Getmişdik keçmişlə qol-boyun olmağa...
Cəmiyyət
254
08:33, Bu gün

Getmişdik keçmişlə qol-boyun olmağa...

Yusif Səmədoğlunun qardaşının Qarabulaqdakı adaşı deyir: "Görəsən, bizi cənnətə buraxacaqlar?"
 
Yusif Səmədoğlunu tanıyırsınız da! Ədəbi səltənıtimizin sütunlarından biridir. Tanıtmağa gərək yoxdur. Yeri behişt olsun!

Bax, o yazıçının da qardaşının adı Vaqifdi. Seyran Səxavətin də Vaqif adlı qardaşı var.

...Yağlıvənddə Damcı Bulaqdan qayıdanda Seyran Səxavət dedi: "Təkcə Yusif Səmədoğlu qəfildən deyə bilərdi: "Seyran, Vaqulyanın lülə-kababından istəyirəm. Getdik Füzuliyə"...

Yusif Səmədoğlu özü qardaşının adaşı ilə ayrıca dostlaşıbmış.

Yusif Səmədoğlunun Füzulidəki bir dostu da Poçtalyon Qadir imiş. Deyir, Bakıdan yola çıxanda soruşurmuş: "Seyran, görəsən, Qadiri tapa biləcəyik?!"

Poçtalyon Qadiri nəinki Füzulidə, bu dünyanın heç harasında tapa bilmərik; mən onu tanıyana qədər o çıxıb bu dünyadan gedib. Amma Vaqif kişinin qonağı oldum.

Seyran Səxavət qonaq deyildi - qardaşının evinə gəlmişdi. Vaqif kişi mənə: "Özünü evindəki kimi hiss elə" desə də, mən özümü lap qonaq kimi apardım. Seyran Səxavət də bundan xoşlanmadı, bilirəm. Dedi: "Səni tanıdım, yol adamı deyilsən".

Neynəyim?! Mən kiməsə zəhmət verəndə çox narahat oluram. Özüm nə qədər desən, qonaq qarşılayım, ağırlayım, uğurlayım. Amma özüm qonaq olduğum evdə sıxılıram.

Bu yazdıqarım da Seyran Səxavətin xoşuna gəlməyəcək, onu da bilirəm.

Ümumiyyətlə, bu kişinin xoşuna gəlmək asan iş deyil. Həm də hamının etdiyi hər şey hər kəsin xoşuna gəlməz axı. Həyat çox maraqsız olar.

Ancaq Vaqif kişi, doğrudan, çox diqqətcildi. Qoymadı, evdən kənarda bir kərə oturaq, yemək yeyək: "Deyəcəklər, qardaşının evi ola-ola..."

Ardını siz tamamlayın.

Seyran Səxavət də yarızarafatla: "Görürsən, özünü qoruyur e. "Camaat nə deyər!" məsələsi".

Yusif Səmədoğlu qədər şanslı olmadım; Vaqif kişinin bişirdiyi lülə-kababdan dadmamışam, ancaq o da xanımı kimi yaxşı aşpazdısa, deməli, Yusif müəllim ağzının dadını bilirmiş...

Ancaq, yox, Vaqif Səmədoğlunun adaşı, doğrudan, çox can yandırırdı. Yaxşı da "tur rəhbəri" imiş; bizi Hadruta da apardı. Bu torpaqları qoruyanlar arasında olub; Qarabağ müharibəsi veteranıdır. Bu mahalı qarış-qarış bilir, tanıyır.

Heç bilmədik, nə vaxt çıxdıq "Zəfər yolu"na, nə vaxt yoldan çıxıb burulduq dağlara sarı...

Ərgünəş silsiləsinin sinəsi ilə gedib, zirvəsindən keçib, o yaşıl dərəyə enəndə dedi: "Görəsən, biz Qarabağlıları cənnətə buraxacaqlar?"

Niyəsini sonra deyəcəm.

..."Neapolu gör və öl". Bu ifadəni çox zaman İohann Volfqanq fon Hötenin adına çıxırlar; alman əsilli söz dahisi Neapola heyran olmuşdu, o doğrudur. Amma italyanlar arasında belə bir fraza çoxdan işlənirdi. Aleksandr Düma da bu şəhəri "həyatın daşdığı" yer sanırdı. Biz - Sovet dönəminin uşaqları isə Maksim Qorkinin bir cümləsini əzbərləmişdik: "Bakı gecələri Neapol gecələrindən də gözəldir"...

Neapol nə qədər vəsf olunsa da, "Parisi görmək və ölmək" ifadəsi dillər əzbəridir; məşhur Sovet yazıçısı və jurnalisti İlya Erenburqun bu tarixi plagiatı orjinaldan da, elə özündən də daha məşhur oldu.

Ancaq indi Erenburq heç Moskvada da deyil; nə Parisə gedə bilir, nə Neapola. Çünki düz 59 ildir, bu dünyadan gedib. Əgər sağ olsaydı və biz Bakıdan üzü cənub-qərbə, Seyran Səxavətin və mənim kiçik vətənimizə yola düşəndə onu da səfərə dəvət edərdik.

Adım kimi əminəm: Erenburq gedib, Yağlıvənddə Əsgərxan bulağından bir ovuc su içmiş olsaydı, qayıdıb bu cümləni yazardı: "Qarabağı görmək və yaşamaq".

"Parisin süqutu" əsərinin müəllifi təzə salınmış yolla dağların altından - tunellərdən keçib Şuşaya qalxsaydı, bu dəfə "Qarabağın dirilişi" epopeyasını qələmə alardı.

Ancaq Erenburq həyatda deyil və Qarabağın dirilməsindən nəsə yazmağına ehtiyacımız da yoxdur. Seyran Səxavətdən yaxşı yazmayacaq ki!

Bəli, qoy bu fraza da bizdən yadigar qalsın: "Qarabağı görmək və yaşamaq!"

Müəlliflik hüququmu Seyran Səxavətlə ikimizin arasında, özü demişkən, dədə malı kimi tən bölürəm.

"Qarabağı görmək və yaşamaq!"

Amma Qarabağda yaşamaq və hər gün görmək!

Bu ki ən azı ikiqat bəxtəvərlik olardı...

Yox, biz iki eloğlu, iki Söz adamı - Sözün iki adamı Qarabağa orda yaşamaq üçün deyil, hələ ki gəzib gəlmək üçün gedirik.

Hə, o doğrudur: Seyran Səxavətin də, mənim də arzumuz var - ömrümüzün sonuna bir gün qalsa belə, Qarabağa, daha dəqiq desəm, Füzuliyə, daha doğrusu, Qarabulaq mahalına köçüb yaşamaqdır.

Ancaq bu, hələ reallıqdan çox uzaqdır, xəyalplov kimi bir şeydir. Biz nəinki bu gün köçüb orda yaşaya bilərik, hətta portaldan icazə almadan Qarabağa giriş edə bilməzdik. Sağ olsunlar, ata ocağımıza getmək, doğmaların məzarlarını ziyarət etmək üçün icazə verirlər. Verməsələr, neynəyərik!

Bu, öz yerində. Həm də hər ikimiz Bakı qeydiyyatındayıq axı. Elə Füzuli şəhərində dövlət adamından öyrəndik: məcburi köçkün statusu olmayanın şansı yoxmuş! Bizimki müşkül məsələdir. Bəlkə də indilik...

İlk dəfə idi Seyran Səxavəti məcburi köçkün olmadığına görə heyfslənən kimi gördüm. Ya da bəlkə mən öz içimdəki duyğunu ona ötürdüm, bilmirəm.

Öz payıma deyim: doğma torpağımda yaşamaq və ölmək azadlığımın olmamasına üzüldüm. Hələ ki gəzmək və görmək imkanımız var. Bilmirəm, "buna da şükür" deyim, ya deməyim.

Deyəsən, Qarabağa dönməyə ömrüm yetməyəcək - vaxt çatmayacaq. Hər halda ümidimizi üzməyək. Dünən bu torpaqları azad görməyin xəyalı ilə az qala ölüb gedəcəkdik, bu gün o torpaqlara dönmək arzusu ilə yaşayaq, görək...

Şair demiş:

"Şükür çiynimdə başıma,

Başımda papağa şükür".

*

"...Hansı günün xatirəsi yoxdursa, o gün yaşanmamış bitib" .

Bu fikri çoxdan yazmışam; özgəsinin deyil, özümündür. Kimsə deyə bilər, hansı gün çox qazancı olmayıbsa, yaxud haçan zərərə düşübsə, o gün yaşanmadan tükənib.

Seyran Səxavətlə öz elimizə - özümüzə doğru yola düşdüyümüz səhər və Qarabağda keçirdiyimiz o iki gün başdan sona qədər xatirələrlə doldu.

Heç bilmirəm, bu qədər xatirəni necə çatdırıb yazacam və ya yazıb çatdıracam. Bəlkə də hamısını yazmaq heç lazım da deyil - elə yaşanmışlıqlar var, hərənin özündə qalsa yaxşıdı.

Onsuz da xeyli adam həyatımızda basabas salıb; acılı-acısız, irili-xırdalı, lazımlı-lazımsız o qədər xatirə var ki. Heç o xatirələri qoymağa yer də tapılmır. Həyatımız xatirələrin səliqəsiz anbarı kimidi. Frans Kafka yəqin eyni, bax, belə bir ruh halında deyibmiş: "Mənim tənhalığım adamlarla dolu idi"...

Bəli, "biz bəzən həyatımızı insanlarla o qədər doldururuq, axırda özümüzə öz həyatımızda yer qalmır" demişdim. Ancaq elə insanlar da var, sənin öz həyatında - bu dünyada yerini genişləndirir.

...Yol yoldaşımı çoxdan tanısam da, çox da tanımırdım, etiraf edim. Bir var, adamı şəxsən tanıyasan, bir də var, qəlbən tanıyasan. Tanıyasan və görəsən: aranızda söz qohumluğu, fikir yaxınlığı, ruh simsarlığı varmış. O qədər şəxsən tanıdığımız yaxınlar var, qəlbən uzağıq və ya əksinə.

Mən qürbətdəki bir ziyalı dostumu haçansa belə adlandırmışdım: "UZAQDAKI YAXIN ADAM".

Uzaqlarda o qədər yaxınlarımız var ki! Yusif Səmədoğlunun dostu, Seyran Səxavətin kiçik qardaşı Vaqif kişini də tanıdım və uzaqdakı yaxınların siyahısına yazdım.

Xoşbəxtlidən çox uzaqda deyil.

Yusif Səmədoğlunun adını çox çəkdim bu yazıda. Çünki Seyran Səxavətin getdiyi yolda, oturduğu məclisdə, hər yerdə həmişə o var. Təkcə Yusif Səmədoğlu yox, elə Fuad Poladov, akademik Hətəm Quliyev, eləcə də, Adil Hacıyev, Zeynal... bu adamlar bizimlə idi. Seyran Səxavətin hər cümləsinin başında da, sonunda dostları var. O dostlarından zəng gözləyir, həm də qınayır. Deyir: "Vəfasız çıxdılar, hamısı getdi, məni aparmadılar" ...

Deyir və kövrəlir. O anda nəsə tapıb demək istəyirsən. Amma deyə də bilmirsən. Təsəlli o qədər yersiz çıxar ki...

*

...İnsanı ən çox yolda tanıyırsan - hərəkət halında. Seyran Səxavət "Qaçhaqaç" romanında belə yazıb: "Mənim aləmimdə ömür sözünün ən böyük, doğma mənası hərəkət deməkdir". Səhv etmirəmsə, Nazim Hikmətdə də oxşar fikir olub: "Ev doğulmaq və ölmək üçündür, həyat isə yollardadır".

Seyran Səxavət də məni yolda tanıdı. Özü də... ən pis sürücü kimi. Həm də bu "amansız", zamansız hökmü Bakıdan çıxar-çıxmaz verdi.

Niyə zamansız?!

Hələ heç Bakıdan 10 kilometr aralanmamışdıq, biz gedib gəzib gələcəkdik: hardan baxsan, az qala 1000 kilometrimiz vardı irəlidə.

Yazıçı mənim sürücülük məharətimə (daha doğrusu, onun fikrincə, məharətimin olmamasına) "vaxtından tez", özü də mənfi qiymət verdi. Ya da mən vaxtından tez "razılaşdım".

Doğrudan da, səfər yoldaşımın dediyi mənada çox pis sürücüyəm. Bunu mənə çoxları deyib.

Niyə?! Birdən-ikiyə qəza törətmişəm? Yox. Başqalarının qəza törətməsinə səbəb olmuşam? Yox, şükr Allaha, yox!

Bəs niyə pis sürücüyəm?!

Hətta Seyran Səxavət dedi: "Yaxşı ki maşın sürdüyün kimi yazmırsan"...

Mən qaydalara əməl edərək sürürəm: sürət həddinə uyğun, yol işarələrinə tabe olaraq... Ona görə də yanımda oturan və özü də sürücü olan sərnişinin "ürəyi sıxılır".

Hələ o adamda bir az da hövsələ "defisiti" varsa, lap çox keçmiş olsun!

Axı neynəmək olar?! Bakıdan çıxandan yol boyu hər addımbaşı sıra-sıra radarlar "əkilib", yol kənarında ağacdan çox radar "bitib". Bu "radar bağı"nın "bağbanı" hər kimdirsə, əkdiyinin "barını" dərməlidir, ya yox?!

...Səfərə çıxırsan, bir azca diqqətsizlik elədin, fikrin yayındı, vəssəlam, yanacağa, yemək-içməyə, gecələməyə xərclədiyindən çox cərimə gəlir üstünə. Ona görə də yol hərəkət qaydalarına əməl etməlisən. Təkcə cərimələrə görə yox, ümumiyyətlə, qaydaları pozmamağa çalışmalısan. Çünki yolda qaydanı pozdunsa, həyatda başqa qaydaları da pozmağa həvəslənəcəksən.

Amma radar "bağbanlarını" da qınamıram. Hələ bu qədər radar var, cərimə var, sürən yenə də sürür, indi gör, çəkən, cəzalandıran olmasa, yollarda nələr baş verər!

Bu qədər ağır cəza var, yenə də bu qədər ağır qəza var...

Sürət də bir xəstəlikdi, yoluxan yoluxub.

O quruların oduna biz də yanırıq.

İndi mən bunu hövsələsi daralan sərnişinimə necə deyim?!

Deyəsən, dedim artıq.

*

...Biz vaxtında çata bilmədik, ancaq yenə şükr məclisin qızğın çağına yetişdik. Yuxarı Yağlıvənddə - Köndələn gölünün qırağında iki böyük çadır qurulmuşdu. Maşın əlindən, adam əlindən tərpənmək olmurdu.

Bizi Seyran Səxavətin kiçik qardaşı (amma məndən yaşca böyük) Vaqif kişi qarşıladı. Bir az əvvəl onu sizinlə tanış eləmişəm. Vaqif kişi ilə birlikdə başqa xeyli adam gəldi qarşımıza, amma onları tanımırdım. Bir qismi ilə sonra tanış olduq. Şair, jurnalist Kərim Kərimlini onsuz da çoxdan tanıyıram. Əslən Yağlıvənddən olduğunu bilmirdim. Uzaqdan qohumluğumuz da var...

Yaxşı ki Kərim Kərimli ordaydı. Onunla bir az söhbətləşə bildik. Seyran Səxavəti onsuz da həmkəndliləri "dinc buraxmırdı"; hamı bir-bir gəlib öpüşüb görüşürdü...

Doğrudan, çox gözəl kənddi. Həm də çox böyükmüş. Kəndin ən məşhur sakini (yetirməsi) Seyran Səxavət deyir: "Görürsən, gölümüz də var, bulağımız da. Seyidəhmədlidə bunlar var?!".

Düzdür, Seyidəhmədlidə göl yoxdu, amma çay axır. Quru çay. Adındakı "quru" sözü yanıltmasın; daşanda üzünü görmə.

Bizi də dolu yatağı ilə qarşıladı Quru çay.

Seyran Səxavətlə bizim kəndə də getdik axı. Yuxarı Seyidəhmədliyə. Əslində Yuxarı, ya Aşağı - fərqi yoxdu, eyni camaatıq. İki qardaşın törəmələriyik. Hamı bir-birinə qohumdur. Xeyir-şərimiz birdi.

*

Kənd ayrı şeydir, atam! Şəhərdə yaşasaq da, kəndi həmişə içimizdə yaşatmışıq. Biz kəndin torpağından yoğrulmuşuq axı.

Vallah, kənd elə yerdir, insan orda cəmiyyətdən çox təbiətlə ünsiyyətdə olur.

Kənddə sən çətinə düşəndə cəmiyyət harayına gəlməsə də, təbiət səni ac-yalavac buraxmaz. İllah da torpaq.

O dəhşətli dünya müharibəsinin epiloqunda Qarabağın torpağı, bir deyil, milyon Seyranı doyuracaq bərəkət, nemət qaynağı idi. Yenə də var.

...Doğrusu, Azərbaycan kimi varlı bir ölkədə insanların kasıb yaşaması mənə belə birtəhər gəlir ey...

Qarabağ torpağında da, bax, bu cür qarışıq duyğular, düşüncələr məni rahat buraxmırdı.

*

Seyran Səxavət birinci dəfə idi, Seyidəhmədliyə gəlirdi. Elə mən də Yağlıvəndə birinci dəfə gəlmişdim.

Yazıçı dostumla məhəlləmizə də getdik, evimizdən qalan uçuq divarları ziyarət elədik.

Seyran Səxavətin "Yəhudi əlifbası" romanında belə bir cümlə var: "Mənə elə gəlirdi ki, yaz hamıdan əvvəl bizim kəndimizə gəlir, sonra Yer üzünə yayılır".

Yazıçının təbirincə, Yağlıvəndə gəlmiş yaz Seyidəhmədliyə də çatmışdı. Amma Seyidəhmədlinin yazı da çoxdan Yağlıvənddəydi.

Səfər yoldaşım deyir: "Allah dünyanı bizim kəndin üzərindən idarə edir".

O gün Yağlıvənddə göyə baxdım...

*

Əslində yazıçının özündə də Yaradandan nəsə olur. Demişdim axı: Allahın da əlində qələm var - Allahın da kitabı var. Daha doğrusu, kitabları...

Qustav Flober isə bir az başqa cür demişdi: "Yazıçı da Allah kimidir; hər yerdədir, amma özü görünmür".

İndiki zamanda Floberin bu dediyi bir az mübahisəldir: indi yazıçının üzünü görənlərin sayı kitablarının üzünü açıb oxuyanların sayından çox olur. 500, 1000, lap 5000 nüsxə kitabla "hər yerdə" olmaq?!

Alınmır axı.

Seyran Səxavətin " Daş evlər" romanı zamanında - Sovetlər dönəmində 100 min nüsxə tirajla çıxmışdı. O vaxtdan indiyə qədər Azərbaycanda əhalinin sayı bir neçə milyon - bəlkə də iki dəfə artıb. Özü də artıq 35 ilə yaxındır müstəqil dövlətik. "Daş evlər"in ilk nəşrindən keçən müddətdə ölkə olaraq sürətlə (dəfələrlə!) varlanmışıq da. Ancaq o 100 min tiraj yoxdu. Hara yoxa çıxdı bu 95 min adam?!

Doğrdanmı, kitabın... kitabı bağlanıb?!

*

Yox, yazıçını tanıyırlar. Dövlətin yeni saldığı Füzuli şəhərində hər addımbaşı Seyran Səxavətə yaxınlaşırdı adamlar. Salamlaşırdılar, söhbətləşirdilər, şəkil də çəkdirirdilər. Təkcə Füzulidə yox, elə Bakıda da belədir.

Bir neçə gün əvvəl metroya minmişdik. Seyran Səxavətin yanında oturmuş orta yaşlı qadın yazıçıya dedi: "Sağ olun ki, camaatın içinə çıxırsınız".

...Mən tanıyan Seyran Səxavət elə mənim yaşımdan da əvvəldən - səksən ildir, camaatın içindədir. Axı özü də məmləkətin dərinliklərindən - camaatın içindən çıxıb, Seyran Xanlarov kimi gəlib, Bakıda Seyran Səxavət olub.

Bəli, camaatın içindən çıxıb, amma çıxıb getməyib. Xalqdan uzağa bir addım da atmayıb. Ona görə əsərləri xalqın dilində yazılıb, əsərləri xalqın dilindədir. Qarabağ ləhcəsinin şirinliyini ədəbiyyata gətirib. Qarabağı ədəbiyyata gətirib. Qarabağ əsirlikdə olanda, biz Seyran Səxavətin, İsi Məlikzadənin... əsərlərindəki Qarabağın gözündən öpürdük.

Bu əsərlər"Cənnətin dilində" çap olunmuşdu.

Amma, Vaqif kişi demişkən, biz Qarabağlıları cənnətə buraxacaqçarmı, görəsən?!

*

Bəlkə də səfər yoldaşım elə bilir, mən bilmirəm, nələr düşünür, nələr hiss edir...

O gün mənə dedi: " Nə "Yəhudi əlifbası", nə də "Nekroloq" haqqında heç kim heç nə yazmayıb".

Romanın birini oxumuşam, o birini də oxuyuram. Sözün doğrusu, təkcə bu iki romana görə Seyran Səxavətə dünya səviyyəli yazıçı demək olar.

Tək elə "Nekroloq"a görə Nobel mükafatı düşür. Vallah-billah, şişirtmirəm. Oxuyanlar bilir, nə deyirəm, niyə deyirəm.

Ancaq Seyran Səxavətə bu 80 illik yubileyində istəmədiyi, amma yəqin ki, gözlədiyi diqqət olmadı.

Yox, xalqın diqqəti, sevgisi bəs edincə var. Amma xalq da, yazıçının özü də bilir mən nə deyirəm.

Ümid edirəm, bu sözlərimdən inciməz: yaxşı ki belə oldu; yaxşı ki, ona ad-filan vermədilər. Seyran Səxavət xalqın içindən çıxıb, xalqın yazıçısı olub. Bundan yüksək ad var?! Özü də deyir: "Nəyimə lazımdır o ad-filan?! Həm də bu yaşımda!"

*

"...Bilirsiniz, bu Dünya qəribə dünyadır; nə acların qarnını doyura bilir, nə toxların gözünü. Ona görə də dünya aclarla acgözlərin döyüş meydanına çevrilib. Maddiyyatdan yoxsul olanlarla mənəviyyatdan yoxsun qalanların davası gedir.

Seyran Səxavət postmüharibə uşağıdır; qıtlıq dövründə dünyaya gəlib; aclıq illərində gözütox böyümüş kənd uşağıdır..."

Bu cümlələri mən yazmışam və bir də xatırlatdım. Seyran Səxavətin kəndini, doğulub-böyüdüyü evin qalıqlarını, Qaraquzeyi, Arazöləni, yaxınlarının məzarını gördüm, o dağları, bulaqları, dikdirləri, dərələri gördüm...

Vallah, adamın öz adından daha uca bir ad yoxdu!

Ya " xalq yazıçısı" olmalısan, ya xalqın yazıçısı.

Seyran Səxavət özü "Nekroloq" romanında personajını seçim qarşısında qoyub və... xalqı seçib.

Adama deyərlər, Xalqı seçmisənsə, deməli, xalq kimi yaşayacaqsan.

Hə, sənin xalqın səni yaşadacaq, ya yox?! Bu, bir az qəliz məsələdir; kitab oxumayan xalqın yazçısı olmaq çox ağır sınaqlara qatlaşmaq istər. Təkcə maddi baxımdan yox, həm də mənəvi baxımdan.

Hərçənd məişət heç yerdə yaradıcı talantı Azərbaycandakı qədər boğmur...

*

Mətləbdən - səfərimizdən çox uzağa getdim, deyəsən. Məndə günah yoxdu: söz sözü çəkdi. Söhbət dananı qurda yedizdirər.

Kiçik vətənimizdə keçirdiyimiz iki gündə nə dana gördük, nə qurd. Amma Füzuli-Şuşa yolunun qırağında təzəcə balalamış tülkü gördük. İlahi, necə də kiçik, gözəl balalardı!

Vətənin tülküsünü də sevərmiş insan!

Ana tülkü maşının səsindən hürkdü, amma balalarını qoyub, hara qaçacaqdı ki?! Bəzi adamlardan - öz çağasınıi zibil qutusuna atan "ana"dan, südəmər körpəsini qürbətdə taleyin ümidinə qoyub, qaçan "ata"dan bu tülkü min dəfə yaxşıdır.

Nə isə...

*

Hə, yaxşı yadıma düşdü: heç kim döşünə döyməsin, tək-tük adamları çıxmaqla heç birimiz Azərbaycanı tanımırıq. Öz torpağımızı naşı turist kimi gəzirik. Təbiətə çıxırıq, Füzuliyə gedirik, Qalaya qalxırıq, nə bilim, Laçını gəzirik... Ancaq heç nə görə bilmirik. Elə hər yerdə şəkil çəkdiririk. Biz də çəkdirdik - özümüzü də deyirəm. Amma, doğrusu, özümüzü də anlaya bilmirəm. Gəzib-gördüyümüz gözəllikləri gözlərimzə köçürüb, öz yaddaşımıza yaza bilmirik. Fotolara sığışdırırıq. Təbiəti hiss etməyə, bir-iki günlük də olsa, təbiətə qarışmağa həvəsimiz çatmır. Adama deyərlər, getmisən təbiətlə qol-boyun olmağa, nə oyun çıxarırsan?! Təbiətə qayna, qarış. Foto, ya video bir dənə olar, iki dənə oldu, bəsdir də. Təbiəti özün görməyə getmisən, ya çəkib kiməsə göstərməyə?!

*

Amma təzə çəkilmiş Əhmədbəyli - Füzuli -Şuşa yolunu görməyə də dəyər, göstərməyə də. Düz yeddi tunel saydıq; dağların altından keçdik.

Yolda bizdən başqa heç kim yox idi; hələ açılışı olmamışdı axı. Bu, ödənişli yol olacaq. Amma o yolla getmək - o yolun komfortunu hiss etmək, mənzərələri seyr eləmək, gözəllikləri göz yaddaşına köçürmək üçün hər cür ödənişə dəyər.

*

Biz iki nəfər öz kiçik Vətənimizdə iki unudulmaz gün yaşadıq. Tanrıdan iki gözəl gün... almışdıq - ömrümüzə yazıldı.

Biz o torpaqları çox gəzib-görmüşük. Ancaq Qarabağı bir də belə gördük.

Bir yanda işğalın xaraba qoyduğu yurd yerlərinin dağıntıları var, bir yanda isə əkin-biçin, tikinti. Bir yanda müharibənin nazik qaysaqlı yaraları var, bir yanda yeni evlərdə qaynayan həyat. Bir yanda nifrətin izləri var, bir yanda sevgi ilə baxan gözlər.

Qarabağa həyat qayıdır. Qarabağ həyata qayıdır.

...Məni bu dəfə də ən çox kövrəldən xaraba evlərin içində bitmiş ağaclardır. Mənim doğulub böyüdüyüm evin də içində ağaclar bitib.

Düz dörd il əvvəl Şuşaya - azad Qarabağa ilk səfər təəssüratlarımda da yazmışdım: "Bitkilər yaman vəfalıymış; bizim qoyub getdiklərimizə "sahib çıxıb". İndi mənim evimdə də ağaclar yaşayır... Adamlar öz evlərinin boş qalmağı ilə məcburən "barışmış” kimi olsalar da, ağac ürəyi razı gəlməyib..."

*

...Bəli, Yuxarı Seyidəhmədlidə mənim evimdə, Yağlıvənddə Seyran Səxavətin evində biz yox, ağaclar yaşayır. Biz iki Söz adamı ikimiz bir yerdə o ağaclara deməyə söz tapmadıq. "Biz bu ata ocaqlarımıza qayıdacağıq ha, ağaclar" demədik.

Qayıdıb gəldik Bakıya."

...Bakıdan Füzuliyə yaxınlaşanda, Şuşa yolunda Seyran Səxavətin səsi açılmışdı, "Segah" oxuyurdu. Qayıdanda bir də Hacıqabulda oxumaq istədi, səsi çıxmadı...

...Vaqif kişi bunu deyirmiş: "Biz dünyadan köçəndə, biz Qarabağlıları cənnətə buraxmayacaqlar, deyəcəklər: " Siz onsuz da cənnətdə yaşamısınız də..."

Ancaq, yox, Vaqif kişi ilə razılaşmıram. Niyə? Çünki bizim bildiyimiz Allah ədalətsiz deyil: O öz bəndələrinə Cənnətin də, Cəhənnəmin də qapılarını onların yaşadığı coğrafiyaya görə deyil, əməllərinə görə açır...

Bir də axı Qarabağlıların Cənnətdə yaşamaq təcrübəsi var. Haqqın divanında bu bacarıqları da gözdən qaçırmazlar...

 

(bizimyol)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər