Dünya
314
19:32, Bu gün

"ABŞ İrana qarşı müharibədə gözləniləndən daha böyük zərər çəkdi" - "The American Conservative"

"39 günlük müharibə həm ABŞ-ın arsenalını tükətdi, həm də Tehrana diplomatik üstünlük qazandırdı..."

ABŞ-ın İrana qarşı 39 günlük hərbi əməliyyatları Vaşinqtona 25-35 milyard dollara başa gəlib.

Moderator.az xəbər verir ki, bu barədə "The American Conservative" nəşri yazıb.

Tehran üstünlük qazanıb

Nəşrin iddiasına görə, ABŞ böyük həcmdə sursat itirsə də, İranın hərbi imkanlarını tam sıradan çıxara bilməyib. Əksinə, Tehran öz arsenalının mühüm hissəsini qoruyub saxlaya bilib və bu, ona həm döyüş meydanında, həm də danışıqlarda üstünlük qazandırıb.

ABŞ rəsmiləri müharibəni "qələbə" kimi təqdim etsələr də, İran tərəfi vəziyyəti fərqli qiymətləndirir. İran parlamentinin spikeri Məhəmməd Qalibaf bildirib ki, Tehran ABŞ-la hərbi güc baxımından bərabər deyil və məqsəd düşməni məhv etmək yox, əldə olunan nəticələrdən diplomatik təzyiq vasitəsi kimi istifadə etmək olmalıdır.

İranın saxladığı potensial və ABŞ-ın tükənən arsenalı

Məlumata görə, ABŞ İranın raket və buraxılış qurğularını hədəf alsa da, onların bir hissəsi saxta hədəflər olub, real sistemlərin əhəmiyyətli qismi isə yeraltı anbarlarda qorunub. Kəşfiyyat qiymətləndirmələri göstərir ki, İran raket sistemlərinin təxminən 60 faizini və ballistik raketlərinin yarıya qədərini saxlayıb, həmçinin pilotsuz uçuş aparatlarının 40 faizi hələ də əlindədir.

Eyni zamanda ABŞ özü də ciddi itkilər verib: "Patriot" və THAAD sistemlərinin böyük hissəsi, "Tomahawk" və digər yüksək dəqiqlikli raketlərin əhəmiyyətli faizi istifadə olunub. Analitiklər bildirirlər ki, bu vəziyyət ABŞ-ın potensial yeni böhranlara hazırlığını zəiflədə bilər.

Strateji nəticələr və siyasi gərginlik

Ekspertlərin fikrincə, İranın ən böyük üstünlüklərindən biri Hörmüz boğazı üzərində təsir imkanları və regiondakı müttəfiq qüvvələr şəbəkəsidir. Bundan əlavə, ABŞ-ın hücumlarına baxmayaraq, İranın nüvə proqramı davam edir və Tehran bu məsələdə geri çəkilməyi "qırmızı xətt" sayır.

Nəşr qeyd edir ki, ABŞ-ın genişmiqyaslı hərbi xərcləri (təxminən 25-35 milyard dollar) konkret strateji nəticə verməyib, əksinə, Vaşinqtonun regiondakı hərbi balansını zəiflədib. Bu da gələcəkdə Çin kimi daha güclü rəqiblərlə mümkün qarşıdurma riskini artırır.

Eyni zamanda İran rəhbərliyi hesab edir ki, ABŞ-ın atəşkəsə razılaşması məhz döyüş meydanında məqsədlərə nail ola bilməməsi ilə bağlıdır və bu, Tehrana əlavə diplomatik üstünlük qazandırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər