Prezident Administrasiyasının İşlər İdarəsinin sabiq müdiri Akif
Muradverdiyevin evində axtarış başlayıb.
Vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, Milli Təhlükəsizlik
Nazirliyinin əməkdaşları ilk öncə Muradverdiyevin yaşadığı mənzilə gəlib. Lakin
burada axtarış aparmaq üçün hüququ əsasları olmadığından MTN əməkdaşları indiki
anda Muradverdiyevin Rəsulzadə qəsəbəsində qeydiyyatda olduğu evdə axtarışa
başlayıblar. Hazırda axtarış davam edir.
Evdə MTN əməkdaşları ilə yanaşı vəkil Fuad Ağayev və Muradverdiyevin
oğlu var.
Muradverdiyev iyunun 20-də Moskvaya uçarkən Bakı aeroportunda
saxlanıb. Milli Təhlükəsizlik nazirliyinin İctimai Əlaqələr Mərkəzinin
məlumatına görə, baxış zamanı onun əlində olan çantasından külli miqdarda
dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar
edilərək götürülüb.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi
tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə
cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb
olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Aklif Muradverdiyev isə vəkili vasitəsi ilə mediaya çatdırıb ki,
qısıl sikkələr aeroportda onun əl çantasına qoyulub.
Vəkil deyib ki, Muradverdiyev aeroportun təhlükəsizlik xidmətinin
yoxlamasından, gömrük yoxlamasından və sərhəd yoxlamasından keçib. Təyyarəyə
miniyə gəldikdə mülki geyimli bir şəxs ona yaxınlaşıb və nəzakətlə “bir işlə
bağlı” yubanmağı və onunla gəlməyi xahiş edib.
Muradverdiyevi bir otağa gətiriblər, amma girişdə ondan çantasını
təslim etməyi xahiş ediblər. Daha sonra onu otağa dəvət ediblər və onunla
söhbət etməyə başlayıblar.
Sonra Muradverdiyevin çantasını otağa gətiriblər və içərisində nə
olduğunu soruşublar, o, təxminən 1400 dollar, 900 manat pul, bank kartı və
geyim əşyaları olduğunu deyib. Sonra onun yanında çantanı açıblar və geyimin
altından içərisində qızıl sikkələr olan torba çıxarıblar.