Ağcabədidə sakinlərin torpağı qeydiyyata alınmır - Aidiyyəti qurumdan açıqlama - VİDEO
Cəmiyyət
387
25 Apr 2026 | 22:17

Ağcabədidə sakinlərin torpağı qeydiyyata alınmır - Aidiyyəti qurumdan açıqlama - VİDEO

Ağcabədi rayonunun Qaraxanlı kənd sakinləri problemlə üz-üzə qalıblar.

Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirirlər ki, mülkiyyətlərində olan torpaq sahələri uzun müddətdir qeydiyyata alınmır. Vətəndaşlar yeni tərtib edilən rəqəmsal xəritədə uyğunsuzluq olduğunu və buna görə də çətinliklər yarandığını deyirlər.

"Pay torpağımın bütün sənədləri qaydasında olsa da, rəqəmsallaşma zamanı uyğunsuzluq yaranıb. Üç ildir müraciət etməyimə baxmayaraq, problem həll olunmur. Torpağımı əksəm də, sənədlərdəki uyğunsuzluğa görə bir hektar ərazimin mənə məxsus olmadığı deyilir. Buna görə də dövlətin kənd təsərrüfatı üçün ayırdığı subsidiyaları, gübrə və yanacaq yardımlarını ala bilmirəm. Əslində, torpağım 3 hektar 14 sotdur, lakin rəqəmsal xəritədə bu rəqəm 2 hektar 7 sot kimi göstərilir", - deyə şikayətçi Xanlar Əliyev bildirib. Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, keçmiş Aqrar İslahat Komissiyasının qərarı əsasında vətəndaşlara torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə torpaq sahələri ayrılıb:

"Torpaq islahatı aparılan zaman kompleks yer quruluşu layihələrində yol verilmiş texniki xətalar nəticəsində torpaq paylarının ölçülərində uyğunsuzluqlar yaranıb. Nümunə olaraq bildiririk ki, bölünəcək ixtiyari bir ərazi ilkin layihədə 50 hektar göstərilərək ailələr arasında bölünüb. Verilmiş dövlət aktlarında pay norması layihəyə görə qeyd edilib. Lakin torpaqların elektron uçotu işləri aparılarkən məlum olur ki, yuxarıda qeyd olunan layihədəki 50 hektar ərazi faktiki olaraq yerdə, yəni naturada 45 hektardır. Bu səbəbdən də ərazidə torpaq çatışmazlığı yaranıb. Yeni uçot zamanı həmin ərazilər torpaq payı alan ailələr arasında proporsional qaydada azaldılıb. Vətəndaşların müraciətləri əsasında qeyd olunan torpaq sahələri dövlət reyestrində qeydiyyata alınıb, həmçinin naturada ölçülərək faktiki mövcud vəziyyətə uyğun olaraq vətəndaşlara tanıdılıb və bu barədə müvafiq aktlar tərtib edilib".

O da qeyd olunub ki, elektron uçot zamanı yaranmış uyğunsuzluqların aradan qaldırılması məqsədilə mərhələli şəkildə dürüstləşmə işləri aparılır və Ağcabədi rayonunun Qaraxanlı kəndi üzrə də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

Link kopyalandı!
Son xəbərlər