Aranı qarışdıranlara SƏRT CAVAB: AP niyə Ermənistanı bəhanə edir? - VİDEO
239
16:00, Bu gün

Aranı qarışdıranlara SƏRT CAVAB: AP niyə Ermənistanı bəhanə edir? - VİDEO

"Bu həftə Avropa Parlamenti Ermənistanda demokratik dayanıqlığı dəstəkləyən qətnamə qəbul etdi. Lap yaxşı. Elə biz özümüz də qonşu Ermənistanda demokratiyaya uzun ömür və can sağlığı arzulamağa, lazım olanda dəstək verməyə hazırıq".
 
Bu fikirlər Baku TV-nin hazırladığı süjetdə bildirilib.
 
"Bu həftə baş nazirin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətimizin ora səfəri, sərhəd məsələsinin dinc qonşuluq şəraitində müzakirəsi göstərdi ki, elə veririk də. Biz də razılaşırıq ki, gələn ay Ermənistanda keçirilən seçkiyə heç kim müdaxilə etməməlidir. Bunların hamısı normaldır. Problem ondadır ki, Avropa Parlamenti heç bir əlaqəsi olmayan iki məsələni də gətirib həmin qətnaməyə salıb: Qarabağdan guya qovulmuş ermənilərin geri qayıtması, onların mülkiyyət hüquqlarının təmin edilməsi, beynəlxalq zəmanətin verilməsi və haqqında məhkəmə hökmü olan hərbi cinayətkarların azad edilməsi.
 
Əlbəttə, ilk ağlagələn sual odur ki, bu iki məsələnin Ermənistanda demokratiyanın dayanıqlığına nə dəxli var? Erməni demokratiyası bu mövzulara söykənərək dayanır məgər? Amma məntiq yolunun arxasında gizlənmiş ikinci sual daha ciddi və təhlükəlidir. Qarabağdan köçmüş ermənilərin geri qayıtmasını və onların təhlükəsizliyinə beynəlxalq zəmanətin verilməsini deyəndə avrodeputatlar nəyi nəzərdə tuturlar? Həmin şəxslər əgər, hətta hipotetik olaraq qayıtsalar belə, Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar. Azərbaycanın vətəndaşına niyə hansısa beynəlxalq qüvvə zəmanət verməlidir?

Bu, birbaşa ölkənin suverenliyinə əl və dil uzatmaqdır. Biz isə Vətən müharibəsini ona görə aparmamışıq ki, sonradan Qarabağın harada olduğunu düz-əməlli təsəvvür etməyən hansısa fransalı, niderlandlı, belçikalı gəlib suverenliyimizə əl uzatsın. Ona görə də Azərbaycanın cavabı son dərəcə adekvat və sərt oldu. Əvvəlcə Avropa İttifaqının ölkəmizdəki səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırıldı. Ona etiraz notası təqdim olundu. Ardınca isə Azərbaycanın Milli Məclisi Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığı dayandırdığını bəyan etdi. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətinə son qoyuldu. Milli Məclisin Avronest Parlament Assambleyasında üzvlüyünə xitam verilməsi proseduruna başlandı. Əgər Avropa parlamentarilərinin istədiyi bu idisə, təbrik edirik - istədiklərinə nail oldular. Kifayət deyilsə, problem deyil. Davamı da gələ bilər", - süjetdə qeyd olunub.

 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər