ADP Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
"Əziz həmvətənlər!
Sizi 28 May - Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, rifah və firavan gələcək arzulayırıq.
1918-ci il mayın 28-də M.Ə.Rəsulzadə və silahdaşları tərəfindən yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli və taleyüklü səhifələrindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqində və türk dünyasında ilk parlamentli demokratik respublika olaraq tarixə düşmüş, xalqımızın azadlıq, milli suverenlik və müstəqillik ideallarını bütün dünyaya bəyan etmişdir. Qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, həmin dövlət müasir hüquqi-demokratik dövlət quruculuğunun əsaslarını formalaşdırmış, milli ordu yaratmış, dövlət atributlarını təsis etmiş, insan hüquq və azadlıqlarını ali dəyər kimi qəbul etmişdir.
Bu böyük tarixi irsin siyasi və hüquqi varisi bu günkü müstəqil Azərbaycan Respublikasıdır. Dövlətimizin əldə etdiyi uğurlar, beynəlxalq aləmdə artan nüfuzu, güclü ordu quruculuğu və milli birliyimizin möhkəmlənməsi xalqımızın müstəqillik ideallarına sadiqliyinin bariz nümunəsidir.
Xüsusilə vurğulamaq lazımdır ki, xalqımızın iradəsi, dövlətimizin qətiyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan tam azad olunması tariximizin ən möhtəşəm zəfərlərindən biri olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi xalqımızın milli qürur mənbəyinə çevrilmişdir. Şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına dərin minnətdarlığımızı bildiririk.
Bu gün hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür. Dövlətimizin müstəqilliyinin qorunması, milli həmrəyliyin gücləndirilməsi, ərazi bütövlüyümüzə, suverenliyimizə və təhlükəsizliyimizə qarşı mövcud təhdidlərə qarşı ayıq-sayıq olmaq hər birimizin vətəndaşlıq borcudur. Azərbaycan xalqı bundan sonra da dövlətçilik ənənələrinə sadiq qalmalı, milli maraqlar ətrafında birləşərək güclü və qüdrətli Azərbaycanın inkişafına öz töhfəsini verməlidir.
Əminik ki, xalqımızın milli birliyi, dövlətinə bağlılığı və vətənpərvərlik ruhu Azərbaycanın müstəqilliyini daim əbədi və sarsılmaz edəcəkdir.
28 May - Müstəqillik Gününüz mübarək!
Yaşasın müstəqil Azərbaycan Respublikası!
Yaşasın Azərbaycan xalqının milli birliyi və dövlətçiliyi!