materiallarında kifayət qədər sübut yoxdur və hökm ehtimallara əsaslanaraq çıxarılıb.
Xatırladaq ki, Bodrumda yaşayan və daşınmaz əmlak sahəsində çalışan 42 yaşlı İrina Dvizovanın və onun 15 yaşlı qızının meyitləri 2023-cü il noyabrın 28-də aşkarlanıb. Türkiyə mediasının məlumatına görə, yaxınları noyabrın 23-də onlarla əlaqə saxlaya bilməyib və evdə qan izləri gördükdən sonra polisə müraciət ediblər.
Müşahidə kameralarının görüntüləri əsasında polis evdən uzaqlaşan avtomobili izləyib. Nəticədə İçmələr rayonunda, yol kənarında mələfəyə bükülmüş və kəndirlə bağlanmış iki meyit tapılıb. Məlumata görə, Dvizovanın bədənində üç, qızının bədənində isə iki güllə yarası aşkarlanıb.
İstintaq materiallarında qeyd olunur ki, şübhəli şəxs cinayətdən sonra silahı zibil konteynerinə atıb, daha sonra isə Türkiyəni tərk edərək Litvaya qaçıb. Mətbuatın yazdığına görə, Dvizova ilə keçmiş əri arasında uşağın qəyyumluğu ilə bağlı mübahisə olub. Hələ 2022-ci ildə məhkəmə keçmiş həyat yoldaşı barəsində qadağanedici qərar çıxarmışdı.