Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə verdiyi böyük töhfələr səbəbi ilə Bakıya “Əmək Şöhrəti Şəhəri” adının verilməsini təklif edib.
Şübhəsiz, Bakının belə bir təltifə namizədliyinin irəli sürülməsi gecikmiş addım olmaqla yanaşı, həm də təqdirəlayiqdir. Bu, doğma Bakımızın, bütövlükdə Azərbaycan xalqının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığın yeni bir formada əbədiləşdirilməsi, növbəti dəfə etiraf edilməsi deməkdir.
Rusiya Prezidenti tərəfindən alman faşizmi üzərində qələbənin 80-ci ildönümü ərəfəsində belə bir təklifin gündəmə gətirilməsi xalqımızın bəşəriyyətin təhlükəsizliyi və rifahına verdiyi tarixi töhfənin bu gün də unudulmadığını, təkrarən etiraf edildiyini göstərir.
Faşizm üzərindəki qələbədən 80 ilə yaxın müddət keçməsinə baxmayaraq, Azərbaycan və neft Bakısının göstərdiyi qəhrəmanlıqla müqayisədə hələ də öz layiqli qiymətini almadığı şübhəsizdir. Bu səbəbdən də tarixi ədalətin öz yerini tapması üçün məlum istiqamətdə bütün zəruri addımların atılması vacibdir.
Unutmaq olmaz ki, Bakıya verilən hər hansı fəxri ad və təltifin ölkəmiz üçün maddi anlamda bir önəmi olmasa da, mənəvi baxımdan böyük önəmi var. Bu, xalqımızın əməyinə verilən qiymət olmaqla yanaşı, həm də bizim milli kimliyimizin, qəhrəmanlığımızın beynəlxalq miqyasda isbatıdır.
SSRİ-nin varisi olan Rusiyanın bu məsələni məhz indi gündəmə gətirməsi isə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi hesab edilə bilər. Məhz Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafı, iki dövlət arasındakı münasibətlərin qarşılıqlı inam və etimad üzərində qurulması, ölkəmizin qlobal güclərin oyunlarında yer almaması, milli maraqlarımızın milli iradəmiz əsasında müdafiəsi indiki situasiyanın formalaşmasını təmin edib.
Ümid edək ki, Bakı yaxın gələcəkdə “ Qəhrəman şəhər” adını da alacaq və layiq olduğu zirvədə qərarlaşacaq.
Seymur ƏLİYEV