UNEC-də “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda IV beynəlxalq konfrans öz işinə başlayıb - FOTO
Cəmiyyət
204
19:33, Bu gün

UNEC-də “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda IV beynəlxalq konfrans öz işinə başlayıb - FOTO

Aprelin 23-də UNEC-də “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda IV Beynəlxalq Konfrans işinə başlayıb.

Rəqəmsal İqtisadiyyat fakültəsinin təşkilatıçılığı ilə keçirilən konfransın iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar.

Açılışda çıxış edən UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayev konfrans iştirakçılarını salamlayaraq, mövzunun aktuallığını vurğulayıb. O, müasir dövrdə rəqəmsallaşmanın milli inkişafın strateji prioritetinə çevrildiyini diqqətə çatdıraraq, məlumat və innovativ texnologiyaların qlobal iqtisadi münasibətləri yenidən formalaşdırdığını, süni intellekt alətlərinin isə bu prosesdə həlledici rol oynadığını vurğulayıb. R.Rzayev rəqəmsallaşmanın təhsil sisteminə təsirlərindən də söz açıb. Eləcə də UNEC-in elmi nailiyyətləri və beynəlxalq reytinqlərdə qazandığı uğurları işttirakçıların diqqətinə çatdırıb.

Konfransda çıxış edən AMEA-nın həqiqi üzvü Əli Abbasov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini Soltan Bayramov Azərbaycanda rəqəmsallaşma sahəsində dövlət səviyyəsində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətdən söz açıblar. Qeyd olunub ki, ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə mühüm sərəncam və strateji sənədlər qəbul edilib, rəqəmsal ekosistemin formalaşdırılması və bu sahəyə investisiyaların cəlb olunması üçün geniş imkanlar yaradılıb.

Çıxışlarda bildirilib ki, Azərbaycan rəqəmsal transformasiya baxımından ciddi rəqabət üstünlüklərinə malik ölkələrdən biridir. Xüsusilə aşağı enerji xərcləri, strateji coğrafi mövqe və inkişaf etməkdə olan rəqəmsal insan kapitalı ölkənin investisiya cəlbediciliyini artıran əsas amillər kimi qeyd olunub. Eyni zamanda vurğulanıb ki, azad iqtisadi zonaların və xüsusi sənaye parklarının yaradılması investisiya mühitini daha da gücləndirir, beynəlxalq şirkətlərin ölkəyə çıxış imkanlarını genişləndirir.

AMEA-nın müxbir üzvü, Azərbaycan Texniki Universitetinin Məlumat Elmləri və Süni İntellekt İnstitutunun direktoru, professor Ramiz Alıquliyev çıxışında məlumatın və datanın müasir dövrdə strateji resursa çevrildiyini bildirib. O, data əsaslı qərarvermənin iqtisadiyyat, elm və idarəetmədə effektivliyin artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Konfrans onlayn formada Rumıniya, Macarıstan, Türkiyədən olan professorların çıxışları ilə  davam edib. Sonra “Süni intellekt və əmək bazarı: yeni peşələr, bacarıqlar və məşğulluq modelləri” mövzusunda panel müzakirəsi, həmçinin rəqəmsal iqtisadiyyatda strateji trendlər və təhsildə rəqəmsal transformasiya mövzularını əhatə edən sessiya çıxışları baş tutub.

Aprelin 24-də isə konfrans çərçivəsində “Süni intellekt katalizator kimi: sənaye cəmiyyətinin ağıllı cəmiyyətə çevrilməsi - etik və hüquqi çərçivə” mövzusunda panel müzakirəsi, eləcə də kibertəhlükəsizlik, yaşıl iqtisadiyyat, e-ticarət və rəqəmsal marketinq strategiyaları kimi mövzularda sessiya müzakirələri keçiriləcək. Konfransda Türkiyə, Rumıniya, Macarıstan, Gürcüstan, Polşa və Hindistanın, eləcə də ölkənin aparıcı universitetlərinin alimləri, dövlət və özəl qurumların nümayəndələri çıxış edəcəklər.

İki günlük müzakirələrin yekunu olaraq konfransın nəticələri haqqında yekun hesabat təqdim ediləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər