65 milyard dollar: ABŞ üçün yük, yoxsa “xırda xərc”? – İrana qarşı müharibənin real qiyməti
Dünya
217
12:20, Bu gün

65 milyard dollar: ABŞ üçün yük, yoxsa “xırda xərc”? – İrana qarşı müharibənin real qiyməti

ABŞ Müdafiə Nazirliyi Pentaqon açıqlayır ki, İrana qarşı hərbi əməliyyatların xərci indiyə qədər təxminən 25 milyard dollar təşkil edib. Lakin müstəqil analiz platforması olan "Iran War Cost Tracker" bu rəqəmin reallıqda 65 milyard dolları keçdiyini iddia edir.
 
Tarix göstərir ki, ABŞ-ın iştirak etdiyi böyük hərbi kampaniyalar adətən aşağı xərclərlə başlayır, lakin zaman keçdikcə bu rəqəmlər kəskin şəkildə artır. İraq münaqişəsi bunun klassik nümunəsidir: ilkin mərhələdə idarə olunan görünən xərclər sonradan trilyonlarla dollarlıq yükə çevrildi. Bu kontekstdə İrana qarşı əməliyyatlara ayrılan 25 və yaxud 65 milyard dolları potensial olaraq böyüyəcək prosesin başlanğıcı kimi qiymətləndirilir. Həmçinin, bu xərclərin ABŞ iqtisadiyyatını müəyyən qədər olsa da sarsıdacağl, dolayı təsirlərinin qaçılmaz olduğunu bildirənlər var. İndi tez-tez bu sual səslənir ki, bu pullar xarici münaqişələrə sərf olunmalıdır, yoxsa daxili problemlərin həllinə?
 
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb.
 
İqtisadçı qeyd edib ki, ilk baxışda 25 və ya 65 milyard dollar fantastik səslənsə də, ABŞ-ın ümumi daxili məhsulu on trilyonlarla dollarla ölçülür və bu fonda on milyardlarla dollar xərclər makroiqtisadi baxımdan kritik görünmür. İqtisadçının fikrincə bu, ABŞ büdcəsinin “daşıya biləcəyi” yükdür.
 
"ABŞ-ın İrana qarşı əməliyyatlara xərclədiyi vəsait ətrafında gedən müzakirələrdə rəqəmlər çox vaxt emosional və şişirdilmiş formada təqdim olunur. Rəsmi açıqlamalarda bu məbləğin daha aşağı olduğu bildirilsə də, alternativ hesablamalar onun artıq 65 milyard dolları keçdiyini göstərir. Lakin bu rəqəmi düzgün anlamaq üçün onu sadəcə nominal dəyər kimi deyil, ABŞ iqtisadiyyatının miqyası daxilində qiymətləndirmək lazımdır.
 
ABŞ-ın iqtisadiyyatı təxminən 32 trilyon dollardır. Eyni zamanda, bu ölkənin illik hərbi xərci artıq 1 trilyon dolları ötür və yaxın perspektivdə – 2027-ci ildə – bu rəqəmin 1,5 trilyon dollara çatdırılması planlaşdırılır. Bu kontekstdə 65 milyard dolların çəkisi tam fərqli görünür.
Sadə müqayisə aparsaq, 65 milyard dollar illik hərbi xərclərin təxminən 6–7%i deməkdir. Ümumi iqtisadiyyatın isə cəmi 0,2%-i səviyyəsindədir
 
Odur ki, yerli və qlobal mediada “çox böyük xərc” kimi təqdim olunan bu məbləğ, əslində, ABŞ kimi maliyyə imkanları son dərəcə geniş olan bir ölkə üçün idarəolunan və rahatlıqla absorb olunan xərclər kateqoriyasına daxildir. Bəli, 65 milyard dollar böyük rəqəmdir. Amma bu “böyüklük” nisbi anlayışdır. ABŞ kimi iqtisadi nəhənglər üçün bu, sistem sarsıdan deyil, sadəcə büdcə daxilində yerləşdirilə bilən bir yükdür.
 
Məsələni daha da anlaşılan etmək üçün bunu şərti olaraq “manat dili” ilə ifadə edək:
 
ABŞ illik hərbi xərcinin hər 100 manatından cəmi 6–7 manatını, ÜDM-in hər 100 manatından isə cəmi 20 qəpiyini İranla müharibə üçün xərcləyib. Bu müqayisə açıq şəkildə göstərir ki, bu səviyyədə xərclər ABŞ üçün kritik deyil. Buna görə də bu dövlətin “müharibə xərclərini ödəməkdə çətinlik çəkir” kimi fikirləri tirajlamaq və ya buna inanmaq ən yaxşı halda sadəlövhlükdür.
 
Məsələyə bir də riyazi və zaman prizmasından baxaq. ABŞ iqtisadiyyatı ildə təxminən 32 trilyon dollar istehsal edirsə, bu, gündə orta hesabla 85–90 milyard dollar deməkdir. Bu isə o deməkdir ki, ABŞ 65 milyard dolları cəmi 18 saat ərzində yaradır – yəni bir gün belə tamam olmur.
 
Beləliklə, 65 milyard dollar böyük rəqəmdir, amma ABŞ üçün yox. Bu, nə iqtisadi böhran yaradan, nə də dövlətin maliyyə dayanıqlığını sarsıdan bir yükdür. Əsas məsələ bu deyil.
 
Əsas məsələ odur ki, bu cür xərclər davamlı xarakter alarsa, yəni müharibə uzanarsa, bu gün kiçik görünən faizlər sabah daha böyük göstəricilərə çevrilə bilər".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər