Şeyx Əbdül 24 saat sonra fikrini dəyişdi: “Sədr Şəfiqə Məmmədova olsun...”
141
14:24, Bu gün

Şeyx Əbdül 24 saat sonra fikrini dəyişdi: “Sədr Şəfiqə Məmmədova olsun...”

Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov ötən gün Musavat.com-a verdiyi müsahibədən sonra fikrini dəyişdiyini açıqlayıb.

Xalq artisti bildirib ki, bu günlərdə keçiriləcək Kino İttifaqının qurultayında başqa bir şəxsin deyil, məhz Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın seçilməsini istəyir: “Ötən gün verdiyim müsahibə rezonans doğurdu və mən kimin ittifaqın sədri seçiləcəyi haqda konkret ad çəkmədim. Amma indi rəsmi olaraq elan edirəm ki, qurultayda Şəfiqə Məmmədovanın namizədliyini irəli sürəcəyəm. Səbəbi də odur ki, Şəfiqə Məmmədova bütün rəsmi dövlət strukturlarından müvafiq dəstək alaraq kino məbədimizi bərpa edə biləcək şəxsiyyətdir. Məncə, bu işi həyata keçirə biləcək ən uyğun namizəd məhz Şəfiqə xanımdır. Ona görə də onun namizədliyini təklif edəcəyəm”.

“Niyə birdən-birə fikrinizi dəyişdiniz” sualına isə Xalq artisti belə cavab verib: “Çünki söz-söhbət yarandı, hər kəs müxtəlif fikirlər səsləndirməyə başladı. Ona görə də bu mövqeni açıq şəkildə bildirməyi qərara aldım”.


Xatırladaq ki, Şeyx Əbdül Mahmudov daha əvvəl Musavat.com-a müsahibəsində Kino İttifaqına sədr kimi kimi görmək istədiyi ilə bağlı belə demişdi: “Konkret olaraq məsələ böyük kino məbədimizin bərpası ilə bağlıdır. Əsas məqsəd kinostudiyanın dirçəldilməsidir. Ona görə də elə bir insan seçilməlidir ki, onun Kino İttifaqında, kinostudiyada və ümumilikdə bu sahədə nüfuzu olsun, səsi eşidilsin. Bizə elə bir şəxs lazımdır ki, problemləri yüksək səviyyədə çatdıra bilsin. Belə bir adam var və o, çox tanınmış kino xadimidir. Lakin qurultaydan əvvəl ad çəkmək istəmirdim”.

“Şəfiqə Məmmədova sədr seçilməsə, incik qala bilərmi” sualına isə Şeyx Əbdül Mahmudov belə münasibət bildirmişdi: “Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın. İnşallah, mayın 10–15-i aralığında baş verəcək proseslər hər kəsin ürəyincə olacaq”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər