"Ukrayna münaqişəsi elə tənzimlənməlidir ki, sülh təmin edilsin və Avropada sabitlik bərpa olunsun. Onun uzanması nə münaqişə tərəflərinə, nə də Avropa ölkələrinə fayda gətirmir".
Moderator.az "Star" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Nazirin fikrincə, münaqişənin eskalasiyası riski qalmaqdadır. "Eskalasiya riski hələ də böyükdür. Müharibə coğrafi olaraq Avropa ölkələrindən birinə keçsə, nə olar? Müharibə sistemli şəkildə konvensional silahların istifadə mərhələsindən taktiki nüvəyə, sonra isə tam nüvə mərhələsinə keçsə, nə olar? Bu müharibə davam etdikcə, genişlənmə təhlükəsi də qalır", - deyə Fidan qeyd edib .
O xatırladıb ki, Ankara Ukrayna ilə bağlı danışıqlara dörd dəfə ev sahibliyi edib, ədalətli və davamlı sülhün əldə edilməsi üçün yenidən ev sahibi olmağa hazırdır.
"Ukrayna təkcə vasitəçilik üçün deyil, həm də Avropa təhlükəsizliyinin gələcəyi üçün sınaqdır", - deyə Fidan bildirib.