Naxçıvanın duz yaddaşı: Duzdağ arxivlərdə gizlənən minillik mədən sivilizasiyası - FOTO
Cəmiyyət
221
16:30, Bu gün

Naxçıvanın duz yaddaşı: Duzdağ arxivlərdə gizlənən minillik mədən sivilizasiyası - FOTO

Naxçıvan haqqında danışanda çox vaxt İlandağdan, “Əshabi-Kəhf”dən, Möminə xatın türbəsindən, qədim karvan yollarından söz açırıq. Amma bu torpağın başqa bir səssiz abidəsi də var: Duzdağ.

Bu məkan Naxçıvanın daş yaddaşıdır, yeraltı salnaməsidir, insan əməyinin minilliklər boyu duza çevrilmiş tarixidir.

Bəzən bir xalqın qədimliyini sübut etmək üçün nəhəng saraylara, qalalara, kitabələrə baxırlar. Halbuki bəzən ən böyük sübut insanın çörəyinə qatdığı duzdadır. Duzdağ da belədir: Naxçıvanın çörəyinə, ticarətinə, sağlamlığına, məişətinə və qədim iqtisadi düşüncəsinə qarışmış bir tarix.

Xarici arxivlərə və elmi mənbələrə baxanda görünür ki, Duzdağ haqqında danışılanlar təkcə yerli yaddaşın məhsulu deyil. XIX əsrin rus mədən arxivlərindən tutmuş müasir fransız arxeoloji məktəbinə qədər müxtəlif mənbələr bu dağın təkcə Naxçıvan üçün yox, bütün Qafqaz və Ön Asiya üçün mühüm duz mədəni olduğunu göstərir.

1830-cu ilin arxiv izi: Duzdağ “Горный журнал” səhifələrində

Duzdağ haqqında ən maraqlı arxiv izlərindən biri 1830-cu ildə Sankt-Peterburqda nəşr olunan “Горный журнал” jurnalının 3-cü sayında qarşımıza çıxır. Rəqəmsal arxivdə həmin jurnalın mart nömrəsinin mündəricatında N.Voskoboynikovun “Описание месторождения Нахичеванской каменной соли” (“Naxçıvan daş duzu yatağının təsviri”) adlı yazısının ayrıca göstərilməsi diqqət çəkir. Jurnalın biblioqrafik məlumatlarında nəşrin 1830-cu ilin mart ayında Sankt-Peterburqda çap olunduğu, “duz işi” bölməsində isə Naxçıvan daş duzu yatağına ayrıca məqalə ayrıldığı qeyd edilir.

Bu, çox mühüm faktdır. Çünki Duzdağ haqqında yalnız folklor, rəvayət və yerli yaddaş yox, XIX əsrin rəsmi mədən-elmi ədəbiyyatı da danışır. Başqa sözlə, Naxçıvan duzu hələ 1830-cu ildə imperiya miqyasında elmi-texniki maraq doğuran təbii sərvət kimi qeydə alınmışdı.

Həmin arxiv qeydlərində Naxçıvan daş duzu yatağının Naxçıvandan təxminən 10 verst məsafədə, Sust, Cəhri və Şıxmahmud kəndləri arasında yerləşdiyi göstərilir.
Bu coğrafi təsvir maraqlıdır: Duzdağ burada yalnız bir “mədən” kimi yox, kəndlər, yollar və yaşayış məntəqələri ilə bağlı bütöv iqtisadi məkan kimi görünür.

1790-cı ildən işləyən kamera: arxivdə qalan unudulmuş detal

Müasir rusdilli mədənçilik tarixçiliyi də Voskoboynikovun məlumatına istinad edərək maraqlı bir faktı qeyd edir: XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Naxçıvan duzu yalnız bir kameradan çıxarılırdı, həmin kameranın 1790-cı ildən istifadə olunduğu, 45 il sonra – 1835-ci ildə isə ikinci kameranın istismara verildiyi bildirilir. 
Bu detal çox şey deyir. Deməli, Duzdağda duz çıxarılması sadəcə təsadüfi, pərakəndə, gündəlik ehtiyac səviyyəsində olmayıb. Burada müəyyən istismar ardıcıllığı, kamera sistemi, istehsal yaddaşı formalaşmışdı. 1790-cı ildən işləyən kamera faktı Duzdağın yeni dövr iqtisadi tarixini yazmaq üçün ayrıca açar rolunu oynaya bilər.
XIX əsrin sonlarına aid başqa bir məlumatda isə 1880-1890-cı illərdə burada illik təxminən 2600 tondan 5600 tona qədər duz hasil edildiyi qeyd olunur. 
Bu rəqəm o dövrün texniki imkanları fonunda az deyil. Əksinə, Duzdağın regional bazar üçün ciddi istehsal mənbəyi olduğunu göstərir.

Duzun karvan yaddaşı: Naxçıvandan Qafqaza, Türkiyəyə və Şərqə

Duzdağ yalnız yerli məişətin ehtiyacını ödəyən məkan olmayıb. Mədənçilik tarixinə dair  mənbədə burada çıxarılan duzun Zaqafqaziyaya, karvanlarla Türkiyəyə, Yaxın Şərqə, hətta Çin və Yaponiyaya aparıldığı qeyd edilir.

Burada çox maraqlı bir fikir doğur: Bəlkə də Naxçıvanın məşhur “İpək yolu” yaddaşından əvvəl və onunla yanaşı, bu torpağın bir də “Duz yolu” yaddaşı var idi. İpək zənginlərin, duz isə hamının ehtiyacı idi. İpək bəzək idi, duz həyat idi.

1976-cı ilin təsadüfi kəşfi: yeraltından çıxan qədim mədənçilər

Duzdağın ən həyəcanlı səhifələrindən biri 1976-cı ilə aiddir. Müasir mədənçilik tarixi mənbələrində qeyd olunur ki, həmin il Naxçıvan duz mədənində hasilat zamanı təsadüfən böyük yeraltı kameralar aşkar edilmişdi. Bu kameraların arxeoloqlar tərəfindən eramızdan əvvəl III minilliyin sonlarına aid edildiyi, oradan daş baltalar, maral buynuzundan alətlər və başqa əşyalar tapıldığı bildirilir.

Bu fakt Duzdağı adi yataq olmaqdan çıxarır. Qarşımızda təkcə təbii sərvət deyil, qədim əmək mədəniyyəti dayanır. Daş balta, buynuz alət, yeraltı kamera – bunlar birlikdə bir mədən texnologiyasının izləridir. Bu, insanın təbiətlə ilk böyük müqavilələrindən biridir: daşı yarmaq, duzu çıxarmaq, onu daşımaq, dəyişmək, satmaq, yaşamaq.

Fransız-Azərbaycan arxeoloji araşdırmalarında (Catherine Marro, Thomas Stöllner red., On salt, copper and gold: The origins of early mining and metallurgy in the Caucasus, MOM Éditions, Lyon, 2021) daha bir təsirli detal verilir: 1970-ci illərdə sovet mədənçiləri qədim tuneldə alətləri ilə birlikdə qalmış dörd işçinin qalıqlarını tapmışdılar. Həmin qalıqların istifadə olunan alətlər əsasında Son III minillik – Erkən II minillik e.ə., yəni Orta Tunc dövrü ilə əlaqələndirildiyi göstərilir.

Bu səhnəni təsəvvür etmək kifayətdir: min illər əvvəl Duzdağın qaranlıq tunelində işləyən insanlar, əllərində alətlər, qarşılarında duz layı... Sonra tunel çökür və onlar zamanın içində qalırlar. Minillər sonra isə həmin səssiz mədənçilər Naxçıvanın qədim əmək tarixinin şahidinə çevrilirlər.

Fransız arxeoloqların Duzdağ oxunuşu: dünyanın ən qədim duz mədənlərindən biri

Duzdağ haqqında ən mühüm elmi dönüşlərdən biri Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi – CNRS ilə bağlı tədqiqatlarda görünür. Caroline Hamonun 2016-cı ildə “Journal of Field Archaeology” jurnalında dərc olunmuş məqaləsində Duzdağ “istisna xarakterli tarixöncəsi duz mədəni” kimi təqdim edilir. Məqalədə Duzdağın Araz çayı hövzəsində, Naxçıvan şəhərindən təxminən 7 km məsafədə yerləşdiyi, duz laylarının 3×2 km sahəyə yayıldığı və NaCl tərkibinin 86-98 faiz arasında dəyişdiyi göstərilir.

Ən diqqətçəkən nəticə isə budur: Duzdağda duz istismarının izləri ehtimal ki, eramızdan əvvəl V minilliyin ikinci yarısına qədər gedib çıxır. Bu da Duzdağı dünyanın ən erkən məlum daş duz mədənlərindən biri kimi təqdim etməyə imkan verir. 

Bu fakt Naxçıvan üçün yalnız arxeoloji fəxr deyil. Bu, həm də sivilizasiya tarixində yer məsələsidir. Çünki duz insan cəmiyyətinin təşkilində strateji məhsul olub: qidanın qorunması, heyvandarlıq, mübadilə, gündəlik həyat, hətta rituallar üçün vacib idi. Duzdağ bu mənada Naxçıvanı qədim iqtisadi şəbəkələrin mərkəzinə çıxarır.

Duzdağda sadə qazıntı yox, təşkilatlanmış əmək sistemi olub. Hamonun araşdırmasında maraqlı məqamlardan biri də Duzdağda alətlərin sadəcə işlədilib atılmadığını, burada emalatxana, təmir, çıxarma və emal sahələrinin fərqləndiyini göstərməsidir. Tədqiqatda daş çəkiclərin hazırlanması və təmiri ilə duzun çıxarılması və işlənməsi arasında məkan bölgüsü olduğu qeyd edilir.

Bu nə deməkdir? Bu o deməkdir ki, Duzdağda qədim insanlar təkcə duz tapıb aparmayıblar. Onlar əmək prosesini bölüblər. Kimisi alət hazırlayıb, kimisi onu təmir edib, kimisi duz blokunu qoparıb, kimisi onu emal edib. Məqalədə iri çəkiclərin istifadəsinin xüsusi işçi qüvvəsi tələb etdiyi, fəaliyyətlərin seqmentləşməsinin isə alət hazırlayan, duz çıxaran və duzu emal edən qrupların mövcudluğunu düşündürdüyü qeyd olunur.

Bu, Duzdağın qədim “zavod” kimi təqdim edilməsi deyil, amma onun sadə təbii yataqdan çox daha artıq olduğunu göstərir. Burada insan əməyinin təşkili vardı. Burada plan vardı. Burada təcrübə vardı. Burada nəsildən-nəslə ötürülən mədən biliyi vardı.

Duz, mis və qızıl: Duzdağ Qafqazın erkən mədənçilik xəritəsində

Duzdağ artıq ayrıca lokal mövzu kimi yox, Qafqazın erkən mədənçilik tarixi kontekstində öyrənilir. 2021-ci ildə Lyon şəhərində MOM Éditions tərəfindən çap olunan “On salt, copper and gold: The origins of early mining and metallurgy in the Caucasus” adlı beynəlxalq elmi topluda Duzdağa ayrıca bölmə ayrılıb: “Early salt-mining systems and strategies at Duzdağı, Nakhchivan”. Həmin toplu Qafqazda erkən mədənçilik və metallurgiyanın mənşəyinə həsr edilib və Duzdağ burada duz, mis və qızıl kimi strateji sərvətlərin ümumi tarixi içində təqdim olunur.

Bu, çox vacibdir. Çünki Duzdağ yalnız “Naxçıvanın turizm məkanı” deyil. O, Qafqazda erkən resurs idarəçiliyi, əmək bölgüsü, ticarət və texnologiya tarixinin mühüm halqasıdır.

Naxçıvanın yeraltı arxivi

Duzdağa baxanda təkcə ağ duz laylarını görmək olmaz. Orada Naxçıvanın minillik alın təri var. Orada qədim mədənçinin çəkic səsi var. Orada karvanların izi var. Orada tunc dövrünün qaranlıq tunelləri, XIX əsr arxivlərinin saralmış səhifələri, fransız arxeoloqların ölçü cizgiləri, yerli insanların yaddaşı bir-birinə qarışır.
Bu gün Duzdağ daha çox müalicəvi turizm məkanı kimi tanınır. Amma onun elmi dəyəri bundan qat-qat böyükdür. Duzdağ həm də Naxçıvanın qədim iqtisadi modelidir. Bu torpağın insanı min illər əvvəl təbiətin verdiyi sərvəti tanıyıb, onu çıxarmağı, emal etməyi, dəyişməyi, daşımağı bacarıb.

Duzdağ bizə bir şeyi xatırladır: Naxçıvan təkcə tarix yaşamayıb, tarix istehsal edib. Bu tarix bəzən kitabədə, bəzən qalada, bəzən daş alətdə, bəzən də bir ovuc duzda gizlənib. Və bəlkə də Duzdağın ən böyük sirri budur: o, səssizdir, amma susmur. Sadəcə, onu eşitmək üçün dağın içinə yox, mənbələrin dərinliyinə enmək lazımdır.

Yunis Xəlilov tədqiqatçı-hüquqşünas

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər