Bizi sosial şəbəkələrdən izləyin:
Baku TV bir vaxtlar "Kirov qəsəbəsi" adlandırılan, hazırda isə paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi olan ərazidən reportaj hazırlayıb. Qəsəbə sakinləri ərazinin hazırkı vəziyyəti və keçmişi barədə fikirlərini bölüşüblər.
Sakinlərdən biri qəsəbədəki şəraitdən söz açaraq bildirib: "Səfalıdır, havası yaxşı olur. "Azadlıq prospekti" metro stansiyasına yaxındır. Parkımız bərbad gündədir. Bir dənə o pisdir. İstirahət etmək üçün parkda oturacaq filan sıfır dərəcəsindədir".
Digər bir sakin isə əhalinin tərkibinin dəyişdiyini vurğulayıb: "Burada yerli sakin iki-üç adam görərsən. Yerli sakinlərin 99 faizini tanımıram. Yaxınlaş, yerli sakin tapa bilməyəcəksən".
Qəsəbənin illər ərzində keçdiyi dəyişikliklərdən danışan digər sakin isə bunları qeyd edib: "Əvvəl boş olub hər yer. Yollar olub, bazar olub. Mən 70-ci illərdən danışıram. İndi boşluq ərazi yoxdur. Hər yeri tikiblər. Çox dəyişilib. Elə yer var ki, girirsən, tanımırsan. Hər regiondan insan var. Rusdilli çoxdur".
Bəs bir vaxtlar əraziyə adı verilən Kirov kim idi? Sergey Mironoviç Kirov sovet dövlət və siyasət xadimi idi. 1921-1925-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi respublikaya rəhbərlik etmişdi və əraziyə onun adı verilmişdi. Yalnız ötən əsrin sonlarında ərazinin adı dəyişdirilərək Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi adlandırılıb.