“Red Magic 9S Pro” flaqman smartfonunun rəsmi premyerası iyulun 3-də baş tutacaq. Premyeradan əvvəl qadcet artıq mobil seqmentdə yeni rekord performans səviyyəsinə yüksəlib.
Testlər göstərib ki, “Red Magic 9S Pro” 2,369,542 bal toplayıb. Müqayisə üçün qeyd edək ki, “Apple”ın ən yüksək səviyyəli smartfonu olan “iPhone 15 Pro Max” analoji testdə 1,64 milyondan çox bal toplamır.
Qeyd edildiyi kimi, bu nəticə sınaq zamanı 3,4 GHz-ə qədər tezlikdə işləyən “overclock” edilmiş Qualcomm Snapdragon 8 Gen 3 Leading Version (LV) çipsetinin sayəsində mümkün olub. Adi model üçün əsas Cortex-X4 nüvəsinin maksimum tezliyi 3,3 GHz-dən çox deyil.
Telefon, həmçinin istiliyi effektiv şəkildə yayan turbinli aktiv soyutma sistemi, 24 GB LPDDR5X operativ yaddaş və 1 TB UFS 4.0 diski ilə təchiz edilib. Qurğu həm də avtonomiya baxımından digər flaqman telefonlardan üstün olacaq: batareya, rəsmi afişalara əsasən, 6500 mAh olacaq.
“Red Magic 9S Pro”nun hansı qiymətə satılacağı və Avropada satışa çıxacağı isə hələlik məlum deyil.
(Lent.az)