WUF13-də
Siyasət
212
19:00, Bu gün

WUF13-də "Baku Urban Award" mükafatı təsis olundu - FOTO

Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat - Bakı Şəhərsalma Mükafatını ("Baku Urban Award") təsis ediblər.

Moderator.az xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində reallaşan mərasimdə yeni mükafatın rəsmi təqdimatı keçirilib. Azərbaycan Respublikası Hökumətinin təşəbbüsü ilə təsis olunan bu beynəlxalq mükafat dayanıqlı şəhər inkişafı və əlçatan mənzil sahəsində qabaqcıl şəhərsalma həllərinin təşviqini məqsəd qoyur.

Bakı Şəhərsalma Mükafatı uzunmüddətli sosial, iqtisadi və ekoloji təsir potensialına malik praktik şəhər həllərinin beynəlxalq səviyyədə təşviqinə yönəlmiş qlobal platforma kimi formalaşdırılır.

Mükafat Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) əsas qalıcı irsindən biri olacaq. Mükafat forum çərçivəsi ilə məhdudlaşmayaraq, qlobal şəhər gündəliyinin uzunmüddətli təşviqinə xidmət edən beynəlxalq mexanizm kimi nəzərdə tutulur.

Təşəbbüs üç əsas istiqamətin birləşdirilməsini nəzərdə tutur:

• şəhərsalma mütəxəssisləri tərəfindən artıq tətbiq olunan praktik həllər;

• ekspert bilikləri və elmi əsaslandırılmış yanaşmalar;

• uğurlu təcrübələrin milli və beynəlxalq siyasətə inteqrasiyası.

Qiymətləndirilmə memarlıq, şəhərsalma, mənzil təminatı, iqlim dayanıqlılığı, maliyyə və vətəndaş cəmiyyəti sahələrində aparıcı beynəlxalq ekspertlərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən həyata keçiriləcək. Mükafat dünyanın bütün regionlarını təmsil edən iştirakçılar üçün açıq platforma olacaq.

Bakı Şəhərsalma Mükafatının təsis olunması Azərbaycanın qlobal şəhərsalma və iqlim gündəliyinə uzunmüddətli sadiqliyinin növbəti təzahürüdür. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərə COP29-a ev sahibliyi, "Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları (MAP)" və "Bakı Davamlılıq Koalisiyası" təşəbbüslərinin irəli sürülməsi, "UN-Habitat"ın "Hər kəs üçün münasib mənzil" üzrə Açıq Hökumətlərarası İşçi Qrupuna həmsədrlik , eləcə də WUF13-ə Bakının ev sahibliyi etməsi daxildir.

Azərbaycanın "UN-Habitat"la əməkdaşlığı 2022-ci ildə Azərbaycan Milli Şəhərsalma Forumunun təsis edilməsindən etibarən ardıcıl şəkildə inkişaf edir. Bu əməkdaşlıq çərçivəsində şəhərsalmanın inkişafı sahəsində birgə layihələr həyata keçirilir. Buraya, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında üç Milli Şəhərsalma Forumunun təşkili, eləcə də 2023-cü ildə Bakıda Ümumdünya Məskunlaşma Günü münasibətilə keçirilmiş tədbirlər daxildir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər