Prezident Administrasiyasında Razi Nurullayevlə görüş keçirilib
Siyasət
110
16:01, Bu gün

Prezident Administrasiyasında Razi Nurullayevlə görüş keçirilib

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ilə Prezident Administrasiyasında görüş keçirilib.
 
Milli Cəbhə Partiyasının Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, iyunun 2-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə keçirilən görüş zamanı ölkənin daxili siyasi həyatı və siyasi partiyaların fəaliyyətiylə bağlı geniş fikir mübadiləsi aparılıb.
 
Görüşdə ölkədə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlər, infrastruktur layihələri, eləcə də müxtəlif sahələrin inkişafına yönəlmiş dövlət təşəbbüsləri müzakirə olunub.
 
Söhbət zamanı informasiya məkanında vaxtaşırı təkrarlanan qərəzli təxribatlara qarşı mübarizədə fəal mövqe nümayiş etdirilməsinin vacibliyi də vurğulanıb.
 
Bildirilib ki, Milli Məclisdə təmsil olunan siyasi partiyaların qanunvericilik fəaliyyətində göstərdiyi fəallıq təqdir olunur. Həmçinin qeyd edilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən iqtidar-müxalifət siyasi dialoqu ölkədə milli həmrəyliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
 
Razi Nurullayev çıxışında bildirib ki, sağlam əməkdaşlıq nəticəsində fəal siyasi instituta çevrilən partiyaların ictimai müzakirələrdə iştirakı ölkədə dayanıqlı demokratik ənənələrin formalaşmasına müsbət təsir göstərir.
 
Partiya sədri rəhbərlik etdiyi Milli Cəbhə Partiyasının həyata keçirdiyi layihələr barədə məlumat verərək qeyd edib ki, partiya bundan sonra da dialoq ənənələrinə sadiq qalacaq və milli maraqlara xidmət edən bütün təşəbbüsləri dəstəkləyəcək.
 
Prezident Administrasiyasının rəsmisi isə Milli Cəbhə Partiyasının həyata keçirdiyi layihələrin və partiyanın dövlətçilik mövqeyinin siyasi dialoq prosesində müsbət qarşılandığını bildirib, partiyanın fəaliyyətinə uğurlar arzulayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər