Hakim köməkçilərininxa0 hüquqi status PROBLEMİ
Cəmiyyət
2790
23 Apr 2025 | 16:02

Hakim köməkçilərininxa0 hüquqi status PROBLEMİ

Azərbaycan Respublikasının məhkəmə sistemində hakim köməkçisinin hüquqi statusu problemi Məhkəmə hakimiyyəti dövlətin üç əsas qollarından biridir və onun effektiv fəaliyyəti həm ədalət prinsipinin həyata keçirilməsi, həm də vətəndaşların hüquq və azadlıqlarının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Hakimin fəaliyyətini effektiv və düzgün icra etməsində köməkçi heyətin, xüsusilə də hakim köməkçisinin rolu inkarolunmazdır.
 
Hakim köməkçisi proses iştirakçısı sayıla bilərmi? Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu vəzifə Azərbaycan Respublikası qanunvericiliyində, xüsusilə də prosessual məcəllələrdə heç bir formada əks olunmayıb. Nə Mülki Prosessual Məcəllədə, nə Cinayət Prosessual Məcəllədə, nə İnzibati Prosessual Məcəllədə, nə də İnzibati Xətalar Məcəlləsində hakim köməkçisi anlayışı mövcud deyil. Heç "Məhkəmələr və hakimlər haqqında" Qanunda da hakim köməkçisinə dair hər hansı müddəaya rast gəlinmir.
Bu hüquqi boşluq isə bir sıra ciddi praktiki və nəzəri problemlər yaradır.
 
Hazırda Azərbaycan Respublikasında hakim köməkçiləri məhkəmələrdə fəaliyyət göstərsə də, onların statusu qeyd etdiyimiz kimi normativ şəkildə müəyyən edilməyib.
Düzdür, dövlət qulluğu qanunvericiliyə nəzər saldıqda onların dövlət qulluqçusu olduğunu görürük. İnzibati vəzifə hesab edilən hakim köməkçisinin dövlət qulluqçusu kimi hüquq və vəzifələri mövcuddur. Lakin məsələ onların sırf statuslarından irəli gələn konkret hüquq, vəzifə və səlahiyyətlərindən gedir. Sözügedən sahədə tənzimləmənin olmaması hakim köməkçilərinin məsuliyyət dairəsinin,  hüquq və səlahiyyətlərinin qeyri-müəyyən olmasına gətirib çıxarır.
 
Halbuki xarici ölkələrin qanunvericiliyinə nəzər salsaq, görərik ki, məsələn, ABŞ, Almaniya, Türkiyə və bir sıra digər ölkələrdə hakim köməkçiləri məhkəmə sisteminin ayrılmaz hissəsi kimi qəbul olunur və onların hüquq və vəzifələri qanunla tənzimlənir. Təsadüfi deyil ki, Türkiyədə "Yardımcı yargı personeli" statusunda olan şəxslərin səlahiyyətləri konkret müəyyən olunmuşdur.
 
Normativ tənzimləmənin olmaması müəyyən sualları açıqda qoyur. Məsələn, hakim köməkçisi prosessual sənədlər hazırlaya bilərmi? Yaxud onun məhkəmə qərarı layihəsini hazırlaması üçün hüquqi əsas vardırmı? Onların məsuliyyət daşıdığı sahələr hansardır? Hakim köməkçisinin fəaliyyət dairəsi hüquqi cəhətdən qorunurmu?
 
Bu və bunun kimi bir sıra cavablandırılması zəruri olan suallar labüd edir ki, onun statusu, səlahiyyətləri, hüquq və vəzifələri tənzimlənsin. Hesab edirəm ki, hakim köməkçisinin statusu prosessual məcəllələrdə (xüsusilə də MPM və CPM-də) ayrıca maddələrlə tənzimlənməlidir. Necə ki, məsələn, məhkəmə iclasının katibi ilə bağlı münasibətlər AR Cinayət Prosessual Məcəlləsinin 98-ci maddəsində nizama salınmışdır. Müqayisə üçün qeyd edim ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsi "Vəkilin köməkçisi" adlanır və həmin maddə daxilində vəkil köməkçisinin statusu müəyyən olunur.
 
Vəkil köməkçisinin statusunu nizama salan qanunvericilik müddəalarının olmasına baxmayaraq, görəsən, bu günədək hakim köməkçiləri ilə bağlı məsələnin normativ tənzimlənməsi nəyə görə həyata keçirilməyib?
 
Fikrimcə, söhbət açdığımız məsələ ilə bağlı hüquqi tənzimləmə artıq gecikdirilməməlidir.
 
 
Yunis Xəlilov
Hüquqşünas
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər