“Azərbaycan hər zaman sülhə tərəfdardır, amma təxribat cəhdlərinə cavabı da  inanılmaz dərəcədə amansızdır” – Milli Məclisin sədr müavini
Siyasət
233
10:29, Bu gün

“Azərbaycan hər zaman sülhə tərəfdardır, amma təxribat cəhdlərinə cavabı da  inanılmaz dərəcədə amansızdır” – Milli Məclisin sədr müavini

Ölkə Prezidenti cənab İlham Əliyevin Zəngilana səfəri və sakinlərlə görüşdəki çıxışı Azərbaycanın həm daxili inkişaf istiqamətlərini, həm də regional siyasətdə tutduğu mövqeni bir daha göstərdi.   Dövlət başçımızın səsləndirdiyi fikirlər Azərbaycanın sülhə əsaslanan xarici siyasət xəttinə və qonşu ölkələrlə sabit mehriban münasibətlərə üstünlük verdiyini göstərdi. 
 
Maraqlıdır, ölkə başçımızın  Zəngilandan səsləndirdiyi açıq və sərt mesajından sonra Ermənistan cəmiyyəti qarşıdakı parlament seçkilərində hansı tarixi seçimi edəcək? Regionu yeni qarşıdurma və təhlükəli revanşizmə sürükləyən radikal qüvvələri, yoxsa Azərbaycan və Türkiyə ilə davamlı sülh, əməkdaşlıq və sabit gələcək perspektivini?
 
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclis sədrinin müavini Musa Qasımlı aşıqlama verib.
 
Musa Qasımlı bildirib ki, cənab Prezidentimiz İlham Əliyevin Zəngilana səfəri zamanı səsləndirdiyi fikirlər həm ölkə daxili, həm regional, həm də beynəlxalq məsələlər baxımından əhəmiyyətlidir:
 
"Cənab Prezidentimiz İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər bir səfəri yeniliklərlə müşayiət olunur. Aparılan bərpa və quruculuq işləri dövlətimizin aydın, planlı xəttinin uğurla həyata keçirildiyini göstərir. Həmin ərazilərdə ən yeni Azərbaycan qurulur. Regionun iqtisadi potensialının formalaşdırılması ilə paralel olaraq dədə-baba torpaqlarında dövlət büdcəsi hesabına tikilmiş mənzillərlə təmin olunmuş keçmiş məcburi köçkün bacı və qardaşlarımızın sosial rifah halı da yüksəldilir. Yeni mənzillərin açarlarının təqdim edilməsi və regionun qarşıdakı illərdə sosial-iqtisadi inkişafına dair dövlət başçımızın açıqladığı planlar vahid strateji xəttin olduğunu bir daha göstərir.  Bu dəfə də dövlət başçımız bir neçə sosial layihənin təməlini qoydu və ərazinin əsas inkişaf istiqamətləri ilə bağlı ən vacib məsələləri qeyd etdi.
 
Cənab Prezidentimiz regional və beynəlxalq məsələlərlə bağlı dövlətimizin mövqeyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan sülhsevər dövlətdir, münaqişə, müharibə  istəmir və bütün qonşuları ilə dinc, mehriban şəraitdə yaşamağa çalışır. Dövlət başçımız eyni zamanda Ermənistanda qarşıdan gələn seçkilərlə bağlı Azərbaycan dövlətinin açıq mövqeyini  açıq və birmənalı şəkildə bəyan etdi".
 
Sədr müavini vurğulayıb ki, seçki təbii olaraq hər bir ölkənin daxili işidir, xalqın seçimidir. Amma seçkinin nəticələri  həmişə qonşularla münasibətlərə təsir göstərir. 
 
"Ermənistanda keçiriləcək seçkilərdə mübarizə sülh və müharibə tərəfdarları arasında gedəcəkdir. Müharibə tərəfdarlarını – revanşistləri Cənubi Qafqazı öz maraqları naminə yenidən qan gölünə çevirmək istəyən dövlətlər qızışdırırlar. Onların hakimiyyətə gəlməsi erməniləri yeni, sonu görünməyən bədbəxtliklər girdabına, çıxılmaz, dibi dərin qaranlıq quyuya salacaqdır. Sülh tərəfdarlarının qalib gəlməsi isə ermənilərin qonşuları ilə mehriban, dinc şəraitdə və rifah içində yaşamaları demək olacaqdır.
 
Cənab Prezidentimiz bildirdi ki, bizim Ermənistanla müharibə etmək niyyətimiz yoxdur. Əgər başqaları – yəni revanşist qüvvələr hakimiyyətə gələrlərsə, o zaman erməni xalqının başı dərddə olacaqdır. Bu, erməni cəmiyyətinə gələcəyini düzgün müəyyənləşdirməyə dair verilən müdrik bir tövsiyədir, eyni zamanda ciddi bir xəbərdarlıqdır. İyunun 7-də ermənilər sülh və müharibə arasında seçim edəcəklər. Ermənilər nə istəyəcəklər: sülh, yoxsa onlara böyük fəlakətlər gətirəcək müharibə? Sülh onların xoşbəxt gələcəyi, müharibə isə bədbəxtlikləri olacaqdır. Artıq seçim onların öz işidir.
 
Dövlət başçımızın çıxışında uzaqdan gəlib regionu qarışdırmaq istəyənlərə də açıq xəbərdarlıq edildi. Axı, 44 günlük müharibə və antiterror tədbirləri zamanı da həmin ölkələr Ermənistanın yanında idilər. Nə edə bildilər? Azərbaycan dövlətinin iradəsi qarşısında geri çəkilməyə və reallığı qəbul etməyə məcbur oldular. Deməli, bundan sonra da Azərbaycanla başqa cür davranmaq istəyənlər peşman olacaqlar. 
 
Azərbaycanın Ermənistana hücum etmək niyyəti olmayıb və indi də yoxdur. Deməli,  onu Azərbaycandan qorumağa ehtiyac da qalmır. Həmin dövlətlər erməni xalqını rahat buraxmalı, öz maraqları naminə istifadə edib, acı və göz yaşları gətirməməlidirlər. Ermənilərin xoşbəxt bu günü və gələcəyi müstəqil olmalarında, qonşularla mehriban keçinmələrindədir. 
 
Çıxışında dövlət başçımız bir daha göstərdi ki, Azərbaycan dövləti qüdrətlidir, qarşısına qoyduğu istənilən məqsədə nail olub, olur və olacaqdır. Regionda ən doğru yol memarı cənab Prezidentimiz İlham Əliyevin müəyyən etdiyi sülhdür. Sülhdən tarix boyu heç bir ölkə ziyan görməyib. Düşünürəm ki, cənab Prezidentimizin bu çıxışından sonra ermənilər düzgün seçim edə biləcəklər".
 
Pərvin Şakirqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər