"Krım körpüsü məhv ediləcək, Krım qruplaşması iflasa məhkum olacaq və Kreml hakimiyyətinin çöküşü başlayacaq..."
"Ukrayna ölkə rəhbərliyini, ilk növbədə "Ukrayna qələbəsinin açarı" prezident Zelenskini qorumaq üçün maksimal ehtiyyat tədbirləri görməlidir..."
Saakaşvili Kiyevə nüvə zərbəsini proqnozlaşdırıb və ukraynalılara Zelenskini qorumağa çağırış edib
Gürcüstanın sabiq prezidenti, Odessa vilayət administrasiyasının sabiq sədri Mixail Saakaşvili Kreml rəhbərinin Ukraynanın davam edən əkshücumu şəraitində hərəkətlərini proqnozlaşdırıb.
Moderator.az xəbər verir ki, bu barədə onun "Ukrainskaya pravda" qəzetində dərc edilən "Putinin son aylar etdikləri qırmızı düyməyə basmağa hazırlıqdır" adlı məqaləsində deyilir.
Saakaşvili ilk növbədə xatırladıb ki, hələ 2009-cu ilin fevralında o, Amerikanın rəsmi şəxslərini Rusiyanın Krımdan başlayacaq Ukraynaya hərbi müdaxilə edəcəyi və Ukrayna ərazisində "hamını qorxutmaq və NATO-nu nüfuzdan salmaq üçün" taktiki nüvə silahının tətbiq edəcəyi ehtimalı barədə xəbərdarlıq edib.
"Budur, bunu ilk dəfə ABŞ prezidenti Co Bayden ciddi olaraq deyib. Mən hesab edirəm ki, Putinin son aylar etdikləri bütün hərəkətlər elə qırmızı düyməyə basmağa hazırlıqdır.
Bəzilərinin Ukrayna hücumuna skeptik münasibətinə rəğmən, Moskva dəqiq bilir ki, Ukrayna Silahlı Qüvvələrinin indiki imkanları şəraitində onlar Azovyanının 100 km enində olan dəhlizi əllərində saxlaya bilməyəcək və gec-tez onların müdafiəsi yarılacaq", - sabiq gürcü lideri yazır.
Daha sonra, onun proqnozuna görə, Krım körpüsü məhv ediləcək, Ukrayna qoşunları isə Krıma girişdə dayanacaq.
Saakaşvikinin fikrincə, mühasirə şəraitində Krım qruplaşması iflasa məhkum olacaq, bu zaman Moskvada mütləq Kreml hakimiyyətinin çöküşü başlayacaq.
"Bax, buna yol verməmək üçün Putin qərarlar qəbul edilən mərkəzə, yəni Kiyevin mərkəzinə taktiki nüvə silahı ilə zərbə endirməyi planlaşdırır.
Böyük ehtimalla, bunadək Belarusda hansısa təxribat törədiləcək ki, Minskin Moskvanı öz müttəfiqinin müdafiəsi üçün hərəkətə keçməyə sövq etdiyini iddia etsin.
Putin Ukraynanın "F-16" qırıcılarını əldə edəcəyini gözləməyəcək. O, burulğana girəcək", - Saakaşvili hesab edir.
O, nüvə zərbəsinin "regionda ən böyük logistik mərkəzinə-Polşanın Jeşuve şəhərinə endirilməsini və NATO-nun 5-ci maddəsinin avtomatik işə düşəcəyini" istisna etməyib.
"Putin bütün bunlardan nə əldə edəcək? - Saakaşvili mülahizə yürüdür. - Birincisi: müharibə indiki kimi gedəcəksə, bir neçə aydan sonra aydın olacaq ki, Rusiya məğlubiyyətə uğrayıb, amma belədə o, Vaşinqtonun ilk olaraq göz qırpacağına şans saxlayır.
Əgər bu, olmasa, burada da hesablama var: belə çıxacaq ki, o, müharibəni Ukraynaya deyil, NATO-ya uduzub, bu da öz dəstəsini və Rusiya cəmiyyətini prezident seçkiləri ərəfəsində sıx birləşdirmək üçün bəhanə olacaq".
Gürcü siyasətçisinin fikrincə, hazırda Ukrayna ölkə rəhbərliyini, ilk növbədə "Ukrayna qələbəsinin açarı" olan prezident Zelenskini qorumaq üçün maksimal ehtiyyat tədbirlərini görməlidir.
Xatırladaq ki, hazırda Mixail Saakaşvili həbsdədir və Tbilisinin "Vivamed" klinikası həkimlərinin müşahidəsi altındadır. Siyasətçi 2021-ci ilin payızında Gürcüstana dönəndən dərhal sonra saxlanılıb.
Orada ona beş cinayət işi, o cümlədən vəzifə səlahiyyətlərinin aşılması, sabiq deputatın döyülməsi və dövlət vəsaitlərinin şəxsi ehtiyacları üçün xərclənməsi üzrə iş açılıb. Saakaşcili Rustavi şəhər həbsxanasına göndərilib.
Bütün bu müddət ərzində Saakaşvilinin səhhəti daima pisləşib. 2022-ci ilin noyabr ayında həkimlər tərəfindən onun orqanizmində civə və başqa ağır metalların yüksək miqdarı aşkar edilib, ekspertlər birmənalı olaraq siyasətçinin zəhərləndirilməsini bəyan edib.
2022-ci ilin dekabrında Saakaşvili hüquq müdafiəçisi Mark Feyqinə şəxsi məktubunda yazıb ki, Putinin əmrilə onu zəhərləməyə cəhd göstərilir.
Yanvarın əvvəlində Saakaşvili həmçinin bolqar jurnalisti Xristo Qrozevə müraciət edərək onun Gürcüstan həbsxanasında zəhərlənməsini araşdırmağı xahiş edib.
Aprelin əvvəlində Saakaşvili açıq məktub yazaraq ABŞ, Avropa İttifaqı və beynəlxalq birlikdən onu ölümdən xilas etməyi xahiş edib.