Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) 2021-ci il üçün “THE İmpact Ranking” reytinqini açıqlayıb.
Dünya universitetlərinin Birləşmiş Millətlər Təşkilatının 17 Dayanaqlı İnkişaf Məqsədinə adekvat fəaliyyəti və bunun cəmiyyətə təsirini ölçən bu reytinqdə Azərbaycanın da bir neçə universiteti yer alıb. Sevindirici haldır ki, ilk dəfə olaraq reytinqə ölkəmizdən 6 ali təhsil müəssisəsi düşüb, onlardan ikisi xüsusilə yüksək nəticə göstərib.
Ölkə üzrə ən yaxşı yerdə qərarlaşan universitetlər Xəzər Universiteti və Qərbi Kaspi Universitetidir. Bu ali təhsil ocaqları müvafiq olaraq 401+ və 601+ universitetlərin siyahısında yer alıblar.
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universiteti isə 801+ yerdə qərarlaşıblar. Bakı Dövlət Universiteti isə 1001+ ali təhsil müəssisəsi arasında yer alıb.
Qeyd edək ki, dünyada mövcud olan təxminən 25 min universitetdən 5 mindən artıq universitet hər il təşkilata reytinq qiymətləndirilməsində iştirak üçün müraciət edir və onlardan bu il 1240 ali təhsil ocağı reytinqə daxil edilib.
90-cı illərdə yüksək nüfuzu ilə seçilən və sonrakı illərdə fəaliyyəti müəyyən qədər zəifləmiş Qərbi Kaspi Universiteti (əvvəlki Qərb Universiteti) isə son illərdə tədrisin keyfiyyəti, tədqiqatyönümlü universitetə çevrilmək istiqamətində səyləri və buna adekvat olaraq infrastrukturunu, maddi-texniki bazasını yaxşılaşdırmaqla əldə etdiyi sıçrayışla reytinqdə olduqca yüksək yerə layiq görülüb - universitet 1240-dək dünya universiteti arasında 601+ yerdə qərarlaşıb.
Universitet ən yaxşı nəticəni xüsusilə 5 məqsəd üzrə göstərib və dünyanın ən yaxşı 201-300 universiteti sırasına daxil olub. Bu məqsədlər sosial bərabərlik mühitinin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinə və daha yaxşı qidalanmaya nail olmaq üçün tədris və tədqiqatlarda iştirak, dayanıqlı kənd təsərrüfatının təşviqi, sərfəli və təmiz enerji, dəniz ekosistemin mühafizəsi və tədrisdə bu istiqamət üzrə tədqiqatyönümlü fəaliyyətin gücləndirilməsi, biomüxtəlifliklə bağlı tədrisin düzgün təşkil edilməsi və bunun ictimai əhəmiyyəti, təhsildə və təhsildən kənar bərabərsizliyin aradan qaldırılması mühitinin yaxşılaşdırılması və bu faktorların keyfiyyətli təhsilə təsiri istiqamətləridir.
Eyni zamanda universitet suyun bərabər bölgüsünün, dayanıqlı istehlak və istehsal modellərinə keçidin, iqlim dəyişkənliyinə qarşı mübarizənin təşviq edilməsi və bu istiqamətlərdə tədqiqatların aparılması mühitinin formalaşdırılması istiqaməti üzrə ən yaxşı 301-400 universitet arasındadır.
Gender bərabərliyi, inkluziv və dayanıqlı iqtisadi artım, hamı üçün məşğulluğu və layiqli əmək mühitinin təşviqi üzrə isə 401-600-cü yerlərdə qərarlaşıb.
Eyni zamanda tədrisin keyfiyyət göstəricisinə görə də universitetin fəalliyəti reytinqin orta göstəricisindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, reytinq Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədərki dövr üçün formalaşdırdığı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə ali məktəblərin təsirinin qiymətləndirilməsinə həsr olunur və universitetlərin bu məqsədlərin həyata keçirilməsi əsasında təşkili, tədrisin keyfiyyəti və cəmiyyətə bu məqsədlərə uyğun olaraq verdiyi töhfə, müsbət təsiri üzrə qiymətləndirmə aparır.
Qərbi Kaspi Universitetinin dünyanın nüfuzlu ali təhsil ocaqları sırasına daxil olması universitetin 90-cı illərdə qazandığı yüksək nüfuzunu bərpa etdiyini, tədqiqatyönmlü təhsil müəssisəsinə çevrilmək yolunda ciddi şəkildə irəlilədiyini təsdiq edir.
Qeyd edək ki, 90-cı illərdə bir sıra beynəlxalq təhlillərdə Qərbi Kaspi Universiteti (Qərb Universiteti), SSRİ-nin süqutundan sonra yeni mühitdə SSRİ və Şərqi Avropada yaranmış ən yaxşı 10 universitetdən biri kimi göstərilirdi. (musavat.com)