“Qurban - bıçağın altına qoyulan heyvan deyil. Qurban – qəlbin içində Allahdan başqa nə varsa, onu tədricən azaltmaqdır…”
“Qurani-Kərim bizə təkcə fərdi uğuru deyil, “yaxşılıqda yarışmağı” öyrədir. İnsan sadəcə öz gələcəyi üçün deyil, cəmiyyət üçün də bir məsuliyyət daşıyır. Və bu məsuliyyət təkcə böyüklərə aid deyil — övladların tərbiyəsinin özündə formalaşan bir yönəlişdir…”
“Bu gün biz uşaqlarımıza deyirik:
“Oxu ki, yaxşı işin olsun.” Ancaq insafla özümüzə sual verək: “Oxu ki, insanlara faydan olsun?” Bax bu
cümləni nə qədər deyirik?..”
“Hz. İbrahim (ə.s.) nümunəsi bizə başqa bir ölçü göstərir: o, övladını sadəcə “özünün gələcəyi” kimi görmədi. Onu Allahın yoluna yönələn bir missiyanın parçası kimi gördü. Bu, tərbiyənin ən yüksək forması idi — sahiblik deyil, əmanət şüuru…”
"Qurban – seçimdir. Qurban – səmimiyyətdir. Qurban – yaxınlaşmaqdır. Və hər kəsin qurbanı fərqlidir…"
Moderator.az aktuallığını nəzərə alaraq “Mənəviyyata pəncərə” nəşrində dərc olunmuş “NƏYİ QURBAN KƏSİRSƏN?” kəsirsən başlıqlı ibrətamiz məqaləni dəyərli oxucularımızın nəzərinə çatdırır.
“Allah bəzən bizdən pul istəmir.
Bəzən bir az anlayış istəyir.
Bir az dəstək.
Bir az səbir.
Bir az paylaşmaq.
Bir az “mən”dən vaz keçmək…
Çünki qurban yalnız kəsilən heyvan deyil. Qurban — Allah sevgisinin, insanın həyatında nə qədər yer tutduğunun göstəricisidir. Və bəlkə də ən böyük qurban… Allah üçün öz rahatlığından keçə bilməkdir.
İbrahimlərdən, Həcərlərdən bəhs etdik, bəs İsmaillər necə olacaq?..
Bu gün valideynlik anlayışı daha çox bir istiqamətə fokuslanıb: maddi gələcək və dünyəvi uğur. Biz övladlarımızın yaxşı təhsil almasını, peşə sahibi olmasını, sabit gəlir əldə etməsini, “həyatda ayaqda durmasını” istəyirik. Bunun üçün çalışırıq, yoruluruq, planlar qururuq. Amma burada dayanmadan soruşulmalı bir sual var: Biz övladımızın yalnız “nə qazanacağını” düşünürük, yoxsa “nəyə xidmət edəcəyini”? Çünki insanın dəyəri təkcə qazandığı pulla ölçülmür. Onun dəyəri — haraya dayandığı, kimə dayaq olduğu və hansı məqsəd uğrunda yaşadığı ilə də ölçülür…
Qurani-Kərim bizə təkcə fərdi uğuru deyil, “yaxşılıqda yarışmağı” öyrədir. İnsan sadəcə öz gələcəyi üçün deyil, cəmiyyət üçün də bir məsuliyyət daşıyır. Və bu məsuliyyət təkcə böyüklərə aid deyil — övladların tərbiyəsinin özündə formalaşan bir yönəlişdir.
Bu gün biz uşaqlarımıza deyirik:
“Oxu ki, yaxşı işin olsun.” Ancaq insafla özümüzə sual verək: “Oxu ki, insanlara faydan olsun?” Bax bu
cümləni nə qədər deyirik?..
Hamımız övladımız üçün bunu arzulayırıq: “Pul qazansın, rahat yaşasın.” Ancaq, “Dəyərlərin olsun, insanlara yük yox, dayaq ol?” fikrini nə qədər arzulayırıq…
Əslində valideynlik təkcə övlad yetişdirmək deyil. Valideynlik — məna daşıyan insan yetişdirməkdir. Bir övladın maddi uğuru var, amma mənəvi yönü yoxdursa, o uğur çox vaxt içi boş bir rahatlığa çevrilir. Amma bir övlad həm bacarıqlı, həm də dəyərlidirsa — o, artıq təkcə öz ailəsi üçün deyil, bütöv cəmiyyət üçün bir nəfəs olur…
Burada daha dərin bir sual ortaya çıxır: Biz övladlarımızı Allaha saleh bəndə, cəmiyyətə töhfə verən bir ruhlamı böyüdürük? Yoxsa sadəcə “özünü təmin edən insan” modelinə yönləndiririk?..
Hz. İbrahim (ə.s.) nümunəsi bizə başqa bir ölçü göstərir: o, övladını sadəcə “özünün gələcəyi” kimi görmədi. Onu Allahın yoluna yönələn bir missiyanın parçası kimi gördü. Bu, tərbiyənin ən yüksək forması idi — sahiblik deyil, əmanət şüuru…
Bu gün ən böyük qurbanlardan biri də bəlkə budur:
Övladımızın rahatlığını düşünərkən onun mənasını unutmaq. Halbuki bir insanın ən böyük qazancı təkcə dünyada qazandığı deyil… Onun arxasında buraxdığı xeyir, toxunduğu insan, dəyişdirdiyi həyatdır. Bəlkə də ən vacib sual budur: Biz övladımızı “uğurlu insan” kimi görmək istəyirik, yoxsa “faydalı insan” kimi?..
SEÇİM QARŞISINDA İNSAN…
Tarix bizə iki model təqdim edir:
1. Qabil modeli – artıq və dəyərsiz olanı vermək;
2. Habil modeli – ən yaxşısını seçib ixlasla təqdim etmək.
Hər bir insan bu iki yanaşmadan birini seçir. Bu seçim yalnız maddi qurbanla deyil, gündəlik həyatın bütün sahələrində özünü göstərir…
QURBAN - SADƏCƏ ƏT KƏSMƏK DEYİL…
İslam dini insanı yalnız fərdi şəkildə ibadət edən bir varlıq kimi yetişdirmir; eyni zamanda onu cəmiyyət içində məsuliyyət daşıyan, paylaşan, əlaqə quran və birlik ruhu formalaşdıran bir fərd kimi inşa edir. Bu baxımdan İslamda ibadətlər yalnız insanın Allahla münasibətini deyil, insanın insanla münasibətini də tənzimləyir…
Məhz buna görə İslam ibadət anlayışını məscidin divarları arasına həbs etmir. İbadət həyatın içinə daşır, sosial münasibətlərə çevrilir və insanları bir-birinə yaxınlaşdırır.
Namazın camaatla qılınması insanlara birlik şüuru qazandırır. Ramazanda eyni süfrə ətrafında açılan iftarlar paylaşma hissini gücləndirir. Zəkat və sədəqə cəmiyyət içində iqtisadi və vicdani tarazlıq yaradır. Həcc isə fərqli dillərdən, millətlərdən və coğrafiyalardan insanların eyni məqsəd uğrunda bir araya gəlməsinin simvoluna çevrilir…
Qurban ibadəti də bu sosial və mənəvi sistemin mühüm bir parçasıdır. Çünki qurban yalnız bir heyvanın kəsilməsi deyil; insanın paylaşma, yaxınlaşma və birlik duyğusunu yaşatmasıdır. Kəsilən qurbanın ətinin ailə, qohum, qonşu və ehtiyac sahibləri arasında bölüşdürülməsi İslamın sosial həmrəylik ruhunu ortaya qoyur. Beləcə, qurban sadəcə fərdi bir ibadət olmaqdan çıxır, cəmiyyətin müxtəlif təbəqələrini bir-birinə bağlayan mənəvi körpüyə çevrilir…
Müasir dövrdə insanların getdikcə fərdiləşdiyi, yalnızlaşdığı və sosial bağların zəiflədiyi bir zamanda qurban ibadəti yenidən “birlikdə yaşamaq” anlayışını xatırladır. İnsan öz süfrəsini paylaşdıqca yalnız başqasının qarnını doyurmur; həm də öz qəlbində mərhəmət, empatiya və qardaşlıq hissini diri saxlayır…
Bu səbəbdən qurbanı sadəcə “ət kəsmək” kimi görmək onun ruhunu daraltmaqdır. Qurban — paylaşmaqdır, yaxınlaşmaqdır, cəmiyyət olmaqdır…
QURBANIN QƏBULUNUN ƏSAS ŞƏRTİ…
Qurani-Kərimdə buyurulur:
" لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَٰكِنْ يَنَالُهُ التَّقْوَىٰ مِنْكُمْ
“Onların nə ətləri, nə də qanları Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar.” (Həcc, 37)
Bu ayə qurbanın əsas mahiyyətini açıq şəkildə ortaya qoyur: Qəbulun meyarı – təqva, ixlas və səmimiyyətdir…
NƏTİCƏ VƏ DÜŞÜNCƏ ÇAĞIRIŞI…
Qurban ibadəti hər il təkrarlanan bir ritual deyil; o, hər il yenilənən bir sualdır:
Mən nəyi qurban edə bilirəm?
Ən dəyərlimi Allah üçün ayıra bilirəmmi?
Təslimiyyətim nə qədər səmimidir?..
Əgər qurban yalnız zahiri əməl olaraq qalırsa, onun təsiri məhdud olur. Lakin o, daxili dəyişimin başlanğıcına çevrilərsə, insanın həyatında dərin iz buraxır.
Qurban bıçağın altına qoyulan heyvan deyil. Qurban – qəlbin içində Allahdan başqa nə varsa, onun tədricən azaltmaqdır…
Qurban – seçimdir. Qurban – səmimiyyətdir. Qurban – yaxınlaşmaqdır. Və hər kəsin qurbanı fərqlidir…
" قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِيa وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ
De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" (Ənam, 162)…