"Yarım əsrə yaxındır ki, İrandakı vilayəti-fəqih ideologiyasına söykənən teokratik və totalitar rejim istər region, istərsə də bütövlükdə beynəlxalq sistem üçün ciddi problemə çevrilib. İslam Respublikasının banisi ayətullah Xomeyninin inqilabı digər müsəlman ölkələrinə ixrac etmək doktrinası sonrakı mərhələdə, rejimin ikinci ali rəhbəri Əli Xameneinin dönəmində "müqavimət oxu"nun formalaşdırılması şəklində gerçəkləşib və regional sabitlik üçün daimi təhdid rolunu oynayıb. Eyni zamanda, İran rejiminin beynəlxalq səviyyədə terrorun əsas sponsoru və dəstəkçisi kimi çıxış etməsi qlobal təhlükəsizliyi ciddi çağırışlarla üz-üzə qoyub".
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının videosüjetində deyilir.
Qeyd olunur ki, son iyirmi ildə İranın nüvə və raket proqramları özünün təhlükəli mahiyyəti və perspektivi ilə beynəlxalq gündəmin və səylərin əsas obyektlərindən birini təşkil edib:
"Beynəlxalq birlik bütün bu müddət ərzində İran rejimindən qaynaqlanan qlobal təhdidləri cilovlamaq üçün müxtəlif hüquqi mexanizmləri və təzyiq alətlərini işə salıb, o cümlədən istər BMT Təhlükəsizlik Şurası, istərsə də ABŞ və Avropa İttifaqı kimi mühüm güc mərkəzləri Tehrana qarşı çoxsaylı sanksiyalar tətbiq ediblər.
Bu sanksiyalar İranda rejimi dəyişməyə deyil, onun davranışını dəyişdirməyə xidmət edib, necə deyərlər, özünü normal dövlət kimi aparmasına hədəflənib. Lakin zaman keçdikcə İran hakimiyyəti özündə sanksiyalara qarşı immunitet formalaşdıra bilib və onlardan yan keçməyin yollarını tapıb, bununla da özünün destruktiv siyasətini davam etdirib".