Gürcüstanın paytaxtı Tbilisidə 37 yaşlı azərbaycanlı turist İradə Quliyeva qətlə yetirilib.
Moderator.az bu barədə "Pirveli TV"yə istinadən xəbər verir.
Qeyd olunub ki, iki gün əvvəl Tbilisinin Mqaloblişvili küçəsində baş vermiş hadisə ilə ilə bağlı aparılan araşdırmalarda yeni faktlar ortaya çıxıb. İttiham tərəfinin versiyasına görə, hadisəni törətməkdə təqsirləndirilən İveri Eliava qurbanı ilə əvvəlcədən tanış olmayıb, onlar sosial şəbəkələr vasitəsilə tanış olduqdan sonra kişi görüş təyin edib.
Prokurorun bildirdiyinə görə, təqsirləndirilən şəxs qumar asılılığından əziyyət çəkib və bu səbəbdən ciddi maliyyə çətinlikləri, o cümlədən iri məbləğdə bank borcları olub. O, maddi vəsait əldə etmək məqsədilə İ.Quliyevanı öldürmək qərarına gəlib.
İlkin dindirmə zamanı cinayəti etiraf edən və motivi ətraflı izah edən İ.Eliava məhkəmə prosesində mövqeyini dəyişib. O, hazırda susmaq hüququndan istifadə edir və ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
Müdafiə tərəfi isə ittihamın versiyası ilə razılaşmır. Vəkil Zaza Buaçidzenin sözlərinə görə, hadisə yerində mübahisə və dava baş verib. Müdafiə tərəfi prokurorluğun cinayəti "tamah məqsədilə adam öldürmə" kimi qiymətləndirməsinə etiraz edir və qətlin əsl səbəbinin aydınlaşdırılması üçün əlavə istintaq hərəkətlərinin keçirilməsini tələb edir.
Qeyd edək ki, turizm məqsədilə Gürcüstan paytaxtına gedən 37 yaşlı İ.Quliyeva orada kirayə mənzildə qalırmış.