"Kəlbəcər rayonunun beş kəndinin layihələndirmə işləri tamamlanıb".
Moderator.az xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən, münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı tədbirdə deyib.
O bildirib ki, Kəlbəcərin Otlu, Zar, Qamışlı, Zallar və Yanşaq kəndlərinin layihələndirmə işləri tamamlanaraq ekspertiza mərhələsinə təqdim olunub:
"Çaykənd, Çəpli və Dəlləkli kəndləri üzrə layihələndirmə işləri isə davam edir. Kəlbəcər şəhərində 2.42 hektar və 10.1 hektar ərazini əhatə edən inzibati binaların layihələndirmə işləri davam etdirilir. Eyni zamanda, İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisi də planlaşdırılır".
O qeyd edib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən, uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun 85 faizi tamamlanıb:
"Yolun üzərində ümumi uzunluğu 35.9 kilometr olan beş tunel yerləşir. Həmin tunellərdən biri Qafqaz regionunun ən uzun tuneli hesab olunur və bu layihə nəqliyyat əlaqələrinin optimallaşdırılmasına, yol hərəkəti sıxlığının azaldılmasına, həmçinin fasiləsiz və rahat nəqliyyat axınının təmin olunmasına xidmət edəcək.
Eyni zamanda, uzunluğu 75 kilometr olan, 17 tuneldən ibarət Kəlbəcər-Laçın avtomobil yolunun 48 faizi, uzunluğu 80 km olan Suqovuşan-Sərsəng Su Anbarı-Gözlükörpü-Kəlbəcər avtomobil yolunun 45 faizi tamamlanıb. Kəlbəcər şəhərinin daxili yollarının uzunluğu 26.5 km, şəhərin əsas mərkəzi küçəsinin uzunluğu isə 2.6 km təşkil edir".