Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ili tamam olur. Heydər Əliyev müasir və müstəqil Azərbaycan dövlətinin memarı kimi xalqımızın tarixində əbədi iz qoymuş böyük Şəxsiyyətdir. O, ölkənin ən ağır və taleyüklü dövründə xalq və o zamankı iqtidar tərəfindən hakimiyyətə təkrar dəvət edilərək Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi böhran, vətəndaş qarşıdurması və xaos dövlətçiliyimizi ciddi təhlükə altına salmışdı. Məhz Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və uzaqgörənliyi sayəsində Azərbaycanda sabitlik təmin olundu, normal dövlət idarəçiliyi bərpa edildi və xalqın gələcəyə inamı yenidən təsis olundu.
Ulu Öndər ölkədə fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin qarşısını qətiyyətlə aldı, güclü nizami ordunun əsasını qoydu və dövlətin təhlükəsizlik sistemini yenidən inşa etdi. Bu ordu sonralar Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm rol oynadı. Heydər Əliyev hələ o dövrdə torpaqlarımızın işğaldan azad edilməsinin siyasi, iqtisadi və hərbi əsaslarını müəyyən etmiş, gələcək Zəfərin strateji yol xəritəsini hazırlamışdı.
Rusiya və İranın ciddi müqavimətinə və hədələrinə baxmayaraq 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın inkişaf tarixində dönüş nöqtəsinə çevrildi. Bu müqavilə sayəsində ölkəyə böyük həcmdə xarici investisiyalar cəlb olundu, iqtisadiyyat dirçəldi, yeni iş yerləri yaradıldı və Azərbaycanın beynəlxalq mövqeyi gücləndi. Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası ölkəmizin iqtisadi müstəqilliyini təmin edən əsas amillərdən biri oldu.
Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə milli Konstitusiya qəbul edildi və bununla da müstəqil dövlətimizin hüquqi əsasları formalaşdırıldı. İnsan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Heydər Əliyevin təşəbbüsü ilə ölüm hökmü ləğv edildi ki, bu da Azərbaycanın humanist və demokratik dəyərlərə sadiqliyinin bariz nümunəsi idi.
Mətbuat azadlığının təmin olunması istiqamətində də mühüm qərarlar qəbul edildi. Mətbuat üzərində senzura aradan qaldırıldı, müstəqil medianın inkişafı üçün geniş imkanlar yaradıldı. Bununla yanaşı, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının və ictimai qurumların formalaşmasına və güclənməsinə xüsusi önəm verildi.
Heydər Əliyev yalnız siyasi və iqtisadi sahədə deyil, milli-mənəvi dəyərlərin qorunması istiqamətində də misilsiz xidmətlər göstərdi. O, azərbaycançılıq ideologiyasını formalaşdıraraq milli birliyi gücləndirdi, xalqın milli kimliyini və mənəvi dəyərlərini qorudu. Azərbaycan dilinin inkişafına ayrıca diqqət göstərildi, latın qrafikalı əlifbaya keçid təmin edildi və milli-mədəni irsimizin qorunması dövlət siyasətinin vacib istiqamətinə çevrildi.
Heydər Əliyev bütövlükdə, həyatını müstəqil, güclü və qüdrətli Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr etdi. Onun həyatının əsas qayəsi xalqının təhlükəsiz, azad və firavan gələcəyini təmin etməkdən ibarət olmuşdur. Ulu Öndər bu müqəddəs amala böyük zəhmət, qətiyyət, siyasi uzaqgörənlik və misilsiz fədakarlıq hesabına nail oldu. O, dövlətin və xalqın taleyi naminə ən ağır sınaqlardan keçdi, heç bir təhlükədən qorxmadı, geri çəkilmədi və hər zaman Azərbaycanın maraqlarını hər şeydən üstün tutdu.
Heydər Əliyevə qarşı dəfələrlə terror aktları, silahlı çevriliş cəhdləri və dövlətçiliyi sarsıtmağa yönəlmiş təxribatlar həyata keçirildi. Lakin onun zəngin dövlətçilik təcrübəsi, siyasi müdrikliyi, sarsılmaz iradəsi, cəsarəti və xalqın ona olan sonsuz inamı sayəsində bu təhlükələrin qarşısı qətiyyətlə alındı. Ulu Öndər yalnız güclü siyasətçi deyil, həm də xalqının taleyini öz taleyi bilən böyük Lider idi.
Onu da xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev Azərbaycan xalqının çoxəsrlik tarixində milli mücadiləni həmişə qələbə ilə başa vuran və zamanın fövqündə durmağı bacaran nadir Liderlərdəndir. Onun əsasını qoyduğu müasir Azərbaycan dövləti zamanın ən ağır sınaqlarından alnıaçıq, üzüağ çıxmağı bacardı. Ulu Öndərin formalaşdırdığı dövlətçilik məktəbi, milli birlik siyasəti və strateji inkişaf xətti Azərbaycanın gələcək uğurlarının əsasını təşkil etdi.
Bu siyasi məktəb İlham Əliyev kimi müdrik dövlət başçısı, Müzəffər Ali Baş Komandan yetişdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı 200 ilə yaxın davam edən erməni separatizminə və 30 illik işğala son qoydu. Tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bu qələbənin təməlində Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs, milli həmrəylik siyasəti və güclü dövlətçilik strategiyası dayanırdı.
Bu gün dünyanın müxtəlif bölgələrində, o cümlədən şimal və cənub sərhədlərimizdə müharibələrin, qarşıdurmaların və qeyri-sabitliyin artdığı, beynəlxalq münasibətlərdə güc amilinin ön plana çıxdığı mürəkkəb bir dövrdə Azərbaycanın sabit, güclü və söz sahibi dövlətə çevrilməsinin əsas səbəbi, məhz Heydər Əliyev siyasi kursu və Prezident İlham Əliyev tərəfindən bu kursun müdrikcəsinə davam etdirilməsidir.
Əminəm ki, Heydər Əliyevin müəyyən etdiyi bu strateji inkişaf yolu, siyasi irs və dövlətçilik məktəbi bu gün olduğu kimi, gələcəkdə də Azərbaycan dövlətinin və xalqının milli maraqlarnın yüksək səviyyədə təmin olunmasına xidmət edəcəkdir.
Ruhun şad olsun, Ulu Öndər!