“Heydər Əliyev xalqımızın sədaqət, həmrəylik və vətənpərvərlik simvoludur”
Müsahibə
311
08:39, Bu gün

“Heydər Əliyev xalqımızın sədaqət, həmrəylik və vətənpərvərlik simvoludur”

Səmyar Abdullayev: “Müasir Azərbaycanın bütün uğurlarının arxasında Ulu Öndərin siyasi kursu, ölümsüz ideyaları dayanır”

Sabah Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin andan olmasının 103-cü ildönümüdür.

Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə Ümummilli Liderin siyasi fəaliyyətinə qısaca nəzər salmağa çalışdıq:

-Səmyar bəy, sabah Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əliyev və onun Azərbaycan xalqının həyatındakı tarixi rolunu qısaca necə xarakterizə edərdiniz?

-Heydər Əliyevin Azərbaycan dövləti və xalqının həyatındakı rolu həqiqətən də böyük və təkrarsızdır. Əminliklə demək olar ki, Heydər Əliyev xalqımızın sədaqət, həmrəylik və vətənpərvərlik simvoludur.

Ümummilli Liderin həyat və mübarizə yolu başdan-başa xalqa sonsuz sevgi və sədaqətlə zəngindir. Onun həyatının hər bir anı Azərbaycan xalqı, onun arzu və istəkləri, inkişaf və tərəqqisi, azadlıq və müstəqilliyi ilə bağlıdır.

Heydər Əliyev həm də Azərbaycan xalqının həmrəyliyinin güclənməsində, dünyanın ən müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli maraqlarımız ətrafında sıx birləşməsində mühüm rol oynayıb. Ulu Öndər xarici ölkələrə səfərləri əsnasında bu ölkələrdə yaşayan azərbaycanlılarla da görüşlər keçirir, onları Azərbaycan faktoru ətrafında sıx birləşməyə, doğma vətənin mənafeyi uğrunda mübarizə aparmağa səsləyib.

Heydər Əliyevdə olan yüksək ali məziyyətlərdən biri də vətənpərvərlik idi. Hansı ki, onun hər bir çıxışında, müsahibəsində, çağırışında bu amili görmək mümkündür. Heydər Əliyev vətənpərvərliyi hər bir azərbaycanlının mənəvi borcu hesab edirdi. O, hesab edirdi ki, hər kəs doğma vətənin inkişafı üçün əlindən gələni etməli, bu məsələdə bütün digər maraqları,eləcə də  şəxsi ambisiyaları bir kənara qoymalıdır.

Düşünürəm ki, Heydər Əliyevin vətənpərvərliyi Azərbaycan gəncliyi üçün böyük məktəbdir və gələcək nəsillər bu məktəbdən mümkün qədər çox şey öyrənməli, mümkün qədər çox nümunə götürməlidir.

-Vaxtiylə erməni işğalı altındakı torpaqlarımızın azad edilməsi Ulu Öndərin ən böyük arzularından biri idi. Hansı ki, bu arzu Müzəffər Ali baş Komandan İlham Əliyev tərəfindən uğurla reallaşdırıldı. Sizcə erməni faşizmi üzərindəki tarixi qələbədə Heydər Əliyevin rolu nədən ibarətdir?

-Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi qələbədə Ümummilli Lider Heydər Əliyevin çox böyük rolu mövcuddur.

Heç kimə sirr deyil ki, Azərbaycanda nizami ordu məhz Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb. Ulu Öndərə qədər ölkəmizdə vahid komandanlığa taben nizami ordu mövcud deyildi. Ölkəmizdə bir neçə silahlı birləşmə mövcud idi ki, onların arasında lazımi birlik və koordinasiya yox idi. Əslində Birinci Qarabağ müharibəsində Azərbaycanın məğlub olmasının əsas səbəblərindən biri də bu idi.

Lakin 1993-cü ildə Ulu Öndər hakimiyyətə gələndən sonra ordunun güclənməsi, vahid nizami ordunun yaradılması istiqamətində ciddi addımlar atıldı. Bütün silahlı birləşmələr ləğv edildi. Bunun əvəzinə vahid nizami ordu yaradıldı. Milli hərbi kadrların yetişdirilməsi məqsədilə Azərbaycan hərbçiləri Türkiyə və digər dövlətlərə göndərildi. Ordumuzun texniki təchizatının yaxşılaşdırılması, xalq-ordu biriyiin gücləndirilməsi və s. ilə bağlı da mühüm işlər görüldü. Nəticədə, 1994-cü il döyüşlərində Azərbaycan Ordusu düşmənə qarşı uğurlu hərbi əməliyyatlar keçirməyə başladı.

2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində isə Prezident İlham Əliyevin lideriyi ilə işğaldakı bütün torpaqlarımız azad edildi. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, ordumuzun daha da gücləndirilməsi üçün ciddi yeniliklər həyata keçirən İlham Əliyev, Silahlı Qüvvələrimizin tarixi uğurunu təmin etdi. Cəmi 44 gün içərisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu.

-Səmyar bəy, bu gün Azərbaycan həm də öz nəhəng iqtisadi uğurları ilə diqqət çəkir. Sizcə bu uğurlarla Heydər Əliyev iqtisadi kursu arasında hansı əlaqə var?

-Bildiyiniz kimi, Azərbaycanın neft məhsullarının dünya bazarına çıxarılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ilin 20 sentyabr tarixində Ulu Öndərin səyi ilə Azərbaycanla dünya neft nəhəngləri arasında imzalanan “Əsrin müqaviləsi” neft kontraktları sayəsində Bakı neftinin dünya bazarına çxıması təmin edildi. Bu, müstəqil Azərbaycan dövlətinin ilk böyük iqtisadi-siyasi uğuru idi. Çünki bu müqavilə Azərbaycana böyük ölçüdə valyuta axınını təmin etməklə yanaşı, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə də böyük töhfə verdi.

“Əsrin müqaviləsi” beynəlxalq arenada Azərbaycana olan marağı hədsiz dərəcədə artırdı. Ölkəmizin nəhəng neft ehtiyatları və bu ehtiyatların Qərbin enerji təhlükəsizliyində oynaya biləcəyi həyati rol ABŞ,  Böyük Britaniya, İngiltərə, Almaniya, Norveç və s. dövltlərin Azərbaycana marağına səbəb oldu. Nəticədə, ölkəmizin neft-qaz sektoruna qoyulan xarici investisiyalar sürətlə çoxalmağa, neft ixracatmz artmağa, dövlət büdcəmiz dolmağa başladı.

Bu siyasət sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Nəticədə bu gün Avropanın 10-dan çox ölkəsi Azərbaycan neft və qaz məhsulları ixrac etməkdə, respublikamız onların enerji təhlükəsizliyinin təminində mühüm rol oynamaqdadır. Bu, Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkşaf kursunun nə qədər düzgün və səmərəli olduğunu isbatlamaqdadır.

-Ulu Öndərin sosial siyasəti haqqında nə deyə bilərsiniz?

-Sosüial siyasət, insanların rifahının dinamik şəkildə yaxşılaşdırılması hər zaman Ulu Öndərin siyasətinin əsas tərkib hissəsi olub. Ümummilli Lider çox yaxşı bilirdi ki, sosial rifahın yaxşılaşması iqtisadi inkişafdan keçir. Buna görə də Ulu Öndər ölkə iqtisadiyyatının inkişafı istiqamətində mühüm addımlar atır, Azərbaycanın sənaye ölkəsi kimi tərəqqisinə çalışırdı. Təkcə bir faktı qeyd edək ki, 1975-ci ildə məhz Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Bakıda məişət kondinsionerləri zavodunun inşası başa çatdırıldı. Bu, bütün SSRİ miqyasında böyük nailiyyət idi. Ulu Öndər sonrakı dönəmlərdə də ölkə iqtisadiyyatının inkişafı üçün sistemli addımlar atıb, mühüm layihələr həyata keçirib.

İqtisadiyyatın inkişafı əhalinin sosial rifahının yaxşılaşdırılmasına şərait yaradır, mühüm sosial layihələrin gerçəkləşməsini təmin edirdi.  Statistikaya nəzər salsaq görərik ki, 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması üçün Heydər Əliyev tərəfindən 60-dan artıq sənəd imzalanıb. Qeyd olunan müddətdə Azərbaycanda pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb. Ölkəmizdə əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı ilə bağlı ilk addımlar da məhz Heydər Əliyev tərəfindən atılıb. Bütün bu faktlar Heydər Əliyevin əhalinin sosial təminatına necə böyük diqqət yetirdiyinin göstəricisidir.

-Sizcə Heydər Əliyev ideyalarının təbliği, Ulu Öndərin siyasi-ideoloji kursunun öyrənilməsi tariximizlə yanaşı, gələcəyimiz baxımından nə dərəcədə önəmlidir?

-Heydər Əliyev məktəbinin gənc nəsillər tərəfindən öyrənilməsi dövlətimizin inkişafı, xalqımızın tərəqqisi, təhlükəsizliyimizin təmini baxımından həyati əhəmiyyət kəsb edir. Çünki Heydər Əliyevin həm ideyaları, həm də şəxsi həyatı, ömür yolu vətənə və xalqa xidmət nümunəsidir. Heydər Əliyev vətənin maraqlarını necə qorumaq lazım gəldiyini, onu hifz etmək üçün necə böyük fədakarlıqlar göstərmək gərəkdiyini şəxsi nümunəsi əsasında göstərib. O, hər bir azərbaycanlı üçün əsl vətənpərvərlik məktəbidir.

Azərbaycanımızın gələcəyi naminə gənclər, eləcə də gələcək nəsillər bu məktəbi dərindən öyrənməli, hər bir addımda Heydər Əliyev ieyalarını  rəhbər tutmalıdır. Necə ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bugünə qədər Heydər Əliyev ideyalarına söykənərək Azərbaycanın bütün müstəvilərdə qələbəsi təmin etməkdə, uğurlarına uğur qatmaqdadır.

Əminəm ki, illər, əsrlər keçsə də, Azərbaycan xalqı Ümummilli Liderin ideyalarına sadiq qalacaq, bu ideyaların işığında növbəti uğurlarına doğru əzmlə addımlayacaq.

Seymur ƏLİYEV

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər