O, qonşuların əşyalarını oğurlayaraq evə gətirir
Yeni Zelandiyanın Kraystçörç şəhərində Kit adlı beş yaşlı kleptoman pişik bir neçə ildir ki, “cinayət fəaliyyəti” göstərir.
Moderator.az bildirir ki, “Mail Online” portalının yazdığına görə, o, qonşulardan çoxlu fərqli əşyalar oğurlayır. Oğurlanan son əşyalar arasında narkotikdən istifadə qurğusu və “ağ toz” torbası da olub.
Pişiyin sahibləri etiraf edirlər ki, ona bu pis vərdişi tərgidə bilmirlər. Artıq 3 ildir ki, qara pişik gecələr ya pəncərədən, ya da pişik üçün açılmış qapıdan çıxaraq qonşuların evinə girir və istədiyini oğurlayır. Bəzən bir gecədə altıya qədər əşya gətirir. Qapıdan keçirə bilmədiklərini Kit həyətin ortasına atır.
Onun “qənimətləri” arasında həbsxana gözətçisinin köynəyi, qısa tumanlar, büstqalterlər, ayaqqabılar, hətta diri ilan balıqları da var. Yerli sakinlərdən biri xüsusi olaraq oğrudan qorunmaq üçün çəkmələrinin içinə 2,5 kiloqramlıq polad “corablar” qoyur.
Kleptoman pişiyin sahibləri qonşulardan üzrxahlıq xatirinə oğurlanan əşyalar üçün evlərinin qarşısına bir neçə konteyner qoyublar. Xoşbəxtlikdən yerli sakinlər pişiyin qeyri-adi oyunlarına öyrəşiblər və artıq bütün bunlara əyləncə kimi yanaşırlar.
Miraslan