Ukrayna səkkiz gün ərzində ikinci dəfə Rusiyanın Permdəki "Lukoil"ə məxsus neft emalı zavoduna PUA hücumu edib, tələfat qeydə alınmayıb.
Moderator.az "RBC-Ukrayna" nəşrinə istinadla xəbər verir ki, bu barədə Perm vilayətinin qubernatoru Dmitri Maxonin danışıb.
"Bu gün Perm ərazisindəki sənaye zonasına Ukraynaya məxsus pilotsuz uçuş aparatı ilə hücum edilib. Müəssisə əməkdaşları sığınacaqlara yerləşiblər. Heç kim xəsarət almayıb və ciddi dağıntı qeydə alınmayıb. Vətəndaşların həyatı və səhhəti üçün heç bir təhlükə yoxdur", - deyə Qubernator öz bəyanatında qeyd edib.
Vilayət rəhbəri heç bir kimyəvi təhlükənin mövcud olmadığını, regionda PUA təhlükəsinin isə davam etdiyini bildirib.
Qeyd edək ki, Rusiyanın Perm şəhərində fəaliyyət göstərən "Lukoil-Permnefteorgsintez" (PNOS) ölkənin ən nəhəng neft emalı müəssisələrindən biridir. "Lukoil" Qrupuna daxil olan bu zavod il ərzində 13 milyon tondan artıq neftin emalını həyata keçirərək benzin, dizel, təyyarə yanacağı və sürtkü yağları istehsal edir.