Təşvişə qapılmadan sadə gigiyena qaydalarına əməl etmək lazımdır - Həkim hantavirusla bağlı iddialara aydınlıq gətirdi
Sağlamlıq
285
15:23, Bu gün

Təşvişə qapılmadan sadə gigiyena qaydalarına əməl etmək lazımdır - Həkim hantavirusla bağlı iddialara aydınlıq gətirdi

Son günlər hantavirus yenidən dünya gündəminin əsas mövzularından birinə çevrilib. Xüsusilə Atlantik okeanında üzən bir gəmidə hantavirusun “Andes” adlı alt növünə yoluxma faktının aşkarlanması və 3 nəfərin həyatını itirməsi xəbəri insanlarda ciddi narahatlıq yaradıb. Sosial şəbəkələrdə virusun yeni pandemiyaya çevrilə biləcəyi ilə bağlı müxtəlif iddialar yayılır. Bəs, hantavirus həqiqətən yeni təhlükəyə çevrilə bilərmi?
 
Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında həkim-infeksionist İsmayıl Allahverdiyev bildirib ki, son günlər yayılan xəbərlər insanlarda təşviş yaratmış olsa da, vəziyyətə emosional deyil, elmi yanaşmaq lazımdır: “Hantavirusla bağlı xəbərlər insanlarda təşviş oyatmış ola bilər. Onu qeyd edim ki, hantavirus insanda böyrəkləri və ağciyərləri zədələyərək ciddi xəstəliklər yaradır”.
 
Onun sözlərinə görə, məsələni düzgün qiymətləndirmək üçün virusun yaranma tarixini, yayılma mexanizmini və biologiyasını nəzərə almaq vacibdir:
“Bu suala cavab vermək üçün virusun ilk tarixinə, indiyə qədər baş vermiş yoluxma hallarına və virusun biologiyasına nəzər salmaq lazımdır: "
Hantavirusların əsas daşıyıcıları gəmiricilərdi. Sadə dillə desək, daşıyıcıları gəmiricilər olan virus ailəsidir. Virus insana adətən yoluxmuş gəmiricilərin ifrazatlarının mikro hissəciklərinin hava ilə udulması vasitəsilə keçir. Amma həmin hissəciklər dəridəki xırda kəsiklərə, gözün və burunun selikli qişasına, ümumiyyətlə bədənin açıq selikli nahiyələrinə düşdükdə də yoluxma baş verə bilər”.
 
İsmayıl Allahverdiyev bildirib ki, xəstəlik ilk dəfə ötən əsrin ortalarında Koreya müharibəsi zamanı geniş şəkildə müşahidə olunub: “O zaman ona Koreya hemorragik qızdırması adı verilmişdi. Hazırkı adını isə Koreyadakı Hantaan çayından götürüb: "İndiki halda əsas narahatlıq doğuran məqam andes virusudur. Çünki bu virus bütün hantavirus növləri arasında insandan insana keçə bilən yeganə növ hesab olunur. Məhz həmin gəmidə də bu növ ilə insandan insana yoluxma halı qeydə alınıb. Amma bununla belə bu yoluxma yalnız uzun müddətli və çox yaxın təmas zamanı mümkündür”.
 
Həkim statistik rəqəmləri diqqətə çatdıraraq deyib ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatlarına görə, 1993-2023-cü illər ərzində ABŞ-də 890 hantavirus yoluxması qeydə alınıb: “Məhz insandan insana yoluxan andes virusu isə ilk dəfə Argentinada aşkarlanıb. CDC-nin son məlumatlarına görə, ağır tənəffüs simptomları ilə müşahidə olunan pulmonar sindromlu xəstələrdə ölüm faizi təxminən 38 faizdir. Amma hesab edirəm ki, hazırkı mərhələdə virusun pandemiyaya çevrilmə ehtimalı aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatı və CDC pandemiya kimi qlobal riski aşağı qiymətləndirir. Çünki andes virusu COVID-19 kimi aerozol yolu ilə sürətlə yayılan virus deyil. İnsandan insana yoluxmasının mümkün olmasına baxmayaraq, bu, əsasən çox yaxın və uzunmüddətli təmas zamanı baş verir”.
 
O əlavə edib ki, gəmidən kənarda əlavə yoluxma hallarının qeydə alınmaması da riskin aşağı olduğunu göstərir:“Virusun daşıyıcıları dünyanın hər yerində eyni səviyyədə yayılmayıb. Məhz bu səbəblərə görə də pandemiya riski aşağı hesab olunur. Amma andes virusu insandan insana yoluxa bildiyi üçün məsələyə etinasız yanaşmaq olmaz. Zamanla virusun bioloji xüsusiyyətlərində dəyişikliklərin olması istisna edilmir”.
 
İsmayıl Allahverdiyev profilaktik tədbirlərin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, ilk növbədə gəmiricilər və onların ifrazatları ilə təmasdan qaçmaq lazımdır: “Gəmiricilər olan yerlərdə təmizlik apararkən süpürmək əvəzinə əvvəlcə həmin yerləri isladıb daha sonra təmizləmək lazımdır. Təmizlik zamanı N95 maska və əlcəkdən istifadə edilməlidir. Həmçinin evlərin və ərzaqların gəmiricilərdən qorunması da əsas şərtlərdən biridir. Eyni zamanda risk qrupuna daxil olan şəxslər – əkinçilər, meşəbəyləri, laboratoriya işçiləri və zərərvericilərlə mübarizə aparan insanlar xüsusi qoruyucu vasitələrlə təmin olunmalıdır.
 
Həkim-infeksionist, andes virusuna yoluxmuş şəxslərlə yaxın təmasda olan insanlara da xəbərdarlıq edib: “Əgər bir insan yoluxmuş şəxslə yaxın təmas olubsa, inkubasiya dövrü bitənə qədər özünü müşahidə etməlidir. Bu müddət 4-42 gün arasında dəyişə bilər. Həmin dövrdən sonra qızdırma, əzələ ağrıları və ya tənəffüs çətinliyi yaranarsa, dərhal həkimə müraciət olunmalıdır. Bütün bunlara baxmayaraq, təşvişə düşməmək lazımdır. Andes virusunun törətdiyi xəstəlik ciddi və ağır olur. Amma bu xəstəliyin COVID-19, qrip və digər infeksion xəstəliklərlə müqayisədə bəşəriyyətə vurduğu zərər daha azdır. Buna görə də qorxmağa ehtiyac yoxdur. Sadəcə təşvişə qapılmadan düzgün informasiya almaq, sadə gigiyena qaydalarına əməl etmək və risk qrupları üçün profilaktik tədbirlər görmək lazımdır”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər