Ekskluziv
2357
23 Jun 2023 | 21:26

"Qocalar zəifdir" :Priqojin Putin, Zelenski və müharibənin səbəbləri barəsində yeni açıqlama ilə çaşqınlıq yaradıb

 

"Ukraynaya hərbi müdaxilə Rusiya üçün dəhşətli rüsvayçılığa çevrilib..."

"Bizim rus xalqının xətrinə dəyənlərlə müqəddəs mübarizəmiz qanun və milli ideologiya səviyyəsinə qaldırılmış reketə çevrilib..."

"Vaqner qrupu" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin mətbuat xidməti "Teleqram-kanal"da onun monoloqunun bir hissəsini dərc edib. Burada muzdluların sahibi yenidən Rusiyanın hərbi rəhbərliyini kəskin tənqid edib. Məlumatı "focus.ua" nəşri yayıb.

Onun bu bəyanatı Ukraynada müharibənin səbəbləri və gedişi ilə bağlı Rusiyanın rəsmi mövqeyilə üst-üstə düşmür.

Məsələn, Priqojin bəyan edib ki, Ukrayna Rusiyaya hücum etmək niyyətində olmayıb: "İndi Müdafiə Nazirliyi artıq ictimaiyyəti, prezidenti aldatmağa cəhd edərək Ukrayna tərəfindən ağlasığmaz təcavüz olduğu, onların NATO bloku ilə birgə bizə hücum etmək niyyətində olduğu barədə tarixçə danışır. Ona görə də üzdəniraq "xüsusi hərbi əməliyyat fevralın 24-də tamamilə başqa səbəblərdən başlanıb.

O, həmçinin məlumat verib ki, Rusiya tərəfindən 2014-cü ildə Donbasın bir hissəsinin işğalından sonra Kreml və FTX əməkdaşları orada oğurluqlarla məşğul olub. "Donbas pulların kəsilməsi üçün gözəl məkan olub", - Priqojin qeyd edib. Ukrayna qüvvələrinin zərbələri isə həmişə Rusiya qoşunlarının mövqelərinə endirilib.

Üstəlik, Priqojinin sözlərinə görə, müharibəsiz keçinmək olardı: "Mən bu tarixçəni incəliklərinədək bilirəm, Zelenski prezident olmaq üçün istənilən razılaşmalara hazır olub. Edilməli olanlar Olimpdən düşmək, gedib razılaşmaq lazım idi".

Lakin Kremlin Ukraynaya sabiq xalq deputatı Viktor Medvedçuku özünün əlaltısı təyin etmək istəyi sağlam düşüncəni üstələyib: "O, gözləyib ki, Rusiya qoşunları gələcək, Zelenski qaçıb gedəcək, hamı silahları yerə qoyacaq və o, Ukraynanın prezidenti olacaq. Məsələ  Ukraynanı nəzarətə götürəndən sonra bölünməli olacaq maddi aktivlərdə olub".

Bundan başqa, Priqojinin sözlərinə görə, bu müharibə "bir yığın yaramazın zəfər çalıb özlərini piar etmək, ordunun nə qədər güclü olduğunu göstərmək və Şoyqunun marşal rütbəci almaq" üçün lazım olub".

Nəticədə Ukraynaya hərbi müdaxilə Rusiya üçün "dəhşətli rüsvayçılığa" çevrilib, çünki Rusiya prezidenti Vladimir Putin ilk gündən özünü təcrid edib və döyüş əməliyyatlarının gedişi barəsində məlumatları Müdafiə Nazirlyindən alıb, bunlar da onda yanlış təsəvvürlər yaradıb, Priqojin bəyan edib.

"Hamı möcüzəyə, taktiki nüvə silahına, Varşavaya atom bombası atılacağına bel bağlayıb. Amma təpər yoxdur. "Qocalar" zəifdir, rahat zonadan çıxa bilmir", - "Vaqner" rəhbəri qeyd edib.

Priqojin etiraf edib ki, "rus insanlarının" Donbasda müdafiə edilməsi şüarları faktiki Ukraynanın talan edilməsinə gətirib çıxarıb. "Bizim rus xalqının xətrinə dəyənlərlə, onu alçaltmağa cəhd göstərənlərlə müqəddəs müharibəmiz faktiki olaraq qanun səviyyəsinə, milli ideologiya səviyyəsinə qaldırılan reketə çevrilib", - o, deyib.

Öz monoloqu boyunca Priqojin dəfələrlə ölkənin hərbi rəhbərliyini "minlərlə rus oğlanlarını top yeminə atan" "rəzil", "ruhi xəstə olan alçaqlar" adlandırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər