Səməd Seyidov:
Siyasət
285
14:51, Bu gün

Səməd Seyidov: "Okampo kimilərinin əməllərini indi Avropa ictimiyyəti də görməlidir"

"Avropa İttifaqının rəhbərliyində korrupsiyanın hansı həddə çatdığını indi hamı görür. Avropa qurumlarında erməni lobbisinin əli ilə baş verənləri artıq gizlətmək mümkün deyil. Sözsüz ki, söhbət BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlu Tomasın əks olunduğu videogörüntülərdən gedir".
 
Bu sözləri Moderator.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
 
O qeyd edib ki, onların hər ikisi bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə çox açıq və çılpaqlığı ilə danışırlar:
 
“Xalqımızın gözəl bir deyimində olduğu kimi, sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Biz bunu indi əyani şəkildə görürük. Onların hər bir hərəkəti, sözü korrupsiya, cinayət və qeyri-qanuni məsələlərlə dolu olub. Sadəcə olaraq, buna “demokratiya donu” geyindirərək dünyaya təqdim edirdilər. Bununla da əslində demokratik dəyərləri tam olaraq ifşa etdilər. Sözsüz ki, söhbət bu şəxslərin özlərindən deyil, ali dəyərlərdən gedir. Çünki korrupsiyaya uğramış cinayətkarlar insan haqqlarını, qanunun aliliyini, demokratik idarəetmə üsulunu tam ifşa etdilər. İndiki halda bunları başqa cür adlandırmaq da çətindir”.
 
Komitə sədri hesab edir ki, Okampo kimilərinin rüşvət müqabilində Azərbaycana qarşı çıxış etmək siyasəti hamıya çoxdan bəllidir:
 
“Bu kimi yanaşmalara qarşı Azərbaycan tərəfinin hər zaman kəskin etirazı olub. Bu yaxınlarda Belçika və Niderland parlamentlərinin ədalətsiz yanaşmalarına Azərbaycan Milli Məclisi də özünün kəskin münasibətini bildirdi. Srağagün Avropa Parlamentində Ermənistanla bağlı və Azərbaycana heç bir aidiyyəti olmayan “sənəd”in məhz indiki şəraitdə ortaya çıxmasının cavabı çox sadədir. Çünki Azərbaycanın yaratdığı yeni reallıq o dərəcədə möhkəm və təsirlidir ki, artıq bunun qarşısını almaq mümkün olmur. Bu, yalnız Azərbaycanın deyil, regionun simasını dəyişdirir. Qısa zamanda Avropa İttifaqına üzv ölkələr, Latviya, Litva, Çexiya, İtaliyanın baş nazirinin və digər aparıcı ölkələrin əsas məmurlarının Azərbaycana səfərlərinin baş tutması məhz bundan xəbər verir ki, sanki Ermənistanda keçirilməsi nəzərdə tutulmuş Avropa Siyasi Birliyinin sammiti bu ölkədə deyil, Bakıda keçirilir. Bu özlüyündə ona dəlalət edir ki, regionun hər hansı bir hissəsini, ölkəsini Avropa istiqamətində inkişaf etdirmək, yaxınlaşdırmaq fikrinə düşən qurum ilk olaraq Azərbaycanı nəzərdə tutmalıdır”.
 
Səməd Seyidov hesab edir ki, bu kontekstdə sülh istəməyən və Azərbaycana qarşı işləyən qüvvələr bir qədər aktivləşiblər:
 
“Onların içərisində Okampo, Jozef Borrel və onların ətrafında olanlar özlərini ifşa etməyə başlayıblar. Sözsüz ki, Azərbaycan tərəfi olaraq biz bu haqda çoxdan bilirdik. İndi isə Avropa ictimaiyyəti də bunu bilməlidir. Təəssüf ki, ümumilikdə Avropada, Avropa Parlamentində, AŞPA-da elə dərin bir böhran yaranıb ki, Okamponun aşkara çıxan korrupsiya qalmaqalı heç də ilk deyil. Çünki indiyə kimi bu istiqamətlərdə kimlərsə həbs edilib, ifşa olunub. Amma onlar yenə də öz korrupsiya əməllərindən əl çəkmirlər. Bu da ona dəlalət edir ki, Avropa İttifaqı kimi bir təşkilatın özünün korrupsiyaya bulaşmış, dərin böhran içərisində olan bir quruma çevrildiyinin əyani təzahürüdür”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər