Məşhur terrakota ordusu tərəfindən qorunan ilk Çin imperatoru Tsin Şihuandinin məzarı hələ açılmayıb və ÇXR hökuməti içəridəki bütün obyektlərin təhlükəsizliyinə əmin olmayana qədər orada qazıntı işləri aparmaq niyyətində deyil. Məzarda dəqiq nə olduğu barədə təsəvvür əldə etmək üçün elm adamları kosmik şüa texnologiyasına - müon tomoqrafiyasına müraciət etməyi planlaşdırır.
Moderator.az bu barədə Britaniyanın nüfuzlu “The Times” nəşrinə istinadla xəbər verir. İki minillikdən çoxdur ki, ilk mərkəzləşdirilmiş Çin dövlətinin imperatoru Tsin Şihuandinin məzarının sirlərini müəmmalı terrakota (bişirilmiş sarı və qırmızı gildən hazırlanmış heykəllər – red.) ordusu qoruyur. Bununla belə, müasir texnologiya sayəsində arxeoloqlar tezliklə hökmdarın basdırıldığı yerdə daha hansı xəzinələrin gizləndiyini öyrənə biləcəklər.
Möhtəşəm məzarlıq kompleksi Sian şəhərinin şimal-şərqində yerləşir və onun ərazisi Pekindəki “Qadağan olunmuş şəhər”dən təxminən 70 dəfə böyükdür. Məlumatlara görə, onun yaradılmasına təxminən 40 il vaxt sərf olunub və tikintidə yüz minlərlə fəhlə iştirak edib. Məqbərə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və burada qazıntılar hələ də tamamlanmayıb.
Çin hökuməti bütün artefaktların təhlükəsizliyinə əmin olmayana qədər məqbərədə əlavə araşdırmaların davam etdirilməyəcəyini bildirib. Məsələn, atmosferin təsiri ilə döyüşçülərin və onların atlarının tam ölçülü heykəllərindən ibarət olan və imperatoru axirətdə qorumaq məqsədi daşıyan məşhur terrakota ordusu ilkin parlaq rənglərini itirib. Bu məqbərə ilk dəfə ötən əsrin 70-ci illərindəki qazıntılar zamanı aşkar edilib.
Tsin Şihuandinin məzarı heç açılmayıb və hələ də yerin altındadır. Mütəxəssislər hesab edirlər ki, iki min ildən artıqdır ki, oraya heç kim daxil olmayıb. İndi isə içəridə nə olduğu, o cümlədən potensial gizli otaq haqqında təsəvvür əldə etmək üçün onlar kosmik şüalar texnologiyasından istifadə etməyi - elementar hissəciklərdən, müonlardan istifadə edərək məzarın daxili hissəsinin şəklini çəkməyi təklif edirlər.
Nəşrin izah etdiyi kimi, müonlar kosmik şüalar yer atmosferindəki atomlarla toqquşduqda və rentgen şüaları kimi yerin səthinə düşərək bəzi materiallardan keçib digərlərində qaldıqda yaranır. Arxeoloqlar müon detektorları ilə yeraltı strukturların xəritəsini çıxara və qazıntı sahələrini axtara bilərlər. Belə texnologiyalardan artıq Misirdəki piramidaların, eləcə də müxtəlif vulkanların və mağaraların tədqiqində istifadə olunub.
"Böyük tarixə malik qədim sivilizasiya kimi Çində arxeoloji tədqiqatlar tələb edən çoxlu sayda mühüm mədəniyyət obyektləri var", - deyə Pekin Pedaqoji Universitetinin alimləri bildiriblər. Onların sözlərinə görə, imperator dəfnləri kimi böyük obyektlərin daxili quruluşunu təyin edərkən ənənəvi geofiziki tədqiqat metodları vasitəsilə içəriyə daxil olmaq imkanının öz məhdudiyyətləri var. Buna görə də bu cür işlərdə müon tomoqrafiyasının istifadəsi çox kömək edə bilər.
Tədqiqatçılar artıq mövcud olan arxeoloji məlumatlara əsaslanaraq məzarın maketini düzəldiblər və onun altına müon detektorları qoyublar. Çin alimlərinin yekun hesabatına görə, ilkin görüntülər imperatorun məzarının yeraltı hissəsinin öyrənilməsində texnologiyanın effektivliyini göstərib.
Miraslan