"Berlinin tərəddüdü fonunda Avropa liderlik boşluğu ilə üz-üzə qalır..."
Avropa qlobal arenada təsirini itirir və bu şəraitdə Almaniyanın liderlik rolu daha da aktuallaşır.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Berliner Zeitung" nəşri yazır.
Avropa zəifləyir, Berlin isə tərəddüd edir
Nəşr yazır ki, Berlin öz imkanlarını dərk etmək əvəzinə zəif və tərəddüdlü mövqe sərgiləyir. Hələ 1990-cı illərdə tarixçi Hans-Peter Şvarts Almaniyanın xarici siyasətini "hakimiyyətə həddindən artıq meyldən" "hakimiyyətdən yayınmaya" keçid kimi xarakterizə etmişdi. Bu gün də oxşar vəziyyət müşahidə olunur: ölkə mövcud gücündən strateji şəkildə istifadə etmir.
Almaniya Avropanın əsas iqtisadi dayağı olaraq qalır - Avropa İttidaqı (Aİ) ÜDM-nin təxminən 25 faizi onun payına düşür. Bu isə Berlini istəsə də, istəməsə də "açar dövlət"ə çevirir. Lakin bu status məsuliyyət tələb edir və Almaniya bu məsuliyyəti tam şəkildə üzərinə götürmür.
Liderlikdən yayınma və itirilən imkanlar
Məqalədə qeyd olunur ki, Almaniya liderlik rolunu hegemonluq kimi deyil, koordinasiya və təşəbbüs qabiliyyəti kimi anlamalıdır. Öz gücündən istifadə etmək "böyüklük kompleksi" deyil, əksinə, zərurətdir. Vaxtilə kansler Helmut Kol məhz bu balansı qoruya bilmişdi.
Bu gün isə Berlin bir çox istiqamətdə passivdir. Avropanın təhlükəsizlik məsələlərində ABŞ-a etimadı azaldığı halda, Almaniya ümumi Avropa ordusunun yaradılması kimi təşəbbüslərdə aparıcı rol oynamır. Eyni zamanda enerji, rəqəmsal bazar və texnoloji suverenlik kimi sahələrdə də liderlik boşluğu hiss olunur.
Daxili problemlər Almaniyanı geri çəkir
Kansler Fridrix Mersin əsas diqqəti daxili islahatlara yönəlib. Sorğuların zəif nəticələri və daxili siyasi təzyiqlər onun xarici siyasətdə aktiv rol almasına mane olur. Nəticədə Almaniya beynəlxalq səhnədə təşəbbüskar deyil, daha çox hadisələrin axını ilə hərəkət edən tərəf kimi görünür. Tənqidçilər bildirir ki, Berlinin bu passivliyi bütövlükdə Avropa İttifaqını zəif və qeyri-müəyyən göstərir. "Almaniya xəstələnəndə, bütün Aİ zəifləyir" fikri də məhz bunu əks etdirir.
Avropanın taleyi liderlikdən asılıdır
Məqalə vurğulayır ki, Avropa qarşısında duran geosiyasi çağırışlar fonunda Almaniya daha qətiyyətli davranmalıdır. Aİ-nin institusional problemlərinin həlli, vahid strategiyanın formalaşdırılması və qlobal rəqabətdə geri qalmamaq üçün Berlinin aktiv rolu vacibdir. Əks halda, Almaniyanın "hakimiyyətdən yayınma" siyasəti yalnız özünü deyil, bütün Avropanı zəiflətməyə davam edəcək.