Moderator.az bildirir ki, redaksiyamıza yazılı müraciət edən vətəndaş Taleh Babayev bildirir ki, uzun müddət “Salyan Oil” şirkətində mühafizə xidmətində işləmiş və 23 avqust 2024-cü ildə əsassız olaraq işdən çıxarılmış və iki azyaşlı uşağı, ailəsi birlikdə çətin günlərini yaşayır. T.Babayev qanunsuz işdən çıxarılmasını ictimailəşdirməklə məsələnin ədalətli həll olunacağına ümid etdiyini bildirib. T.Babayevin şikayət məktubunu diqqətinizə çatdırırıq
“Mən, Salyan rayonu, Kərimbəyli kənd sakini Taleh Rahil oğlu Babayev uzun müddət “Salyan Oil” şirkətinin mühafizə xidmətində çalışmışam. İşdə fərqləndiyimə görə, mühafizəçi vəzifəsindən növbə rəisi vəzifəsinə kimi yüksəlmişəm. Eyni zamanda təəssüflə bildiriəm ki, mən 23 avqust 2024-cü il tarixdə “Salyan Oil” şirkətində baş vermiş boru oğurluğunda şübhəli bilinərək, AR əmək məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad olunmuşam. Göründüyü kimi mənə qarşı əmək məcəlləsinin müvafiq maddəsi tətbiq edilməklə, peşəkar karyeram və 2 övlad atasının gələcək taleyi sual altına qoyulmuşdur.
Bildirirəm ki, 2024-cü ilin iyul ayında “Salyan Oil” əməliyyat şirkətinin Kürsəngi yatağnda yerləşən yardımçı “Qaraj” anbarından gecə növbəsində şirkətin təhlükəsizlik xidmətinin mühafizəçisi Kənan Quliyev cinayət əməli törədərək 175 ədəd 4 dərəcəli boru oğurladığı məlum olmuşdur (oğurluq faktı Salyan Rayon Şöbəsinin post-patrul xidmətinin əməkdaşlarının Salyan-Şirvan magistral yolunda həyata keçirdiyi tədbirlər nəticəsində müəyyən edilmiş və bundan sonra boru oğurluğu “Salyan Oil” şirkəti tərəfindən təsdiqlənmişdir). Oğurluq baş verən zaman mən Qarabağlı yatağndakı ərazidə iş başında olmuşam. Oğurluq faktından sonra “Salyan Oil” şirkəti tərəfindən “Qaraj” anbarında inspeksiya aparılmış və anbardan daha (175 borudan başqa) 197 ədəd 4-cü dərəcəli borunun yoxa çıxdığı aşkarlanmışdır. Anbardan naməlum şəraitdə yoxa çıxmış 197 ədəd borunun məsuliyyəti də mənim üzərimə qoyulmuşdur.
Halbuki, oğurluq etmiş, mühafizəçi K.Quliyevin mütəşəkkil cianyətkar qrupla əlbir olması və mühafizə xidmətinin daxili iş prinsipləri barədə məlumatlı şəxs kimi cinayətin tördilməsinə münbit şərait yaratması istintaq zamanı təsdiqini tapıb.
- Oğurluq baş verən zaman mən Qarabağlı yatağında olmuşam və “Qaraj anbarı”nın yerləşdiyi Kürsəngi yatağına nəzarəti post-patrula cavabdeh olan mühafizəçi Taleh Nuruşov tərəfindən aparılıb. Qanunsuz əməl baş verən zaman T.Nuruşovun əmək funksiyalarına səhlənkarcasına yanaşması bir başa sübut edilə bilər. Qanunsuz əməl baş verən zaman mən, mənim növbə rəisi qismində post-patrulda istifadə etdiyim üç avtomobilin (90PH207, 90PD976, 90PG317) hərəkət matşurutu barədə məlumatlar GPS qurgusu vasitəsilə əldə edilərək analiz edilməyib.
“Salyan Oil” şirkətinin baş menecerinin oğurluq faktı ilə bağlı imzaladığı əmrdə qeyd olunub ki, Təhlükəsizlik Xidmətinin növbə rəisi Babayev Taleh Rahil oğlu və mühafizəçi Nuruşov Taleh Vaqif oğlu bilavasitə bu əməlin törədilməsində iştirakda şübhəli şəxslər kimi nəzərdə tutulur və həmin şəxslər vəzifə öhdəliklərinin kobud surətdə pozmuş hesab edilirlər.
Bildirirəm ki, şirkətin mühafizə xidmətində 4 növbə var və qrafikə uyğun olaraq mən ayda 15 gün işdə və 15 gün evdə olurdum. Bu vəziyyətdə mənim hansı iş günümdə və növbəmdə oğurluq edilməsi sübuta yetirilmədiyi və təkcə bir hadisənin aşkar edilməsi və bunun da mənim növbəmlə üst-üstə düşməsi heç də o demək deyildir ki, oğurluq hadisələrinin hamısı mənim növbəmdə olmuşdur. Olsa da belə, mühafizəçinin cinayət törətməsinə görə, mənim heç bir yerdə məsuliyyətim yoxdur. Bu hallar nəzərə alınmadan şirkət rəhbərliyi mənim barəmdə əsassız əmrlər qəbul etmişdir. Təəcüblü hal isə, müxtəlif vaxtlarda köməkçi “Qaraj”anbarından ümumilikdə 402 (175+197) ədəd borunun yoxa çıxması faktına görə anbara maddi məsul şəxslər diqqətdən kənarda qalmışlar.
AR-in aidiyyəti qrumlarını KAYMAN ADALARININ "SALYAN OYL LİMİTED" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALININ mənə qarşı qeyri-obyektiv və qərəzli mövqe tutduğunu əks etdirən aşağıdakı faktlara diqqət çəkməsini xahiş edirəm:
1.Oğurluq faktı ilə bağlı şirkət daxili təhqiqat komissiyyasının işi və Həmkərlar İttifaqı Komitəsinin (HİK) iclası qeyri-obyektiv və qərəzli aparılıb, orada səsləndirlən dəlillər formal mülahizələrdən ibarət olub. Belə ki, oğurluqda mənim iştirakımı və ya vəzifə səlahiyyətlərimə səhlənkarcasına yanaşdığımı sübut edə biləcək heç bir fakt təqdim olunmayıb.
2.Şirkətin baş meneceri R.Əsgərovun imzaladığı qərardan göründüyü kimi oğurluqda əli olan mühafizəçi K.Quliyev insidentin tək iştirakçısı kimi göstərilir. Əslində sözügedən qərarda K.Quliyevin “oğurladığı boruları kimlərəsə satmış sözləri yox”, bir qrup yerli sakinlərlə mütəşəkkil şəkildə cinayət əməlinə girərək qabaqcadan hazırlanmış plana uyğun şəkildə oğurluq etdikləri göstərilməli idi!!!
3. Şirkətin hüquqşünası Hafiz Dünyamalıyev məni qərəzli olaraq əmək funksiya və vəzifə təlimatına aid olmayan müxtəlif qanunsuz əməllərə və hərəkətlərə yol verməkdə ittiham edir. Mən, rəhbərlik tərəfindən verilmiş təlimata uyğun işi aparmışam və şirkət daxilində mövcud olan nöqsanlar və neqativ hallar barədə vaxtlı-vaxtında və obyektiv məlumatlar toplayaraq birbaşa TX rəisinə və icraçı direktora ötürmüşəm. Öz növbəsində nöqsanların gündəlik olaraq Bakı offisinə raportlanması da “Salyan Oil” şirkətinin icraçı direktor Nahid Nuriyev tərəfindən öz nüfuzuna xələl kimi qəbul edilmiş və o, qapandığı neqativ emossiyaların təsiri altında dəfələrlə mənim şəxsiyyət və ləyaqətimi alçaldılmasına yol vermişdir. İcraçı direktor N.Nuriyevin qərəzli mövqeyini əks etdirən fakt isə “Salyan Oyl” şirkətinin guya 177 nəfər işçisinin mənimlə bağlı imzaladığı məktubda öz əksini tapmışdır. Belə ki, icraçı direktorun təşəbbüsü ilə mənə qarşı hazıralnmış sözügedən məktubda Qarabağlı və Kürsəngi yataqlarında neft hasilatının nəzərə çarpacaq dərəcədə aşağı düşməsinin əsas səbəbkarı kimi mənim adım göstərilir. Hal-hazırda “Salyan Oyl” şirkətinin sahədə 800 nəfərə yaxın işçisi çalışır və yuxarıda qeyd olunan məktubda guya 800 nəfərin əhval-ruhiyyəsinin aşağı olmasının səbəbkarı kimi mənim- Taleh Babayevin göstərilməsi gülünc doğuran hal deyilmi?
-Həmkarlar İttifaqı komitəsinin araşdırmasına gəldikdə Cavabdeh şirkətin daxilində olan mühafizə xidmətinin qanuni fəaliyyəti üçün lisenziyası olmaması və mühafizə aparan işçilərə heç bir peşəkar fəaliyyət aparmaq üçün təlim keçirilməməsi, mənə Təlimatın tələblərini pozulması ittihamı verilməsinə dair heç bir əsas olmaması, eyni zamanda oğurlanmasında ittiham edildiyim borular rəsmi şəkildə mənə təhvil verilmədiyi və birbaşa həmin boruların qorunmasının mənə həvalə olunmaması bildirilsə də öz bildikləri kimi iclas keçirmişlər və işdən çıxarılmağıma əsaslandırılmamış qərar vermişlər.
Məsələ ilə bağlı suallar çoxdur və təəssüflər olsun ki, şirkət rəhbərləri onları cavblandırmaq iqtidarında deyildir. Maraqlı məsələ burasındadır ki, rəhbər şəxslər 10 min manat və yuxarı məbləğdə əmək haqqı alır. Mən işlədiyim dövrdə aylıq əmək haqqım 600-700 manat cavarında olmuşdur. Şirkətin rəhbərləri bu kiçik məbləği mənə çoxmu gördülər, bu sosial ədalətsizlik deyilmi?!”
Hörmətlə,
Taleh Babayev
***
Məsələ ilə bağlı “Salyan Oyl Limited” Şirkətindən Moderator.az-a açıqlama verilib.
Açıqlamanı olduğu kimi nəzərinizə çatdırırıq:
"26 yanvar 2025-cü il tarixində Moderator.az saytında vətəndaş Taleh Babayevin müraciəti ilə yayımlanan məqalədə irəli sürülən iddialar həqiqəti əks etdirmir və tamamilə əsassızdır.
Taleh Babayev 2024-cü ilin avqust ayına qədər “Salyan Oyl Limited” şirkətinin Təhlükəsizlik Xidmətində növbə rəisi vəzifəsində çalışıb. Lakin 2024-cü ilin fevral-iyul aylarında anbarlarımızdan boru oğurlanması ilə bağlı aparılan obyektiv araşdırmalar zamanı onun əmək vəzifələrinə səhlənkar yanaşdığı və təlimatları kobud şəkildə pozduğu müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə qanuni şəkildə xitam verilmişdir.
Qeyd edək ki, Taleh Babayev şirkət tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, 25 oktyabr 2024-cü il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsi bu iddia tələbini tamamilə rədd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, şirkət tərəfindən Taleh Babayevin əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Bu, bir daha göstərir ki, Taleh Babayevin ittihamları əsassızdır və yalnız ictimaiyyəti yanıltmağa xidmət edir".