Kirayə ev axtaranlara MÜHÜM xəbər
Cəmiyyət
173
13:55, Bu gün

Kirayə ev axtaranlara MÜHÜM xəbər

Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin birinci rübünün yekununda Azərbaycanda kirayə mənzil qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 7.3 faiz artıb. Bu artım həmin dövrdə qeydə alınan 5.7 faizlik inflyasiya səviyyəsini də üstələyib.

Kirayə bazarında qiymətlər niyə artır?


Mövzu ilə bağlı Musavat.com-a danışan Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı deyib ki, 2026-cı ilin birinci rübündə kirayə mənzil bazarında müşahidə olunan 7,3 faizlik qiymət artımı təsadüfi deyil və daşınmaz əmlak bazarında formalaşan bir sıra fundamental amillərin nəticəsidir.

Onun sözlərinə görə, kirayə haqlarının artım tempinin eyni dövrdə qeydə alınmış 5,7 faizlik inflyasiyanı üstələməsi yaşayış sahələrinə olan tələbin ümumi qiymət səviyyəsindən daha sürətli yüksəldiyini göstərir:

“Son illərdə ölkədə urbanizasiya prosesinin sürətlənməsi, xüsusilə Bakı və Abşeron iqtisadi rayonunda əhalinin cəmləşməsi kirayə mənzil bazarına əlavə təzyiq yaradır. Paytaxtda təhsil alan tələbələrin, regionlardan gələn işçi qüvvəsinin, yeni ailələrin və mənzil almaq qərarını təxirə salan vətəndaşların sayının artması kirayə mənzillərə tələbi yüksəldən əsas amillərdən biridir.Kirayə bazarındakı bahalaşma yalnız tələbin artması ilə bağlı deyil. Tikinti materiallarının, kommunal xidmətlərin, mənzil fondunun saxlanılması və təmir xərclərinin bahalaşması daşınmaz əmlak sahiblərinin xərclərini artırıb. Nəticədə mənzil sahibləri bu xərclərin bir hissəsini kirayə qiymətlərinə ötürməyə çalışırlar".

AQP rəsmisi vurğulayıb ki, mənzilin alış qiyməti yüksəldikcə onun investisiya dəyəri də artır və bu, kirayə gəlirlərinin yenidən hesablanmasına səbəb olur. Başqa sözlə, bahalaşan mənzil fondu daha yüksək kirayə haqqı tələb edir. İpoteka kreditlərinin mövcudluğu mənzil bazarını dəstəkləsə də, əhalinin müəyyən hissəsi üçün ilkin ödəniş və digər maliyyə tələbləri hələ də əlçatan deyil. Bu səbəbdən bir çox ailələr mənzil almaq əvəzinə kirayədə qalmağa üstünlük verir ki, bu da bazarda tələbi yüksək səviyyədə saxlayır:

"Son dövrlərdə daşınmaz əmlaka investisiya marağının artması da kirayə bazarına təsir göstərir. İnvestisiya məqsədilə alınan mənzillərin sahibləri bazar gəlirliliyini qorumaq üçün kirayə haqlarını artırmağa meylli olurlar. Xüsusilə yeni tikili və yüksək komfortlu yaşayış komplekslərində bu tendensiya daha qabarıq müşahidə edilir. Yaxın dövrdə kirayə bazarında kəskin ucuzlaşma üçün ciddi əsaslar görünmür. Onun fikrincə, ölkədə iqtisadi aktivliyin, məşğulluğun və şəhərləşmənin davam etməsi fonunda kirayə mənzillərə tələbin yüksək qalacağı gözlənilir”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər