"İran kartı, parçalanan sağ blok və liderlik böhranı fonunda Netanyahunun seçki strategiyası sınağa çəkilir..."
İsrailin baş naziri Benyamin Netanyahu növbəti seçkilərə doğru yenə klassik strategiyasına qayıdır, bu da daxildəki böhranı xarici uğurla örtməkdən ibarətdir.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
Xarici "uğur" axtarışı və daxili xaos
Nəşr yazır ki, İsrailin baş naziri Benyamin Netanyahu növbəti seçkilərə doğru mürəkkəb və ziddiyyətli bir siyasi mənzərə ilə üz-üzədir. Hakimiyyət düşərgəsində xaos, sağ blok daxilində parçalanma riski və cəmiyyətdə dəyişən əhval-ruhiyyə fonunda o, çıxış yolunu ənənəvi taktikasında - xarici siyasətdə uğur qazanaraq bunu daxili siyasi kapitala çevirməkdə görür.
Hakim "Likud" partiyası daxilində vəziyyət getdikcə qarışır. Sağ blokda parçalanma riski artır, yeni siyasi təşəbbüslər səsləri bölür, keçmiş "Likud" fiqurlarının iştirakı ilə yeni partiya ehtimalı isə fonu daha da gərginləşdirir. Xüsusilə Betsalel Smotriç ətrafında yaranan qeyri-müəyyənlik və sağ düşərgədə çoxsaylı oyunçuların meydana çıxması Netanyahunun ən böyük probleminə çevrilir.
Sorğular və liderlik itkisi riski
Son ictimai rəy sorğuları Netanyahunun mövqeyinin əvvəlki qədər möhkəm olmadığını göstərir. Onun əsas rəqibləri kimi Naftali Bennet və Qadi Eyzenkot önə çıxır. Bir sıra müqayisəli nəticələrdə həm Bennet, həm də Eyzenkot Netanyahudan daha "uyğun baş nazir" kimi qiymətləndirilir. Bu isə sağ blok daxilində liderlik monopoliyasının zəiflədiyini göstərir. Eyni zamanda fərqli ssenarilərdə Netanyahu bəzən qalib, bəzən isə uduzan tərəf olur ki, bu da seçicinin qərarsızlığını artırır.
İran kartı və daxili ideoloji gərginlik
Belə bir vəziyyətdə Netanyahu diqqəti yenə xarici siyasətə yönəldir. İran istiqamətində mümkün "uğur hekayəsi" seçki kampaniyasının mərkəzinə çevrilə bilər. Onun ABŞ siyasi xətti, xüsusilə Donald Tramp ilə münasibətləri də bu strategiyanın hissəsi kimi qiymətləndirilir.
Eyni zamanda daxildə başqa bir proses - dini təsirin artması dərinləşir. Bu, artıq təkcə siyasət deyil, İsrail Müdafiə Qüvvələri daxilində belə özünü göstərir və sekulyar-dini gərginliyi artırır. Nəticə isə dəyişmir: Netanyahu bir tərəfdən İranla "qələbə narrativi" qurmağa çalışır, digər tərəfdən isə parçalanan sağ blok, zəifləyən reytinq və gərgin cəmiyyətlə üz-üzədir.