Bu qərar nəticəsində nağdsız ödənişlərin sayı artacaq, amma banklara da mənfi təsir edəcək
İqtisadiyyat
211
21:15, Bu gün

Bu qərar nəticəsində nağdsız ödənişlərin sayı artacaq, amma banklara da mənfi təsir edəcək

Tez-tez biznes subyektləri şikayət edirdi ki, bir tərəfdən qanunvericilik nağdsız ödəmələrin dövriyyəsinin artırılması üçün stimullaşdırıcı tədbirlər görür, vergi güzəştləri verir, amma digər tərəfdən müştərilər tərəfindən nağdsız ödəmələrlə bağlı sahibkarlardan banklar hər nağdsız ödəmədən 2.5%-dək bank komisyonu alır. Belə ki, müştəri pos terminal vasitəsilə 100 manat dəyərində mağazadan alış-veriş etdikdə həmin məbləğin 2.5 manatını pos terminal sahibi olan bank tutur və sahibkarın bank hesabına net 97.50 manat vəsait oturur.  Dövriyyənin 2.5%-i sahibkar üçün əlavə xərcdir. Bu səbəbdən vergi ödəyiciləri əhali ilə hesablaşma zamanı nağdsız qaydada ödənişi qəbul etməkdə maraqlı olmurlar. Pos terminal sahibi olan və vergi ödəyicilərindən 2.5% bank komisyonu tutan bank da həmin məbləğin müəyyən hissəsi ödəniş edilən kartı emitent edən banka xidmət haqqı (interçeynç haqqı) ödəyir. Bu interçeynç haqqının yüksək olması səbəbindən pos terminal sahibi olan bank vergi ödəyicisindən alınan 2.5% xidmət haqqını aşağı sala bilmir. 
 
Misal üzərindən interçeynç nədir?
 
Müştəri Kapital Bank kartı ilə geyim mağazasında PAŞA Bank POS-u üzərindən 100.00 manatlıq ödəniş edir. Bu zaman POS bankı (PAŞA Bank) bunun 2.5 manatını vergi ödəyicisindən tutur və onun 1.5 manatını vətəndaşa kartı verən banka (Kapital Banka) xidmət haqqı ödəyir. Buna interchange fee deyilir.
 
Artıq 01.06.2026-cı il tarixdən etibarən qüvvəyə minən Mərkəzi Bankın qərarına əsasən bank kartı ilə ödəniş zamanı banklar arasında bölüşdürülən komissiyanın (“interchange fee” / interçeynç haqqı) maksimum həddi tənzimlənir. 
 
Bundan sonra ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimidir:
 
1. “General” kateqoriyasına aid(bura aiddir geyim mağazaları, restoranlar, elektronika mağazaları, restoran və s.) MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0,75 faizi;
 
2. Drug Stores and Pharmacies" və "Grocery Stores and Supermarket" kateqoriyalarına aid( bura aiddir supermarketlər, apteklər) MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25 faizi;
 
3. "Petrol" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75 faizi;
 
4. Nəzərdə tutulmayan digər MCC kodlar üzrə(hotel, dövlət ödənişləri və s.) ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilmir.
 
Nəticədə bu qaydalar qüvvəyə mindikdən sonra Pos-terminal sahibi olan bank(bizim misalda Paşa Bank) vətəndaşa kartı verən banka (Kapital Bank) artıq 1.5%-ni deyil 0.75%-ni ödəniş edəcək. 
 
Bu qərar nəticəsində Pos-terminal sahibi olan banklar tərəfindən vergi ödəyicilərindən hər dəfə nağdsız ödənişlə bağlı aldığı xidmət haqqını aşağı salacaqdır ki, bu da sahibkarların xərclərini aşağı salacaq, bizneslər POS istifadə etməyə daha maraqlı olacaq, nağdsız ödənişlərin sayı artacaq.
 
Amma bu qərar banklara da mənfi təsir edəcək. Belə ki, əhali arasında daha çox istifadə edilən bank kartlarının sahibi olan bankların, xüsusilə də cashback verən, bonuz proqramları olan bankların gəlirləri azalacaq.
 
Anar Bayramov,
iqtisadçı ekspert
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər