Dünya
285
18:00, Bu gün

"Bu dönüş nöqtəsidir": müharibədə təşəbbüs Ukraynanın tərəfinə keçir" - "The Economist"

"Kiyev həm cəbhədə, həm də dron hücumlarında Rusiyaya getdikcə daha ağır zərbələr endirir..."

Bu il Moskvada keçirilən 9 May paradı əvvəlki illərlə müqayisədə daha zəif və rəmzi baxımdan uğursuz alınıb.

Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.

Qırmızı  Meydandakı zəif parad Kremlin durumunu göstərdi

Nəşr yazır ki, son 20 ildə ilk dəfə Qırmızı Meydandan tanklar və ağır texnika keçməyib. Nəşrin fikrincə, bu mənzərə təkcə paradın deyil, ümumilikdə Rusiyanın müharibədəki vəziyyətinin göstəricisinə çevrilib. Məqalədə vurğulanır ki, təxminən üç ildən sonra ilk dəfə təşəbbüs Ukraynanın tərəfinə keçir.

Bildirilib ki, Rusiyanın gözlənilən yaz hücumu nəticə verməyib və aprel ayında Rusiya ordusu 2024-cü ilin avqustundan bəri ilk dəfə ərazi itkisi ilə üzləşib. Amerikanın Müharibənin Öyrənilməsi Institutunun (IŞW) məlumatlarına əsasən, son 30 gündə Rusiya 113 kvadrat kilometr əraziyə nəzarəti itirib.

FPV-dronlar cəbhədə vəziyyəti dəyişir

Məqalədə qeyd olunur ki, Rusiyanın aylıq itkiləri artıq 35 min nəfərə çatır və canlı qüvvə itkisi yeni səfərbərlik imkanlarını üstələməyə başlayır. Nəşrə görə, bunun əsas səbəbi FPV-dronların geniş tətbiqidir. Bu dronlar həm əsgərləri birbaşa izləyir, həm də yaralıların təxliyəsini çətinləşdirir. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, artıq demək olar hər yaralı rus hərbçisinə qarşı iki ölü düşür.

Rus hərbçiləri xüsusilə Ukraynanın yeni səssiz və süni intellektlə idarə olunan dronlarından şikayət edir. Bu aparatların radio maneələrinə qarşı optik lif kabellərlə işlədiyi bildirilir. London Kral Kollecinin professoru Lourens Fridman hesab edir ki, hazırkı vəziyyət müharibədə dönüş nöqtəsinə bənzəyir: "Əgər ruslar bu qədər hücuma baxmayaraq nəticə əldə etməsələr, bəzi istiqamətlərdə hər şey dağılmağa başlaya bilər", - o bildirib.

Ukrayna artıq Rusiya daxilinə qədər zərbə vurur

Nəşr yazır ki, Ukraynanın orta və uzaqmənzilli dron hücumları da Rusiyaya ciddi problemlər yaradır. Hədəflər arasında sursat anbarları, radar sistemləri, komanda məntəqələri və hərbi texnika toplama zonaları var. Mart ayında Ukrayna ilk dəfə uzaqmənzilli dron hücumlarının sayına görə Rusiyanı geridə qoyub. Hücumlar artıq sərhəddən təxminən 2 min kilometr uzaqlıqdakı ərazilərə qədər çatır. 

Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin analitiki Set Cons bildirib ki, Rusiya bu hücumlardan tam müdafiə oluna bilmir: "Onların bir çox bölgədə lazımi nöqtəvi müdafiə sistemi yoxdur", - ekspert deyib. Bununla belə, analitiklər hesab edir ki, yaxın aylar həlledici olacaq.

Əsas məsələ Rusiyanın Ukraynanın dron təzyiqinə tab gətirib-gətirməyəcəyi və Kremlin yay aylarında yeni böyük hücum hazırlayıb-hazırlamamasıdır. Bu arada ISW analitikləri Vladimir Putinin "müharibənin tezliklə bitəcəyi" ilə bağlı açıqlamasının daha çox ictimai rəyə hesablandığını və Moskvanın real şəkildə müharibəni dayandırmağa hazır görünmədiyini bildiriblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər