Bağçaları acınacaqlı durumdan necə xilas etməli? - Problemlər və gecikən həll yolları
Ekskluziv
2202
09 Jul 2024 | 21:07

Bağçaları acınacaqlı durumdan necə xilas etməli? - Problemlər və gecikən həll yolları

Giriş üçün bir neçə söz
 
Təhsil-cəmiyyətin inkişaf tempini, düşüncə parametrlərini müəyyənləşdirən, əmək bazarına bütün sahələr üzrə  yararlı kadrlar hazırlayan, toplumun barometri rolunu oynayan çox vacib sahədir. Bunlardan da daha vacib olanı, təhsilin bir nömrəli funksiyası hesab edilən nüans isə onun şəxsiyyətin formalaşdırılması missiyasıdır. Məktəbəqədər dövrdən başlayaraq, universitetə qədərki bütün mərhələlərdə təhsil azyaşlı fərdin şəxsiyyətyönümlü formalaşması üçün həyati əhəmiyyətli mərhələ hesab edilib. 
 
Göründüyü kimi, fərddən şəxsiyyət yaratma funksiyası məktəbəqədər tədrisdən başladığı üçün təhsilin ən vacib istiqaməti və ən problemli yönü olaraq bağça təhsilini qeyd edə bilərik. Təəssüf ki, aparılan statistik tədqiqatlara əsasən deyə bilərik ki,  təhsil problemlərindən bəhs edilərkən, ən az toxunulan, kölgədə qalan sahələrdən biri məhz bağça təhsilidir. 
 
Halbuki... Danışan rəqəmlər
 
Bugün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasovun media nümayəndələri üçün bağça təhsilinin durumu ilə bağlı təşkil olunan  brifinqi zamanı tərbiyəçi müəllim və metodistlərin bu il diaqnostik qiymətləndirmədən keçəcəklərini bildirib. Bağça təhsilinin təşkili və keyfiyyəti ilə bağlı zəruri problemlərin olduğu durumda diaqnostik qiymətləndirmələrin nəticələri də səbirsizliklə gözlənilir. 
 
Xatırladaq ki, 2023-cü ilin yazında Elm və Təhsil Nazirliyi tərəfindən aparılan monitorinqlər zamanı bağçalarda çalışan  11.300 metodist və tərbiyəçilərdən 5800-nün ixtisasa yararsızlığı müəyyən edilmiş və onların dərəcələri aşağı salınmışdır. (Böyük əksəriyyəti 14-cü dərəcədən 11-ci dərəcəyə)
Məktəbəqədər təhsil müəssisələrinə işəqəbul üzrə müsabiqə ilk dəfə təşkil olunduğu zaman iştirak edən 4539 tərbiyəçi və metodistdən yalnız 102 nəfəri uğur qazana bilib. 
 
Bu il isə məktəbəqədər təsil müəssisəsinin müdiri vakansiyası üçün mərkəzləşdirilmiş qaydada imtahan təşkil edilib. Test imtahanı mərhələsindən uğurla keçən 177 nəfər müsahibəyə dəvət edilib.
 
Son iki ildə isə 600-ə yaxın tərbiyəçi-müəllim mərkəzləşdirilmiş imtahan nəticəsində işə qəbul olunub.
 
Bağçalardakı problem təkcə pedaqoji kadr,eləcə də texniki heyətin kəmiyyət və keyfiyyət baxımından çatışmazlığı deyil. Adıçəkilən məsələ də təbii ki, məktəbəqədər tədrisin ümumi vizyonunu müəyyən edən, onun cəmiyyət arasındakı nüfuzuna ciddi təsir göstərən detaldır. Amma bağçalarla bağlı danışarkən səsləndirməli olduğumuz ilk problem bu təhsil pilləsinə aid olan tədris ocaqlarının, müəssisələrinin çatışmazlığıdır. Təsəvvür edin, elə regional təhsil idarəsi var ki,  bir neçə rayonu əhatə etməsinə baxmayaraq, oradakı məktəbəqədər tədris müəssisələrinin sayı cəmi 12-dir.  
 
Hazırda Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində (bağçalarda) oxumalı olan uşaqların sayı  450.000-ə qədərdir. Son statistik göstəricilərə əsasən, onlardan cəmi 126 minə qədəri bağçalarda oxuyur. Yerlərdən asılı olaraq bağçalara gedən uşaqların faiz göstəriciləri də dəyişir. Bağçayaşlı uşaqların say göstəricisi ilə nisbətdə bu faiz göstəricisi minimum 16, maksimum isə 20 faizdir. Ümumiyyətlə, Azərbaycanda 1825 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 1692-si dövlət, 133-ü isə özəl tədris müəssisələridirlər. 
 
Özəl bağça problemi və oradakı şişirdilmiş qiymətlərlə bağlı az sonra ətraflı danışacağıq.  Öncə bunu qeyd edək ki, bağça sayının azlığı, hər 4 uşaqdan yalnız birinin bağçalara gedə bilmək imkanı zəncirvari mexanizmlə təhsilin sonrakı pillələrinə də ciddi təsir göstərir. Dünya pedaqoqlarının apardıqları inkişaf bölgülərinə əsasən, bağçalar uşağı məktəb yaşına qədər aşağıdakı iki parametr istiqamətində formalaşdırmalıdırlar:
 
-uşağın bacarıqsız pedaqoji təsirlərdən sosial müdafiəsini təmin etmək;
-müvəffəqiyyətli ibtidai təhsil üçün hər bir uşağın minimum tələb olunan səviyyəyə çatmasını təmin etmək.
Bağçaya getmək hüququndan məhrum olan azyaşlı ən azı yuxarıdakı iki üstünlükdən məhrum olur ki, bu da onun sonrakı təhsil həyatına qətiyyən təsirsiz ötüşmür.  Uşaqların bağçaya getməməklə itirdikləri digər bacarıq və üstünlüklər:
• Sosiallaşma və ətraf mühitə adaptasiya;
• Situasiyaya görə qərarvermə bacarıqları;
• Mühiti düzgün qiymətləndirmə və fərqli baxış üstünlükləri;
• Uşaqlar arasında tez-tez rastlanan təcridolunma sindorumunun önlənməsi;
• Ünsiyyət bacarıqlarının inkişafı və s. 
 
Təsəvvür edin ki, bizlərdə hər 4 şagirddən üçü  hələ məktəbə gəlməzdən əvvək yuxarıdakı bacarıq və onların tətbiqindən məhrum olunur. Belə olan halda, onun təhsil həyata çox uğurlu şəxs kimi başlaması həddindən artıq çətindir. 
 
Dünyanın əksər ölkələrində məktəbəqədər təhsil tədris prosesinin ən məsuliyyətli və vacib dövrü hesab edilir. Çünki insanın şəxsiyyət kimi formalaşması üçün topladığı əsas baza – təxminən 70 % əsasən 7 yaşa qədərki dövrə təsadüf edir. Sırf buna görə bir çox ölkələrdə - Finlandiya, Sinqapur, Kanada, İsrail, Yaponiyada  bağçalarda işləmək istəyən metodist və tərbiyəçilər üçün şərtlər həddindən artıq ağırdır. Çünki onların cəmiyyət üçün görəcəkləri vacib, bir o qədər də ağır iş var. Onlar gələcəyin düşüncəli şagirdini, faydalı vətəndaşını formalaşdırmalıdırlar.
 
Sinqapurda bağçaya gedən uşaq iki tədris proqramından keçir. Bu proqramlar əsasında o estetika və yaradıcı ifadə, dünyanı öyrənmək, kəşf etmək, dil və savad, motorika bacarıqlarının inkişafı, sayma-hesablama bacarığı, sosial və emosional inkişafı mənimsəməlidir.
 
Orada bağçanı bitirib, məktəbə qəbul olmaq istəyən şagirddən isə bu keyfiyyətlər tələb olunur: sosial normalar və qaydaları bilmək, başqasının mövqeyini dəstəkləməyə hazır olmaq, anlaşmaq, qarşılıqlı təsir və ətrafdakılarla ünsiyyət bacarığına malik olmaq, hər şeylə maraqlanmaq və araşdırmağı bacarmaq, dialoqa girməyi bacarmaq adekvat özünüdəyərləndiməni bacarmaq və öz-özü ilə razılaşmaq, yaxşı inkişaf etmiş fiziki koordinasiyaya, sağlam vərdişlərə malik olmaq, yaradıcı potensialı formalaşmaq, öz ailəsini, dostlarını, müəllimlərini, eləcə də məktəbdəki müəllimlərini sevmək və hörmət etmək.
 
İngiltərə bağçalarında uşaqlara məcburi şəkildə də olsa tapşırıqların həlli zamanı mütləq və mütləq haradasa səhv etməyi öyrədirlər. Diqqət edək, düzgün həll yox, məhz yanlışlıq istənilir. Çünki yanlışlığa yol verən uşaq onu aradan qaldırmaq üçün mütləq düşünəcək, öz yaradıcı potensialı ilə analitik imkanlarını genişləndirəcək və bu onda sonradan xüsusi vərdişə çevriləcək. Bu cür azyaşlılar sonradan orta məktəb təhsilinə başlayanda da bir çox məsələlərin həllində digər həmyaşıdlarından daha uğurlu olurlar. 
 
Yaponiya cəmiyyəti üçün bağça tamam ayrı kult hesab olunur. Burada universitet və məktəblərdə də uşaq bağçaları təşkil edilir. Əgər ailə öz uşağını bağçaya göndərmirsə, o zaman bu ailə bağçada uşaqlara zəruri olaraq öyrədilənlərin hamısını öyrətməyə borcludur. Bunun üçün ailə başçıları xüsusi kurslara gedib zəruri biliklər öyrənirlər. Özəl uşaq bağçalarının sayı daha çoxdur – təqribən 80%. Dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin təlim-tərbiyə sistemləri arasında ciddi bir fərq yoxdur.  Məktəbəqədər təhsil sistemlərində ödəniş haqqı valideynlərin gəlirlərinin miqdarı, evdəki uşaqlarının sayı, neçənci uşağın bağçaya getməsi ilə müəyyən edilir. 
 
Yaponlarda erkən yaşlı uşaqların təlim-tərbiyə edilməsinin öz fəlsəfəsi, öz prinsipləri, normaları vardır. Bu təlim-tərbiyədə əsas, mühüm olanlar aşağıdakılardır:   
-Körpənin 1 yaşı olanda artıq özünəinam hissi olmalıdır. Onda qorxu hissi olmamalıdır. Yəni beşikdə, daha sonrakı dövrdə  qaranlıqdan, tək qalmaqdan, bağlandığı adamdan ayrılmaqdan, üstünə qışqırmaqdan və s. qorxusu olmamlıdır. 
 
-2  yaş olanda uşaqda əl işlərinə, bu sahədəki yaradıcılığa ciddi marağı, həvəsi olmalıdır. Bunun üçün onunla xüsusi olaraq məşğul olmaq lazımdır. Misal üçün, müxtəlif rəngli kağız parçalarını, kubikləri, şarları, vərəqləri yan-yana qoyaraq hansısa bir fiqur düzəltmək, sonra bu işi ona təklif etməklə onun belə bacarıqlarını xeyli inkişaf etdirmək olar.
 
Özəl bağça problemi
 
Hazırda az qala iflic durumda olan məktəbəqədər təhsil seqmentini nisbətən də olsa, özünə qaytarmaqdan ötrü atılmalı olan  ilk addımlardan biri də özəl bağça saylarının artırılmasıdır. Azərbaycanda cəmi 133 özəl bağça şəbəkələri fəaliyyət göstərir ki, onların da 70 %-dən çox paytaxt  Bakının payına düşür. Halbuki dövlət bağçalarındakı kəmiyyət və keyfiyyət problemini aradan qaldırmaq üçün ən alternativ yol özəl bağçaların sayının artırılması, ora daha çox uşağın cəlb olunmasıdır. Lakin dövlət bağçalarının özünəməxsus problemi olduğu kimi özəl məktəbəqədər tədris müəssisələrində də müəyyən nöqsan və çatışmazlıqlar vardır. İlk növbədə onlar özəl sahibkarlıq subyektləri olduqları üçün qiymətlərin tənzimlənməsi və müəyyən olunmasında sərbəstdirlər. Hazırda özəl bağçaların böyük əksiriyyəti bir azyaşlının qəbulunu mininum 300-500 AZN civarında həyata keçirir. Onlar bu summanın daxilində texniki heyət, tərbiyəçi xərcləri, gündəlik qidalanma, dərnək, hazırlıq, eləcə də digər kiçik sərfiyyatları da daxil edir. Elə özəl bağça şəbəkələri var ki, valideynə təqdim etdikləri xidmətlər paketinə müəyyən əlavələr etməklə (rəqs dərsləri, rəsm dərnəyi, əlavə idman, musiqi dərsləri və s.)paketi daha yüksək qiymətə satmağı bacarırlar. 
Özəl bağçalarda təhsil haqqının yüksək olması heç də hər zaman tamamilə sahibkarın günahı sayıla bilməz. Çünki icarə, kommunal xərclər, maaş sistemi, müxtəlif avadanlıqların alınması, tibb və pedaqoji alətlərin təşkili, bir sözlə, hələ sadalamadığımız neçə-neçə parametrə görə sahibkar bəlli miqdarda pulundan keçməlidir. Bu səbəbdən də dövlət tərəfindən müəyyən stimullaşdırıcı addımların atılması, vergi güzəştlərinin həyata keçirilməsi məktəbəqədər tədris sistemində də müəyyən yumşalmalara gətirib çıxaracaqdır.
 
Özəl məktəbəqədər təhsil müəssisələrində təhsil haqqılarının tənzimlənməsi məqsədilə ciddi addımlar atılmalı və bu aidiyyatı dövlət qurumları tərəfindən nəzarətə götürülməlidir.
 
Həmçinin, dünyada tətbiq olunan daha bir nümunə- xüsusi bağça tipi də hər hansı şəxsin öz istəyi ilə yaşadığı evdə kiçik bağça açması, orada 10-15 civarında uşağın tədrisi ilə məşğul ola bilməsidir. Ölkəmizdə də bu bağça tiplərinin fəaliyyəti üçün stimullaşdırıcı addımların atılması çox məqsədəuyğundur. Kiçik sahibkarlıqla məşğul olmaq istəyənlər də bunu məmnuniyyətlə qəbul edə biləcəklər.
 
Bir başqa problem – onlayn qeydiyyat
 
Hazırda ictimaiyyət arasında bağçalarla bağlı ən çox narazılıq yaradan məsələlərdən biri də onlayn qeydiyyat prosesidir. 
 
Uşaqların bağçalara onlayn qəbul sistemində şəffaflığın artırılması və  qaydaların sadələşdirilməsi istiqamətində zəruri addımlar atılmalıdır. Hər il minlərlə valideyn məhz bu mexanizmdən əziyyət çəkir, uşaqlarını müxtəlif səbəblərdən bağçalara yerləşdirə bilmirlər.   Həmçinin, qəbul prosesinin 3 mərhələdən ibarət olması də prosesi xeyli mürəkkəbləşdirir.
 
Bu barədə bir az ətraflı söhbət açaq: əvvəlcə onu deyək ki, bağçalara onlayn qəbulda özəl məktəbəqədər təhsil müəssisələri iştirak etmirlər. 
Proses yalnız dövlət bağçalarında, nazirliyin bununla bağlı açdığı www.bq.edu.az portalı üzərindən həyata keçirilir. Şəffaflıq, obyektivlik, insan resursunun iştirak etməməsi, ədalət prinsipinin gözlənilməsi baxımından yaxşı addım hesab olunur. Bu proses üçüncü ildir ki, həyata keçirilir. İlk ildə texniki  baxımdan çox qüsurla yadda qalsa da, son ildə bu proses tənzimləndi. Bağçaların yerli icra hakimiyyətlərindən alınaraq Elm və Təhsil Nazirliyinə verilməsindən sonra nazirlik bu istiqamətdə çoxlu iş gördü. Söhbət yalnız texniki istiqamətdən gedir. Amma yenə də müəyyən bir problemlər yaşanmış oldu.
Bağçalara onlayn qəbul sıradan bir valideyn, orta statistik bir azərbaycanlı üçün o qədər də asan texniki mexanizm deyil. Bağçaya onlayn qəbul 3 mərhələdən ibarətdir və təbii ki, bunların hər birində yalnız valideyn iştirak edir: 
 
1. Növbəyaratma prosesinə qədər olan mərhələ
2. Növbəyaratma prosesi
3. Seçilmiş boş yerlərin sorğuya çevrilməsi.
 
Birinci mərhələ asandır, yalnız qeydiyyat mərhələsidir. İstənilən bir valideyn növbəyaratma prosesinə qədər sistemə daxil olub qeydiyyatdan keçə bilər. Bunun üçün heç bir növbə tələb olunmur. Amma növbəyaratma prosesində artıq kim “tez tərpəndi prosesi” önəmli rol oynayır. Bir valideyn bir uşaq üçün maksimim 3 bağça seçə bilər. Kimin internet bacarıqları yaxşıdırsa, növbəyaratma prosesindən yararlanır. Bunun önəmi nədir? Növbəyaratma prosesindən daha tez müraciət edən valideynin müraciəti ilkin sıralarda olur. Bu da uşağın həmin bağçaya düşmək şansını artırır. Bu universitet deyil ki, onun taleyini bal həll eləsin, ixtisas seçimindəki yer rol oynasın və s. Bu bağçadır və bal sistemi yoxdur. Uşağın bağçaya düşmək mexanizmini yalnız sürət həll edir. 
 
Bu isə göründüyü kimi ən azı, texniki səbəbdən çox ədalətli hesab edilə bilməz. Bunun əyaləti, kəndi, rayonu, dağlı bir ərazisi var. Elə yer var ki, orada internet problemi var. Bakının özündə belə saatlarla internet problemi yaranır, o ki qala hanısa rayon, yaxud kənd olsun. Buna görə xeyli azyaşlı uşaq bağçalardan kənar qalır. Amma bu da hələ sonuncu mərhələ deyil. Növbəti üçüncü mərhələyə keçid alırıq. Növbəyazılma prosesindən maksimum 5 gün sonra mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi başlayır. Bu da ən tez 5 günə həyata keçirilir. Növbə yeri sorğuya çevrildikdə bu artıq uşağın bağçada qeydiyyata alınması demək olur. Bundan sonra valideyn 15 gün ərzində müvafiq sənədləri bağçaya təqdim edir və beləliklə, uşağın həmin bağçada təhsil almasını təsdiqləmiş olur. Bu meyarlardır.
 
Bugün bağçalara onlayn qeydiyyat asanlaşdırılmalı, texniki məsələlər daha da sadələşdirilməlidir. Qeyd edək ki, bugün keçirilən brifinqdə bağçalara onlayn qeydiyyat məsələsinə də toxunulub. 
 
MÜTDA rəsmisinin sözlərinə görə uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən başlayacaq. Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.
 
Lakin onlayn qeydiyyat prosesində müəyyən güzəştlərə gedilməyincə anloji problem elə problem olaraq da qalacaqdır. 
 
Məktəblərdə "gündəlik"lər LƏĞV OLUNA BİLƏR - AÇIQLAMA
 
Elmin Nuri
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı
 
QEYD: 16 may 2024-cü il tarixindən etibarən elektron sistem üzrə növbələrin yaradılması müvəqqəti olaraq məhdudlaşdırılıb. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər".
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər