ABŞ-də miqrantlar ölkəni könüllü tərk edirlər
Dünya
141
14:10, Bu gün

ABŞ-də miqrantlar ölkəni könüllü tərk edirlər

Donald Tramp administrasiyasının miqrasiya qaydalarını sərtləşdirməsi nəticəsində ölkədə yaşayan miqrantların öz istəkləri ilə ABŞ-ni tərk etməyə razılıq verməsi halları artıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin "Vera Institute of Justice" qeyri-kommersiya qurumunun hazırladığı yeni hesabatda qeyd olunur.

Ekspertlərin hesablamalarına əsasən, mühacirlərin ABŞ-ni könüllü şəkildə tərk etməsinə dair razılaşmaların sayı iki ildə təqribən 11 dəfə artaraq 8800-ü keçib. Sözügedən proses mühacirlərin rəsmi deportasiya hökmü çıxarılmadan, şəxsi vəsaitləri hesabına ölkədən çıxmağı qəbul etdiyi hüquqi mexanizmi əhatə edir.

D.Trampın ikinci hakimiyyət dövründə könüllü gedişə razı olan şəxslərin 70 faizindən çoxu xüsusi miqrasiya təcridxanalarında saxlanılanlardır. Araşdırma göstərir ki, həmin şəxslərin 86 faizi ölkədən çıxarılma barədə göstəriş alıb (bunun 55 faizi məcburi deportasiya, 31 faizi isə könüllü gediş formasında olub). Müqayisə aparsaq, Co Baydenin idarəçiliyinin ikinci yarısında sözügedən göstərici 52 faiz təşkil edirdi (47 faiz deportasiya əmri, 5 faiz isə könüllü gediş qərarı).

Sənədin tərtibatçıları yaranmış bu mənzərəni miqrasiya xidmətləri və məhkəmə instansiyalarının təzyiqlərinin artması ilə izah edirlər. Qurum əlavə edir ki, vəzifəyə yeni gələn miqrasiya hakimləri öz işində təcrübəli olanlarla müqayisədə könüllü gediş qərarlarını təsdiq etməyə daha çox üstünlük verirlər.

Xatırladaq ki, Tramp seçki marafonu ərəfəsində hakimiyyətə qayıdacağı təqdirdə ABŞ tarixində qeyri-qanuni mühacirlərə qarşı ən kütləvi deportasiya prosesini başladacağını vəd etmişdi. "The Washington Post" nəşrinin xəbərinə əsasən, Tramp hökuməti yeni rəhbərliyin ilk ilində təqribən 1 milyon mühaciri ölkədən xaric etməyi hədəfləyib. 2025-ci il ərzində ABŞ Dövlət Departamenti 8 minə yaxını tələbə vizası olmaqla, ümumilikdə 100 mindən çox əcnəbinin viza sənədini ləğv edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər