Kəlbəcər rayonunun Başlıbel kəndi ölkəmizdə öz ziyalıları ilə tanınmışdır. Bu kənd onlarla alim, yüzlərlə müəllim, neçə-neçə şair, jurnalist və publisist yetişdirmişdir. Başlıbel kənd orta məktəbində oxuyan hər bir insan özünün savadı, intellektual səviyyəsi və biliyi ilə həmişə diqqəti cəlb etmişdir. Bu yazıda belə intellektual səviyyəli, öz biliyi və bacarığı ilə ətrafındakıları heyrətləndirməyi bacaran bir Başlıbel kənd sakininin yaradıcılığı ilə sizləri tanış etmək istəyirəm.
Qədirbilən xalqımız üçün and yeri olan müqəddəs şəhidlərimizin xatirəsi həmişə əziz tutulur. Şəhidlərimizin adı çəkiləndə hər bir Azərbaycan vətəndaşı hörmət əlaməti olaraq ayağa qalxır, əlini sinəsinin üstünə qoyub hörmətlə baş əyir. Hər kəs şəhidlərimizin xatirəsini əziz tutmaq üçün əlindən gələni etməyə çalışır - kim yaxşı tikinti layihəsi tuta bilirsə, gözəl bulaq kompleksinin layihəsini çəkir, kim yaxşı rəssamlıq edirsə, şəhidlərin portretini yaradır, kimisi isə əlindən gələn başqa bir işi görür. Bu baxımdan Səbuhi Ağanın ərsəyə gətirdiyi “Zirvədə Savaş” adı ilə çap olunan, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, adları qəlbimizdə, izləri tariximizdə yaşayan bütün şəhidlərimizin əziz xatirəsinə ithaf olunan kitabını da göstərmək lazımdır.
Səbuhi Ağa 1982-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Texniki Universitetində almışdır. O, beynəlxalq jurnalistika və psixologiya proqramlarında iştirak etmişdir. Müxtəlif sahələrdə qazandığı bilik və təcrübə həm texniki, həm də ictimai-humanitar istiqamətlərdə geniş fəaliyyət göstərməsinə imkan yaratmışdır. Səbuhi Ağa həmçinin “American Psychological Association” təşkilatının üzvüdür. Səbuhi Ağa indiyədək beynəlxalq nəşr platformalarında fəaliyyəti ilə tanınır. Onun “Psychological Rise” (Psixoloji Yüksəliş) və “Ways to Return from Suicide” (İntihardan Dönmənin Yolları) adlı kitabları dünya miqyasında tanınan Amazon platformasında ingilis dilində nəşr olunmuşdur. Hazırda müəllifin “THE VOICE OF THE SOUL” (Ruhun səsi) adlı kitabı nəşr olunaraq yayımlanmışdır. Məlumat üçün bildirmək lazımdır ki, Amazon platformasının 2026-cı il üzrə beynəlxalq müsabiqəsinə buraxılan beş nəşrdən biri Səbuhi Ağanın “One Step Away” (İntihara bir addım qalmış) kitabıdır. Yeri gəlmişkən, müəllifə qarşıdakı beynəlxalq müsabiqədə layiqli yer tutmağı arzulayırıq.
“Zirvədə Savaş” kitabı isə Səbuhi Ağanın nəşr olunan növbəti kitabıdır. Şəhidlərin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq bu kitabın ilk təqdimatı Başlıbel qətliamı qurbanlarının 33-cü ildönümünə həsr olunmuş mərasimdə baş tutmuşdur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən gələn qonaqlar, Kəlbəcər ictimaiyyəti, Başlıbel sakinləri, ziyalılar və media nümayəndələri iştirak edirdilər.
Qətliam qurbanları yad edildikdən sonra mərasimin davamı olaraq Səbuhi Ağa Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, adları qəlbimizdə, izləri tariximizdə yaşayan bütün şəhidlərimizin əziz xatirəsinə ithaf olunan yeni çapdan çıxan “Zirvədə Savaş” kitabını təqdim etdi.
12 fəsildən ibarət olan kitabın birinci fəsli Ümummilli Liderimiz Heydər Əliyevin prezidentliyi dövründə Birinci Qarabağ müharibəsi zamanı atəşkəs rejimindən istifadə edərək Azərbaycanın iqtisadiyyatını yüksəltməsi, onun uzaqgörən siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin Müqaviləsi”nin imzalanması və bunun nəticəsində Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsi, sabitliyin yaradılması və hərbi gücün gündən-günə artırılması qarşıya məqsəd qoyulmasından və qısa zaman ərzində buna nail olunmasından bəhs olunur.
Kitabın ikinci fəslində isə Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı İlham Əliyevin vaxtında verdiyi düzgün və qətiyyətli qərar nəticəsində 44 günlük Vətən müharibəsində əldə olunan qələbə barədə məlumat verilir.
Digər fəsillərdə Ağdaban faciəsi haqqında, Başlıbel və Tunel qətliamları barədə, Başlıbeldə 113 gün mühasirə şəraitində düşmənlə üz-üzə qalan əliyalın əhalinin başına gətirilən dəhşətlər haqqında, 44 günlük Vətən müharibəsində şəhid olan kəlbəcərli şəhidlər haqqında, Qarabağ döyüşlərində həlak olmuş başlıbelli hərbçilər haqqında, torpaqlarımız azadlığa qovuşandan sonra yaradılan “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi haqqında ətraflı məlumat verilir.
Təqdimat mərasimində iştirak edənlərdən Prezident Administrasiyasının əməkdaşı Sənay Paşayev, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mirzə Quliyev, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Subyekt.az xəbər portalının təsisçisi Rövşən Hüseynov, Qarabağ qazisi, şair Eyvaz Əyyub, şəhid qardaşı Cavid Hacıyev, dosent Bəhruz Səmədov, əməkdar müəllim Hüseyn Şahbəndəyev, AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev, başlıbelli müəllimlər Əkbər Sarıyev, Zərnişan Mirzəyeva, Xavər Sarıyeva, beynəlxalq dərəcəli müəllim Rövlanə Heydərova, elmlər doktoru Aqil Əsədov, Başlıbel qətliamının şahidlərindən Səlim Mehdiyev, Elşad Əzizov, Habil Ələsgərov, ADMİU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Dəyanət Ağayev, Başlıbel kəndindən olan ziyalılardan Nuşirəvan Muxtarlı, Fazil Əzizov və Əli Mirzə İbrahim çıxış etdilər.
Çıxış edənlər kitabın sadə və oxunaqlı dildə yazılmasını, verilmiş mətnlərin şəkillər və illüstrasiyalarla zəngin olmasını, xronologiyanın gözlənilməsini və digər müsbət cəhətlərini yüksək qiymətləndirərək müəllifə yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
Biz də istedadlı həmyerlimizə yeni-yeni yaradıcılıq uğurları və möhkəm can sağlığı arzulayırıq.
Oqtay Salahlı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.