ADP İdarə Heyəti növbəti toplantısını keçirib
Siyasət
270
16:52, Bu gün

ADP İdarə Heyəti növbəti toplantısını keçirib

 
Rusiyanın Ermənistana təhdidləri Cənubi Qafqazın təhlükəsizliyinə təhdid kimi dəyərləndirilib... 
 
Bu gün ADP İdarə Heyəti növbəti həftəlik toplantısını keçirib. Toplantıda ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər geniş müzakirə olunub, bir sıra aktual məsələlərlə bağlı partiyanın mövqeyi ifadə edilib.
 
İdarə Heyəti ilk öncə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkədə uşaqların sosial müdafiəsi sahəsində mövcud vəziyyət ətrafında müzakirə aparıb. Qeyd olunub ki, işsizlik səviyyəsinin yaratdığı sosial problemlər, əmək haqlarının aşağı olması, bir çox ailələrin uşaqların keyfiyyətli qidalanma və geyimlə təmin edilməsində üzləşdiyi çətinliklər, eləcə də təhsil sistemində mövcud olan rüşvət və korrupsiya halları uşaqların normal inkişafına mənfi təsir göstərir. İdarə Heyəti vurğulayıb ki, Azərbaycan hökuməti uşaqların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməli, bu istiqamətdə zəruri islahatlar həyata keçirməlidir. Bildirilib ki, dövlət siyasətində prioritetlərin yenidən müəyyənləşdirilməsi yolu ilə uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə və sosial təminat imkanlarının genişləndirilməsi istiqamətində konkret addımlar atılmalıdır.
 
Toplantıda İran və ABŞ arasında aparılan danışıqların gedişi də müzakirə olunub. Qeyd edilib ki, tərəflər arasında müəyyən razılaşmaların əldə olunması beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və regional gərginliyin azaldılması baxımından müsbət hadisədir. İdarə Heyəti bu prosesi mübahisəli məsələlərin dialoq yolu ilə həllinə yönəlmiş əhəmiyyətli addım kimi qiymətləndirərək alqışlayıb. Eyni zamanda vurğulanıb ki, belə bir diplomatik presedent digər münaqişələrdə, o cümlədən Rusiya-Ukrayna müharibəsinin həllində də tətbiq olunmalı, problemlərin danışıqlar yolu ilə nizamlanmasına üstünlük verilməlidir.
 
İdarə Heyəti 7 iyun tarixində Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində regionda baş verən siyasi prosesləri də müzakirə edib. Xüsusilə Rusiya tərəfindən Ermənistana yönəldildiyi iddia olunan siyasi, iqtisadi və digər təzyiq vasitələri diqqət mərkəzində olub. Qeyd olunub ki, seçkilər xalqın azad iradəsini ifadə etməli və hər cür xarici müdaxilədən qorunmalıdır. Beynəlxalq ictimaiyyət Ermənistan seçicilərinin iradəsinə təsir göstərməyə yönələn mümkün müdaxilə cəhdlərinin qarşısının alınmasına dəstək verməyə çağırılıb. Müzakirələr zamanı bildirilib ki, Ermənistanın siyasi gələcəyinin xarici təsirlərdən asılı vəziyyətə salınması təkcə həmin ölkənin demokratik inkişafına deyil, bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərə bilər.
 
Toplantıda Rusiya-Ukrayna müharibəsinin gedişi və son həftə ərzində baş vermiş hadisələr də geniş müzakirə olunub. Qara dəniz hövzəsində baş verən insidentlər, o cümlədən Türkiyəyə məxsus yük gəmisinin hücuma məruz qalması, eləcə də müharibə ilə əlaqədar pilotsuz uçuş aparatlarının bəzi Avropa ölkələrinin ərazilərinə düşməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar narahatlıq ifadə olunub. İdarə Heyəti qeyd edib ki, bu cür hadisələr münaqişənin daha geniş coğrafiyaya yayılması və nəzarətdən çıxması riskini artırır. Xüsusilə Türkiyənin münaqişənin həlli istiqamətində göstərdiyi vasitəçilik səylərinə xələl gətirə biləcək addımların regionda sülh perspektivlərinə mənfi təsir göstərdiyi vurğulanıb. Bildirilib ki, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü əsasında həlli beynəlxalq təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla bağlı beynəlxalq ictimaiyyət daha fəal mövqe nümayiş etdirməyə çağırılıb.
 
İdarə Heyəti son aylarda Azərbaycan Silahlı Qüvvələrində qeyri-döyüş şəraitində baş vermiş ölüm və intihar halları ilə bağlı vəziyyəti də müzakirə edib. Qeyd olunub ki, yayılan məlumatlara əsasən, cari ilin əvvəlindən etibarən orduda qeyri-döyüş şəraitində baş vermiş 20-yə yaxın ölüm hadisələri və intiharlar ciddi narahatlıq doğurur. Bildirilib ki, hər bir belə hadisə obyektiv, şəffaf və qərəzsiz şəkildə araşdırılmalı, nəticələr ictimaiyyətə açıqlanmalıdır. İdarə Heyəti orduda nizam-intizamın gücləndirilməsi, hərbi qulluqçuların sosial və psixoloji vəziyyətinin yaxşılaşdırılması, psixoloji dəstək mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
 
Toplantıda Rusiya-Ukrayna müharibəsində iştirak edərkən həlak olmuş azərbaycanlılarla bağlı məsələlər də diqqət mərkəzində olub. İdarə Heyəti qeyd edib ki, Azərbaycan qanunvericiliyində ikili vətəndaşlıq tanınmadığından, Azərbaycan vətəndaşlığından çıxmadan başqa dövlətin vətəndaşlığını qəbul etmiş şəxslərin xarici silahlı münaqişələrdə iştirakı ilə bağlı məsələlər hüquqi baxımdan ciddi araşdırılmalıdır. Bildirilib ki, xarici münaqişələrdə iştirak nəticəsində insan itkilərinin artması ciddi narahatlıq doğurur. Bu baxımdan, Rusiyada və digər ölkələrdə yaşayan azərbaycanlılara mümkün qədər silahlı münaqişələrdən uzaq durmaq, öz təhlükəsizliklərini prioritet hesab etmək çağırışı edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər