Səfirlik: ABŞ və Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının icrası istiqamətində fəal iş aparır
Siyasət
148
19:00, Bu gün

Səfirlik: ABŞ və Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının icrası istiqamətində fəal iş aparır

Aprelin 17-də Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) aylıq Üzvlər Naharı keçirilib.

Bu barədə Moderator.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tədbirdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon, Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə baş məsləhətçisi Rebeka Neff və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrə ölkə meneceri Sara Leminq iştirak ediblər.

Qeyd edilib ki, AmCham Azərbaycan ölkədə kommersiya əlaqələrinin inkişafında və ABŞ özəl sektorunun Azərbaycandakı fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır.

“ABŞ və Azərbaycan hökumətləri fevralın 10-da vitse-prezident Cey Di Vens və Prezident İlham Əliyev tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının icrası istiqamətində fəal iş aparırlar. Əsas çıxışında Müvəqqəti işlər vəkili Karlon regional bağlantıların genişləndirilməsi, o cümlədən enerji, ticarət və tranzit sahələrində əməkdaşlıq, iqtisadi investisiyalar — xüsusilə süni intellekt və rəqəmsal infrastruktur — eləcə də təhlükəsizlik sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində görülən işləri vurğulayıb. Xanım Neff və USTDA nümayəndə heyətinin səfəri də bu səylərin tərkib hissəsidir və məqsəd Azərbaycanla birgə konkret layihələr hazırlayaraq ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırmaqdır”, - məlumatda vurğulanıb.

Müvəqqəti işlər vəkili Karlon Azərbaycanın regional nəqliyyat və yükdaşıma mərkəzi kimi böyük potensiala malik olduğunu qeyd edib və hər iki ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işləri vurğulayıb. Bu səylərin qarşılıqlı investisiyaların və ticarətin artmasına, eləcə də ümumi rifahın yüksəlməsinə töhfə verəcəyi bildirilib. O, ABŞ–Azərbaycan münasibətlərinin inkişafına verdiyi uzunmüddətli töhfələrə görə AmCham-a təşəkkürünü bildirib.

“Tramp Administrasiyası dövründə biz iqtisadi diplomatiyaya və qarşılıqlı rifah yaradan razılaşmalara xüsusi önəm veririk”, - Emi Karlon qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər