Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? - VİDEO
Dünya
315
08:10, Bu gün

Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? - VİDEO

İran ətrafında baş verən son hadisələr bir daha göstərir ki, Tehran üçün danışıqlar yalnız diplomatik proses yox, həm də ciddi siyasi və psixoloji oyundur. İlk baxışdan ziddiyyətli görünən iki mesaja diqqət yetirək. Bir tərəfdən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirir ki, ölkə "təhdid kölgəsi altında" ABŞ ilə danışıqlara getməyəcək. Digər tərəfdən isə İranın yeni Ali Lideri Müctəba Xamenei İslamabadda keçiriləcək danışıqlara "yaşıl işıq" yandırır.
 
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
 
Bu ziddiyyət, əslində, təsadüfi deyil. Tehran burada incə balans qurmağa çalışır, həm daxili auditoriyaya, həm də xarici aktorlara mesaj verir ki, İran heç bir gücün təzyiqi altında danışıqlara getmir. Qalibafın sərt bəyanatları məhz bu məqsədə xidmət edir. Yəni Tehran ABŞ Prezidenti Donald Trampın təzyiq siyasətinə boyun əymir.
 
Eyni zamanda Müctəba Xameneinin danışıqlara "yaşıl işıq" yandırması İranın diplomatiyadan da imtina etmədiyini göstərir. Sadəcə olaraq Tehran istəyir ki, bu proses təzyiqin nəticəsi kimi yox, suveren qərar kimi təqdim olunsun. Bu isə klassik "ikixətli strategiya"dır.
 
Birinci xətt - ictimai ritorika: sərt, kompromissiz və müqavimət üzərində qurulub. İkinci xətt - pərdəarxası diplomatiya: real danışıqlar, kompromis axtarışı və vaxt qazanmaq məqsədi daşıyır.
 
Məhz buna görə də İran rəsmiləri bir tərəfdən danışıqları rədd edir, digər tərəfdən isə nümayəndə heyətinin Pakistana göndərilməsi ehtimalını açıq saxlayır.
 
Lakin məsələ təkcə xarici siyasət deyil. İran daxilində də ciddi fikir ayrılıqları mövcuddur. Xüsusilə SEPAH, yəni İnqilab Keşikçiləri Korpusu daha sərt mövqedə dayanır. Onlar hesab edirlər ki, ABŞ-nin dəniz blokadasının davam etdiyi müddətdə danışıqlar aparmaq zəiflik göstəricisi olardı. Digər tərəfdən isə diplomatik qanad, xüsusilə Xarici İşlər Nazirliyi və bəzi siyasi fiqurlar gərginliyin azaldılmasının tərəfdarıdırlar. Bu daxili balans, daha doğrusu, balanssızlıq qərarların gecikməsinə və ziddiyyətli açıqlamalara səbəb olur.
 
Vaşinqton isə tam fərqli yanaşma sərgiləyir. Onlar maksimalist tələblər irəli sürərək sürətli nəticə istəyirlər. Bu tələblər sırasında nüvə proqramının tam dayandırılması, zənginləşdirmənin sıfırlanması və hərbi infrastrukturların məhdudlaşdırılması da var. Tehran isə bu tələbləri faktiki olaraq "təslim sənədi" kimi qiymətləndirir.
 
Bütün bunların fonunda Pakistanın vasitəçilik rolu ön plana çıxır. İslamabad hər iki tərəf üçün nadir, etibarlı platformaya çevrilib və onun əsas məqsədi ən azı atəşkəsin uzadılmasıdır. Analitiklər hesab edirlər ki, hazırkı mərhələdə tam razılaşma real deyil. Ən real ssenari vaxt qazanmaq və müvəqqəti razılaşma əldə etməkdir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər