Rusiyada FTX məmurlara qarşı terror planını pozdu
Dünya
204
10:51, Bu gün

Rusiyada FTX məmurlara qarşı terror planını pozdu

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanları tərəfindən "Roskomnadzor" (Monitorinq və İdarəetmə Mərkəzi) rəhbərliyinə qarşı hazırlanan terror hücumunun qarşısının alındığını bəyan edib.
 
Moderator.az FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadla xəbər verir ki, Kiyev tərəfindən əməkdaşlığa cəlb olunan neofaşist ideologiyası tərəfdarları rəsmilərin maşınını partlatmağı planlaşdırıblar. Hadisə ilə bağlı yeddi nəfər şübhəli şəxs qismində həbs edilib, qruplaşmanın rəhbəri olduğu ehtimal edilən şəxs isə silahlı müqavimət zamanı məhv edilib.
 
İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı açıqlamada qeyd olunub:
 
"2026-cı il aprelin 18-də "Roskomnadzor" rəsmilərinə qarşı içərisinə partlayıcı yerləşdirilmiş avtomobilin partladılması yolu ilə həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısı alınıb".
 
FTX-nin məlumatına əsasən, Moskva, Ufa, Novosibirsk və Yaroslavl şəhərlərində həyata keçirilən tədbirlər zamanı Ukrayna kəşfiyyatı tərəfindən "Telegram" tətbiqi üzərindən əməkdaşlığa cəlb olunan, cinayətin hazırlıq mərhələsində iştirak edən yeddi ifrat sağçı və neofaşist baxışlı şəxs ələ keçirilib.
 
Mərkəzin verdiyi bilgiyə görə, qruplaşmanın başçısı olan 2004-cü il təvəllüdlü Moskva sakini saxlama əməliyyatı zamanı odlu silahla müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
 
Əməliyyat-axtarış tədbirləri gedişində şübhəlilərdən ümumi çəkisi 1 kiloqram olan əldəqayırma partlayıcılar, "F-1" tipli qumbara, səsboğucusu olan PM tapançası, iki ədəd qaz tapançası, rabitə vasitələri, neonasist simvolları və Ukrayna hərbiləşdirilmiş dəstələrinin nişanları götürülüb.
 
Həmçinin onlarda Rusiyada fəaliyyəti qadağan edilmiş Ukrayna təşkilatına qoşulma qaydalarını izah edən təlimatlar tapılıb. Qanunsuz silah və partlayıcı maddə saxlama faktları üzrə cinayət işləri başlanılıb, saxlanılan şəxslərə qarşı terror aktına hazırlıq maddəsi ilə ittihamın irəli sürülməsi məsələsi müzakirə olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər