Daha 5 Azərbaycan vətəndaşı Suriyadan ölkəmizə gətirildi
Siyasət
282
16:10, Bu gün

Daha 5 Azərbaycan vətəndaşı Suriyadan ölkəmizə gətirildi

Beş Azərbaycan vətəndaşı Suriyadan repatriasiya olunub.
 
Bu barədə Moderator.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları"nın müvafiq müddəalarına uyğun olaraq aprelin 21-də Suriyanın münaqişə bölgəsindən iki qadın və üç uşaq olmaqla, ümumilikdə beş nəfər Azərbaycan vətəndaşının Türkiyədən ölkəmizə repatriasiyası həyata keçirilib.
 
İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə ərazisinə keçidi təşkil olunub.
 
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyənin İstanbul şəhərinə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
 
Azərbaycanın Türkiyədəki səfirliyi və İstanbuldakı Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.
 
Aprelin 21-də nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.
 
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
 
Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər