1994-cü il
təvəllüdlü əsgər Anar Səmədovun tok vurması nəticəsində vəfat etdiyi barədə
məlumatı Müdafiə Nazirliyi iyunun 20-də açıqladı. Hadisənin necə baş verdiyini
mərhum əsgərin əmisi Elman Səmədov “Azadlıq”a danışıb.
“Biz inanmadıq, əsgəri necə tok vura bilər? İyunun 20-də onun cəsədin
gətirdilər. Dedilər ki, cəsədə baxmaq olmaz. Onlar təkid etdilər, amma mən razı
olmadım. Cəsədi açdıq və Anarın bədənində heç bir zorakılıq izi görmədik. Bizə
dedilər ki, Anar gizirlə birlikdə çayda balıq tutmağa gedib. Cərəyanla balıq
tutmaq istəyiblər və o zaman Anarı tok vurub. Gizirin ad və soyadını bilmirik,
amma hərbi hissədən dedilər ki, onu həmin gün həbs ediblər. Mən onlardan soruşdum
ki, hansı əsasla əsgəri özbaşına buraxırsınız? Niyə adamı balıq tutmağa məcbur
edirsiniz ki, onu da tok vursun?”.
Anar ailənin sonuncu, üçüncü uşağıdır. Orta təhsilini bitirib hərbi
xidmətə gedib. 9 ay idi ki, xidmətini çəkirdi. Əsgərin anası oğlunun
cəsədini gətirərkən hərbçilərin yaxasından yapışıb “Mən sizə belə oğul
verməmişdim. Niyə öldürüb geri qaytarmısınız?” deyə etiraz edib. E.Səmədov
deyir ki, əsgər zabitlərin səhlənkarlığı nəticəsində vəfat edib. Anar Səmədov
Neftçalada, kənd qəbiristanlığında, nənəsinin yanında dəfn edilib.
Hərbi ekspert Üzeyir Cəfərov “Azadlıq”a açıqlamasında hadisənin
növbəti dəfə komandirlərin məsuliyyətsizliyi və səhlənkarlığı ucbatından baş
verdiyini deyir: “Biz dəfələrlə qeyd etmişik ki, harda komandir və rəislər öz
vəzifə borclarına vicdansızcasına yanaşırlar, orada mütləq mənada hansısa
hadisə baş verməlidir. Nizamnamə yol vermir ki, əsgər öz xidməti vəzifəsindən
kənar işlərə cəlb edilsin. Əsgərin birinci, ümdə vəzifəsi döyüş hazırlığını
yüksəltmək və ona həvalə edilmiş işləri ən yüksək səviyyədə öyrənməkdir. Bəzən biz
onun şahidi oluruq ki, özlərini qanundan kənar, üstün sayan bəzi şəxslər,
komandir və ya rəislər öz vəzifələrindən sui-istifadə edirlər və bu da sonda
belə faciələrə yol açır”.
Ü.Cəfərov hesab edir ki, həm yuxarı komandanlıq, həm də müvafiq hüquq
mühafizə orqanları orduda qeyri-döyüş itkilərinin sayının azalması üçün ən sərt
tədbirlər görməlidir. “Hələliksə biz bunun əksini müşahidə edirik”- deyə
Ü.Cəfərov bildirdi.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azadlıq”a bildirdilər ki,
hadisə ilə bağlı cinayət işi açılıb və istintaq gedir. “İstintaq zamanı müəyyən
olunacaq ki, hadisə kimin səhvi ucbatından baş verib”. /azadliq.info/