Milli Məclisin deputatı Cavanşir Feyziyev Şəki 115 saylı seçki dairəsində seçicilərlə görüşüb. Fərdi müaciətlər əsasında təşkil olunmuş görüşə 12 vətəndaş qatılıb və hər birinin deputatla təkbətək görüşü baş tutub. Daha sonra millət vəkili seçki dairəsi ərazisində gedən quruculuq-abadlıq işləri ilə tanış olub.
Deputat Böyük Dəhnə kəndində tikilməkdə olan məktəb binasına və Mədəniyyət evinə baş çəkib, inşaatçılarla görüşüb. İş icraçısı Məzahir İsmayılov yeni məktəb binasının 2027-ci tədris ilinin başlanğıcına hazır olacağını bildirib. Mədəniyyət Evinin tikintisinin də təxminən eyni vaxtda başa çatacağı gözlənilir.
Millət vəkili az öncə ona ünvanlanmış kollektiv müraciət əsasında kənddə fəaliyyət göstərən Həkim-tibb məntəqəsinə də baş çəkib. Həkim və tibb işçiləri onların fəaliyyəti üçün yaradılan şəraitdən razılıqlarını bildirib və bəzi texniki çatışmazlıqların aradan qaldırılması üçün köməklik göstərilməsini xahiş ediblər.
Böyük Dəhnə kəndində hal-hazırda avtomobil yollarının yenidən qurulması işləri aparılır. Millət vəkili yolların genişləndirilməsi ilə bağlı aparılan tikinti işləri ilə tanış olub və kəndin bütün yollarının müasir standartlara uyğun olaraq yenidən qurulacağını bildirib.